Media rəhbərləri YAŞAT-a görə bir araya gəldi - FOTO
29 Yanvar 2021 21:32 SosialYAŞAT Fondunun fəaliyyəti ilə bağlı bir qrup media rəhbərinin Fondun təşkili və vəsaitlərinin idarə olunmasını həyata keçirən ASAN Xidmət-in rəhbəri Ülvi Mehdiyevlə görüşü keçirilib.
Olaylar.az xəbər verir ki, görüşdə Ülvi Mehdiyev fondun gördüyü işlərlə bağlı media rəhbərlərini məlumatlandırıb, YAŞAT saytının şəffaf, hesabatlı sturukturu nümayiş olunub.

Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.Həmçinin Fond Fərmanla müəyyən edilmiş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə təsis olunub.

"YAŞAT" Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.
"ASAN xidmət"in bütün rayonlar üzrə ayrılmış qrupları tərəfindən şəhid ailələrinə dair müvafiq məlumatlar tam toplanıb. Vətən müharibəsində yaralananlarla bağlı müraciətlər isə elektron qaydada Fondun rəsmi internet səhifəsi üzərindən qəbul edilir.
Qeydiyyat zamanı yaranan çətinlikləri aradan qaldırmaq, suallara aydınlıq gətirmək məqsədi ilə Fondun 8110 "Çağrı" Mərkəzi fəaliyyət göstərir.

Eyni zamanda "YAŞAT" Fonduna SMS vasitəsilə ianə etmək imkanı yaradılıb. Bütün mobil operatorlardan 8110 qısa nömrəsinə SMS göndərməklə Fonda 1 AZN-dən 50 AZN-dək ianə etmək mümkündür. SMS-in mətnində 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla müvafiq olaraq, 1AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN ianə etmək olar.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
