Millət vəkilindən etiraz: “Mən bunu çox tələskən və ciddi əsası olmayan addım kimi qiymətləndirirəm”
1 Fevral 2021 14:14 SosialMilli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev bu gün brifinq keçirilib. "Olaylar" xəbər verir ki, R.Nurullayev brifinqdə çıxışı zamanı bir neçə məsələyə toxunub: "Müharibə iştirakçıları, o cümlədən yaralılar həkim komissiyaları tərəfindən ciddi şəkildə incidilir. Əlillik dərəcəsi almaq üçün müraciət edən yaralılar və valideynləri qapılarda, küçələrdə, hərbi hissələrin qapısında qalıb və özlərini alçaldılmış hiss edirlər. Boynumuza almalıyıq ki, birinci Qarabağ müharibəsində canını qoymuş yüzlərlə igid döyüşçülərimiz və müharibə iştirakçılarımız hələ də haqq etdikləri müharibə veteranı biletini ala bilməyiblər. Amma, qoy məndən inciməsinlər, həqiqət naminə deməliyəm ki, bu gün cibində saxta bilet gəzdirən minlərlə insan var. Bəzi dövlət qurumları təsdiq edir ki, onların sayı on minlərlə ölçülür. Bu daha keçmişdir. Amma, o saxta keçmişi kim və necə yaradıbsa, əslində hər kəsə məlumdur".
R.Nurullayev əlavə edib ki, indi zəfər qazanıb gələn müharibə iştirakçılarına həkimlər və həkim komissiyaları daha ciddi və həssas yanaşmalıdır: "Onları Musa Peyğəmbər öz qövmünü 40 il səhrada gəzdirdiyi kimi sərgərdan gəzdirmək yolverilməzdir. Kağızını, sənədini verin getsinlər. Bir əsgər və valideyni niyə müharibə iştirakçısı sənədini almaq üçün yüz km-lərlə yol gedib kimlərinsə bığının altından keçməlidir? Hərbi komissarlıqlar var, dövlətin sistemi var, kompüteri var, elektron xidmətləri var. Bu yazıq əsgər və zabitlər, müharibə iştirakçıları niyə əsir-yesir edilir? Mən biu məsələlərin qətiyyətlə araşdırılmasını və lazımı tədbirlər görülməsini tələb edirəm".
Razi Nurullayev brifinqdə son gün gündəmdə olan bahalaşma ilə bağlı da çıxış edib: "Benzin qalxdı, çünki dünyanın pulunu qazanan SOCAR dövlətdən dotasiya alır, AZAL dotasiya ilə yaşayır, amma milyardlarla dəyəri olan layihələr edir, yüz milyonlarla borc alır, xərcləyir. Milli Bank 450 milyona bina tikir, sadə işçilər də balaca əməkhaqlarından fondlara pul köçürürlər. Amma, o binanın tikilməməsi üçün əlimdən gələni edəcəm. Xalqın təkidi isə fikrimi dəyişdirdi. Xeyr, biz xalqın pulu ilə özlərinə obyekt tikənləri, büdcəni talayanları, neftin pullarını şəxsi vəsaiti kimi xərcləyənləri, hava məkanını zəbt edənləri, dövlətin büdcəsindən şəxsi obyektlərinin kreditini ödədənləri buradan çıxarmalıyıq. Mən prezident İlham Əliyevin bu siyasəti dəstəklədiyinə inanmıram və inana da bilmərəm. Prezidentə az yalanlar söyləyin, yalan əsaslandırmalar etməyin, rəhbəri zərbə altında qoymayın. Hər şey aşkara çıxacaq, çıxardacağıq. Suyun da qiyməti qalxdı. Qorxuram ki, növbəti qazın qiyməti qalxar. Arxasınca da elektrik. Mən bunu çox tələskən və ciddi əsası olmayan addım kimi qiymətləndirirəm. Ölkə müharibədən çıxıbsa, xalq da müharibədən çıxıb və pandemiya içində yaşamqda davam edir. Problem ondadır ki, əsaslandırma Avropa qiymətləri ilə aparılır. Sosial xidmətlər Avropa qiymətidir, əməkhaqları, qazanc və güzəran isə azərbaycansayağı. Məgər xalq avropalılar kimi yaşayır?"