Sahibkarlar daha bir il yoxlamaya məruz qalmayacaqlar
25 Fevral 2021 14:57 Sosial"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna təklif edilən dəyişiklik layihəsi Milli Məclisin sonuncu plenar iclasında ikinci oxunuşda qəbul olundu. Qeyd etmək istərdim ki, icazə verilən yoxlamalar istisna olunmaqla sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin daha bir il - 2022-ci il yanvarın 1-dək uzadılması nəzərdə tutulur". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla bu müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar davam etdirilə bilər: "Əlavə olaraq "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalara icazə verilir. Digər mühüm məqam yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsidir. Yəni, yoxlamaların qadağan edildiyi müddət bitdikdən sonra sahibkarın yoxlamaların qadağan edildiyi dövr üçün fəaliyyəti yoxlanılmayacaq. Təbii ki, bu zaman icazə verilən yoxlamalar üzrə fəaliyyətlər istisna ediləcək. Dəyişiliklər Milli Məclis tərəfindən üçüncü oxunuşda qəbul olunduqdan və Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək".