DÜNYA HƏLƏ ÇOX MÖCÜZƏLƏRİMİZƏ ŞAHİDLİK EDƏCƏK
2 Fevral 2021 21:06 SosialOnun hər bir kəlməsi, hər bir fikri bizim üçün qiymətlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə xalqın bəslədiyi böyük məhəbbətə, ehtirama ancaq qibtə etmək olar. Hər zaman söylədikləri həqiqətə çevrilib, gedəcəyimiz yolu işıqlandırıb. Nə deyib, əməl edib. Necə ürəklə söyləyirdi ki, qaçqın- köçkün sözünü tamamilə leksikonumuzdan çıxaracağam. Çıxardı da. Söyləyirdi ki, ərazilərimizdə ikinci bir erməni dövlətinin yaranması ola bilməz. Olmadı da. Cənab Prezidentimizin bu günlərdə Azərbaycan Televiziyasına verdiyi müsahibə niyəsə yadıma Fikrət Qocanın Ulu öndərə xitabla yazdığı bu şerini saldı:
Ey göydəki elçim,
Yanır içim
Nə qədər düşündüm, ölçüb-biçim.
Ulu öndər,
Ya da oğlunu göndər
Zaman üçün
Odur seçim.
Hər dərdimizin əlacı olacaq
Oğlun üçün ağrılı, çətin olacaq
Amma özü başımızın tacı olacaq
Yaradana çatdır
Arzumuzu orda yaxından
Yoxsa əl çəkən deyilik yaxandan
Bəli, hər vaxt yanımızda görmək istədiyimiz cənab Prezidentdir.
Ölkə başçısının Azərbaycan Televiziyasına verdiyi müsahibə əslində daha xoşbəxt gələcəyimizin yaxında olduğu günü göstərir, qarşıda duran məsələlərin həlli yollarından danışır.
Vətən müharibəsi dövründə erməni işğalından azad edilən torpaqlarla bağlı erməni vandalizmi ilə bağlı verilən sualına cavabı çox ürəyimcə oldu. Yenə də çox mətləblərə aydınlıq gətirdi cənab Prezidentimiz:
- Ermənistan bizim torpaqlarımızı zəbt edərkən bütün infrastrukturu dağıdıb. Mən Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Şuşa şəhərində olmuşam. Ağdam şəhəri tamamilə dağıdılıb. Bir dənə də salamat bina yoxdur... Yolboyunca kəndlərdə bir dənə də salamat bina yoxdur. Beynəlxalq təşkilatların o bölgələrdə olan nümayəndələri də bunun üstünü örtürdülər.
Məhz törədilən bu vəhşiliklərə diqqəti cəlb etmək üçün ölkə başçısı bu yerlərə jurnalistləri, diplomatik korpusun nümayəndələrini dəvət edirdi. Əlbəttə, bu çox işlərdən xəbərsiz olan dünya içtimaiyyətinin gözünü açmağa xidmət edirdi. Elə ona görə də cənab Prezident qeyd edir ki, daha da böyük sayda dəvət etməliyik ki, hər kəs görsün biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini məhv etmişik. Biz bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı Qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır.
Xalqımız yaxşı bilir ki, Azərbaycan Prezidenti praqmatik siyasətçidir. Nə gözəl ki, heç zaman populist vədlər verməyib, çıxışlarında ancaq reallıqlara əsaslanıb. Müsahibədə deyilir:
-Onlar hesab edirdilər ki, bütün evlər yerlə-yeksan edilərsə, azərbaycanlılar o torpaqlara qayıtmayacaqlar. Ermənilər hesab etmirdilr ki, Azərbaycan o faciədən sonra ayağa dura biləcək, möhkəmlənə biləcək, zəngin təbii ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edib ölkəmizi inkişaf etdirə biləcək, bu torpaqları, əraziləri bərpa edə biləcək. Xocalı soyqrımı, günahsız insanların öldürülməsi, dinc əhaliyə qarşı qəddarlıq bu faşizmin təzahürüdür. Ürəklərində düşmənçilik toxumları həmişə var idi. Azərbaycan onların belini qırıb, onların başını əzib, onların ordusunu məhv edib, onların ideologiyasını məhv edib, illər boyunca, onilliklər boyunca onların yetişdirdikləri ideoloji əsasları məhv edib.
Maddi -mənəvi, tarixi dəyərlərimizi ermənilər tərəfindən məhv edilməsini önə çəkən Prezidentimiz deir: -Bülbülün, Natəvanın, Üzeyir Hacıbəyovun büstlərini gülləbaran etmək üçün gərək adamın ürəyində nə qədər nifrət olsun, nə qədər düşmənçilik olsun, özü də kimə? O xalqa ki, sənə burada yer verib. Sən burada yuva salmısan. Sənin üçün yad olan torpağa, Qarabağa köçürülmüsən, Anadoludan, İrandan köçürülmüsən, gəlmisən, sənə burada qucaq açıb Azərbaycan xalqı, çörək verib. Sən çox sağ ol əvəzinə, 1992-93-cü illərdə bütün binaları dağıdırsan, məscidləri dağıdırsan, təhqir edirsən.
Bu məqamda yada salmaq yerinə düşər ki, Ermənistanın işğalın davam etdiyi üç onillik ərzində sərgilədiyi əməllər həmişə humanizmdən uzaq olub.
Üç onillik ərzində düşmən işğal altında saxladığı ərazilərimizdə ağlasığmaz vandalizm əməlləri törədib, bir vaxtlar çox inkişaf etmiş şəhərlərimizi, kəndlərimizi dağıdaraq yerlə-yeksan edib.
Ölkə başcımız müsahibədə çox haqlı olaraq göstərir ki, müasir dünya ikinci belə vəhşilik görməmişdir. Əliyalın insanları yandırıblar, öldürüblər, uşaqları yandırıblar. Bütün binaları, məscidlərimizi dağıdıblar. Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyanı məhv etdik. İllər keçdikcə bu tarixi xidmətlər dünya tərəfindən daha da dolğun şəkildə dərk ediləcək. O cümlədən, erməni xalqı vaxt keçəcək, bizə minnətdar olacaq ki, onları bu bəladan xilas etmək istədik.
Müsahibədən də görünür ki, Azərbaycan öz inamlı addımlarını daha da artıracaq, sözün əsl mənasında yaratdığı xaruqələrlə bütün dünyanı heyran qoyacaqdır.
Şuşamız haqqında isə daha məhəbbətlə danışır Prezidentimiz:
- Orada insan üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq . Hər şey planlı və əsaslı şəkildə olmalıdır. Mən əminəm ki, biz buna nail olacağıq. Biz hamımız istəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin.
Xalqımız bütün gözləntilərimizin həyata keçəcəyinə inanır, öz gücü, həyata keçirdiyi əməlləri, yürütdüyü siyasət ilə hələ çox möcüzələr yaradacaq Prezidentimizlə qürur duyur.
Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti