44 günlük Vətən müharibəsi əsil vətənpərvərlik məktəbinə çevrildi
25 Fevral 2021 15:29 SosialAzərbaycan gəncinin vətənpərvər olmasına heç kim şübhə ilə yanaşa bilməz. 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycan gənci nə qədər Vətənə, torpağa bağlıdır. Canı, qanı ilə Vətəni qorumağa, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına cavabdehlik daşıyır. Elə də oldu, hər bir Azərbaycan gənci döyüş meydanına atılaraq işğal altında olan torpaqlarımızın azad olunması üçün canını fəda etməyə hazır olduğunu sübut etdi. Vətən müharibəsində şəhid olan, sağlamlığını itirən oğullarımız təkcə gənclərimiz üçün deyil, bütövlükdə Azərbaycan xalqı üçün unudulmaz qəhrəmana çevrildilər. Məhz gənclərimizin qəhərmanlığı, şücayəti nəticəsidə hazırda işğaldan azad olunmuş ərazilərimizdə hər birimiz üçün qürur mənbəyi olan Azərbaycan bayrağı dalğalanmaqdadır. Elə bu günlərdə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı İlham Əliyevin Laçın rayonunun Güləbird kəndində Azərbaycan bayrağını qaldırması fikrimizi bir daha təsdiq etmiş olur. Ali Baş Komandanın çıxışı zamanı söylədiyi fikirlər Azərbaycan gəncinin sözün əsil mənasında vətənpərvər olduğunu nümayiş etdirdi: " Vətən müharibəsinin çoxşaxəli əhəmiyyəti bundan ibarətdir - biz həm doğma torpaqlarımızı işğalçılardan azad etdik, düşməni torpaqlarımızdan qovduq, həm də ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. Bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini göstərdik, xalqımızın əyilməz ruhunu göstərdik. Eyni zamanda, ölkəmizin gələcəyi ilə bağlı strateji hədəflərə çatmaq üçün əməli addımlar ataraq önəmli sənədləri imzaladıq. Noyabrın 10-da imzalanmış Birgə Bəyanat, əlbəttə ki, Laçın, Kəlbəcər və Ağdam rayonunun qaytarılmasını təmin etdi, bir güllə atmadan biz bu torpaqlara qayıtdıq. Eyni zamanda, Azərbaycanın onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşməsi də məhz o Bəyanatda təsbit olunur. Həmçinin bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır".
Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarından biri də Həmidov Şükür Nəriman oğludur. 01 aprel 1975-ci ildə Qubadlı rayonunun, Armudlu kəndində anadan olmuşdur. Şükür Həmidov Qubadlı rayonunun Başarat kənd orta məktəbini 1990-cı ildə bitirmişdir. 1990-1993-cü ilərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 1993-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər məktəbinə daxil olmuş və həmin məktəbi 1995-ci ildə motoatıcı ixtisası üzrə bitirmişdir. Şükür Həmidov Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 25 iyun 2005-ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10 illik (1991-2001) Yubiley medalı", 25 iyun 2010-cu il tarixli əmri ilə "Qüsursuz xidmətə görə II dərəcəli" medalı və 24 iyun 2013-cü il tarixli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 95 illik (1918-2013) Yubiley" medalı ilə təltif edilmişdir. Aprel ayının əvvəlində "Lələ təpə" yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. 10 may 2016-cı il tarixində müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub və Şükür Həmidovla görüşüb. Müdafiə nazirinin əmri ilə polkovnik-leytenant Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə "Zəfər ordeni" ilə təltif edilmişdir. 22.10.2020-ci il tarixdə Qubadlı rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Bakı şəhəri 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir. Dəfndə Azərbaycan Respublikasının müdafiə naziri və digər hökumət nümayəndələri iştirak etmişdir. Dəfn zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev şəhidin atasına zəng edərək baş sağlığı vermişdir".
Vətən müharibəsində igidlik göstərərək şəhidlik zirvəsinə yüksələn gənclərimiz xeyli saydadır. Onların hər biri canını Vətən yolunda qurban veriblər ki, təki "Vətən sağ olsun". Məhz döyüşə qatılan hərbçilərimizin bu addımı gənclərimiz üçün vətənpərvərlik nümunəsi olmalıdır. Hər bir Azərbaycan gənci dərk etməlidir ki, Vətən onlara əmanətdir, torpaqlarımızın azad olunması onların qəhərəmanlığı hesabına başa gəlir. Dövlət başçısının qeyd etdiri kimi torpaqlarımızın işğaldan zad edilməsi hərbçilərimizin cəsarəti, qəhrəmanlığı hesabına başa gəldi: "Həyat göstərdi ki, biz güclü iradə, cəsarət göstərərək istədiyimizə nail ola bildik. Laçın rayonunu qaytarmaq fikirləri belə yox idi onların. Biz gəldiyim yolla gələrək, yol boyunca yerləşən bütün rayonları, kəndləri, şəhərləri azad edərək bax, buralara gəldik. Laçın rayonunun cənub hissəsini işğalçılardan azad etdik, Güləbird kəndini azad etdik. Burada Səfiyan və Türklər kəndləri yerləşir, onları da azad etdik və Laçın dəhlizinə nəzarət etmək üçün hərbi plasdarm yaratdıq və artıq Laçın dəhlizi atəşimiz altında idi. Faktiki olaraq bu istiqamətdən hərəkət edərək biz strateji əməliyyatlarımızı aparmışdıq. Eyni zamanda, əks tərəfdən - Xocavənd rayonundan Şuşa şəhərinə gedərək, dağlardan, dərələrdən keçərək uğurlu əməliyyat apara bilmişik. Laçın rayonunun bax, bu cənub hissəsi hərbi əməliyyat nəticəsində azad edilmişdir. Biz döyüş meydanında düşməni məğlub etdik və tarixi ədaləti bərpa etdik".
Ümumilli lider Heydər Əliyev vaxtilə qeyd etmişdi ki, Vətənpərvər gənclər yetişdirilməsi təkcə təhsil müəssisələrinin işi ilə bitmir: "Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik! Vətənpərvər gənclər yetişdirilməsi təkcə təhsil müəssisələrinin işi ilə bitmir. İlkin olaraq, ailədən başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam etdirilir, bütün cəmiyyətin, onun hər bir üzvünün əməlindəki müsbət nümunələrlə yetkinləşir". Hazırda isə Azərbaycan xalqı çoxəsrlik tarixinin şərəfli mərhələsini yaşayır, bütün dünya azərbaycanlıları təsvirəgəlməz qürur və sevinc hissləri keçirir. Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuzun 27 sentyabr 2020-ci il tarixdən başlanan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın mənfur qonşumuz Ermənistanın işğal altında saxladığı Qarabağı azad etməklə milli çağdaş tariximizə şanlı səhifə yazdı. Çağdaş tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan bu hərbi əməliyyat nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü təmin edildi. Təkcə bu fakt göstərdi ki, hər bir ölkənin həyatında mürəkkəb, böhran vaxtı, düşmənlə savaşda hamını birləşdirən, bütün səylərin mahiyyətini təzahür edən çağırışın çox böyük, əvəzedilməz əhəmiyyəti var. Məhz bu baxımdan vətənpərvər Azərbaycan gəncləri bundan sonra da Vətəni qorumağa hazır olmalıdırlar. Çünki, erməni xalqının xisləti deməyə əsas verir ki, əllərinə fürsət düşən kimi bizə qarşı namərdlik etməkdən çəkinməyəcəklər. Prezident İlhm Əliyevin qeyd etdiyi kimi heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın: "Bu, eyni zamanda, ona görə önəmlidir ki, bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik. Ermənistan ordusunu demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb. Özləri etiraf edirlər ki, müharibə zamanı onların 10 min fərarisi olubdur. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıbdır. Bu, xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür. Aparılan siyasətin təzahürüdür. Biz döyüş meydanında Qələbə qazandıq. Biz bu torpaqları vuruşaraq işğalçılardan azad etmişik. Ermənistanı məğlub edib məcbur etdik ki, noyabrın 10-da kapitulyasiya aktına imza atsın və Laçın, Kəlbəcər, Ağdam rayonlarını məcbur olub bizə qaytarsın. Çünki danışıqlar zamanı heç vaxt Laçın və Kəlbəcər rayonlarını bizə qaytarmaq istəmirdi. Danışıqlarda razılığa gəlməməsinin əsas səbəbi də məhz bunda idi. Əfsuslar olsun ki, Ermənistanın və onun bəzi xarici havadarlarının mövqeyi ondan ibarət idi ki, beş rayon Azərbaycana qaytarılsın, Azərbaycan bununla kifayətlənsin və Dağlıq Qarabağa nə vaxtsa müstəqillik verilsin, Kəlbəcər və Laçın rayonları Ermənistanın əbədi nəzarəti altında qalsın. Mən bu təklifi rədd etdim".
Sözün həqiqi mənasında 44 günlük Vətən müharibəsi əsil vətənpərvərlik nümunəsinə çevrildi. Ölkəmizin sosial-iqtisadi cəhətdən davamlı və dinamik inkişafı, regionda aparıcı dövlətə çevrilməsi, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin Vətənimizin tərəqqisi, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun durmadan yüksəldilməsi, 30 ilə yaxın müddətdə işğal altında qalan doğma Qarabağın işğaldan azad olunması istiqamətində möhtəşəm fəaliyyətləri hər bir vətəndaşımız, yetişməkdə olan hər bir gəncimiz üçün böyük vətənpərvərlik nümunəsi, vətənpərvərlik məktəbidir. Ali Baş Komandan, Prezident İlham Əliyevin işğaldan azad olunmuş Qarabağın rayonlarına səfərləri, möhtəşəm Xudafərin körpüsü üzərində, Qarabağ şəhərlərində müqəddəs üçrəngli Azərbaycan bayrağı önündə diz çökərək onu öpüb yüksəkliyə qaldırması hər bir azərbaycanlının iftixar etdiyi əsl vətəndaşlıq, əsl vətənpərvərlik örnəyidir.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir