YAP Ağdaş rayon təşkilatının yaradılmasının 26-cı ildönümü qeyd olunub - FOTO
29 Yanvar 2021 19:11 SosialAğdaş rayonunda Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının yaranmasının 26-cı ildönümü münasibətilə keçirilən tədbirlər davam edir.
Yanvarın 29-da YAP Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov və bir qrup partiya fəalı Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.
Keçirilən növbəti tədbir ağacəkmə aksiyası olub. Ölkə Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işi Ağdaş rayonunda da uğurla həyata keçirilir. YAP Ağdaş rayon təşkilatı da müntəzəm olaraq bu işə öz töhfəsini verir. Rayon təşkilatının təşəbbüsü ilə Ağdaş-Ləki avtomobil yolunun 1-2-ci kilometrliyində keçirilən ağacəkmə aksiyasında rayon təşkilatının sədri Cavid Osmanov, Gənclər Birliyinin fəalları və könüllüləri iştirak ediblər. Ekoloji mühitin sağlamlaşdırılması, ictimaiyyətin diqqətinin ətraf mühitin və yaşıllıq zolaqlarının qorunmasına yönəldilməsi məqsədilə həyata keçirilən aksiyada müxtəlif növ ağaclar əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Tədbirlər planına uyğun olaraq rayon təşkilatı tərəfindən bu cür aksiyaların Ağdaş rayonunun ərazisində keçirilməsi davam etdiriləcək.
"İki sahil"

