Dövlətə iş görən, yüyürməyi bacaran, qorxmaz, cəsur, fədakar və vətənpərvər "kəntalılar" lazımdır Jalə Mütəllimova-Seyidli yazır

Jalə Mütəllimova

Qəribədir, arxivdən naftalin qoxulu, qoca, biabırçı, ifləmiş siyasətçiləri dartıb, tapıb çıxarırlar. Qalan sahələrdə deyirlər ki, kadroloji qıtlıq var. Həm də o kökdü, bu yaxşı geyinmir, bu biri də kəntalıdır. O şərab içmir, bu siqar çəkmir. Onun qıçı əyridi, bunu boyu balacadı və sair. Jurnalistikaya da bu standartla yanaşanlar var.

Cənablar, qıtlıq falan yoxdur. Istəyib, istəməmək var. Həsəd var, qorxu var, düzgün olmayan təqdimat var. Təpəsinə and içdiyiniz Lari Kinq çox yaraşıqsız adam idi. Hələ dövlət başçısı ilə müsahibəyə gələn qadın jurnalistləri demirəm. Çoxmu yaraşıqlı, fiquralı, bəzəkli idilər? Özü də siz bir-iki illik yaşayıb, oxuduğunuz yerlər, ölkələr onların daimi vətənidir. Yəni sizin əlçatmaz bildiyiniz, onlar üçün heç nədir, ayaqlarının altıdır. Onlar üçün lazım olan standart, dövlətin uzun illər var olması və buna görə arı kimi çalışmaqdır. Dövlətini və onun maraqlarını qorumaqdır vacib olan. Bu ciddi savaşda kimin hansı fiqurada olması və ya brend geyinib, geyinməməsinin önəmli deyil. Önəmli olan dövlətçi, millətçi, peşəkar olmaqdır. Odur ki, bu fiqura, ətir, dil standartı qədər gülüc nəsə görmədim düzü. Bizi ələ salır dünya, bu standartı hamı görür.

Üstəlik onu da deyim ki, seçib cici dedikləriniz xaricdə onların, elə bəzi burda olan, öz dilində danışanların da əlinə su tökməyə belə yaramır. Indi gəl ki, arıqdı, incədi, dəblidi də zalım balası...

...Bir də adamlara kəntalı, kök və ya arıq deyib qiymətləndirmək olmaz. Bəlkə yaraşıqsızdır, kasıblıqdan yaxşı geyinə, ora-burasına yaxşı qulluq edə bilmir kimsə. O da olar ki, ingiliscə, rusca anekdot da çırtlamır. Amma bu gün, bu ölkə üçün prioritet bu deyil. Prioritet o ki, Məmmədhəsən əmi, Fatma xala da anlamalıdır, dünya dəyişir və harasa gedir. Ölkə içi düzəlməlidir. Yəni palazımızın altı təmiz olmalıdır. Hə, olar deyərsiniz kimdir Fatma xala, Məmmədhəsən əmi? Orduya üç oğul verən. Balasını şəhid verən. Dövlət ayaqda dursun deyə, zülümlə qazandığından vergi ödəyən. Dövlətinə qarşı siyasi üsyanlardan qaçan. Ona hər şeyini fəda etməyə hazır, min bir əziyyət çəkən, amma sizin öz aranızda "kəntalı" dediklərinizdir onlar. Adamları görünüşə görə qəbullanmaq olar, amma hər yerdən ağlına görə yolçu edərlər. Bir də millətin mental standartı var. Ingiltərə, Almaniya, Fransa, Rusiya, Amerikada oxumaq gen, qan dəyişmir. Fərqli göz verə bilər, o da dövlətinə, millətinə baxanda onu ələ salmaq üçün yox, onun balalarını da olduğun yerə, yola darta bilmək, savadlı etmək üçün. Yoxsa o göz də elə bir şey deyil vallah. Əslinə gəldikdə. Inciməyin, ey, hamının dədəsi haradasa elə Məmmədhəsən əmi, Fatma xaladır, fransız, alman, ingilis, hindu kökənli amerikali və ra rus deyil. Inanmırsınız? Allah haqqı düz deyirəm. Tələsməyin, çox keçməz, iynəli qız dediyiniz adamın, yəni mənim, həqiqəti söylədiyindən mütləq əmin olarsınız. Yaraşığını güdən adam bahalı vitrin qabı kimidir. Bircə dəfə yerə dəydimi, parçalanacaq. Dövlətə belə "zəriflik", "gözəllik", altı təzək üstü bəzək, yaraşıq lazım deyil. Iş görən, yüyürməyi bacaran, qorxmaz, cəsur, fədakat və vətənpərvər "kəntalılar" lazımdır.

P.S. Mən də toppuşam, vətənpərvərəm, həm də "kəntalı"))...

P.P.S. Hə, bir də düz söz acı olar. Sevgi ilə deyilən söz bəzən ağladar. Yəni inciməyin, bu acı həqiqəti yazmağımdan. Sizi də, dövlətini də sevən biri bunu üzünüzə deməlidir. Bəlkə faydası oldu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31