Dayə seçən analar nələrə diqqət etməlidir? ŞƏRH

Son zamanlar işləyən qadınların sayının artması onların  uşaq saxlamaq kimi işlərdə dayələrə üz tutmasına səbəb olur. Bəzən valideynlər düzgün dayə seçə bilmədiklərindən bir müddət sonra problemlə rastlaşırlar. Nəticədə düzgün dayəni tapana qədər bir neçəsini dəyişirlər. Əgər bu valideynlərə vaxt və müəyyən qədər pul itkisi deməkdirsə, həmin dayə ilə vaxt keçirən uşaq üçün psixoloji problem deməkdir. Çünki o yeni dayəyə alışmağa çalışarkən onun başqa biri ilə əvəzlənməsi uşaqda psixoloji sarsıntılara səbəb ola bilər.

Bəs övladlarımızı əmanət  edəcəyimiz dayələri doğru seçmək  üçün hansı məlumatları  bilməliyik?

"İki sahil" dayələr haqqında bilməli olduğunuz ən vacib məqamları təqdim edir:

"Dayə seçən analar əslində,  kriteriyaları özlərinə görə təyin edirlər. Təəssüflə qeyd etməliyik ki, bu gün ölkəmizdə dayəliyin hər hansı bir təhsil ocağı, peşə məktəbi olmadığına görə, qadın olaraq uşaq dünyaya gətirdikdə potensial olaraq özümüzü dayə kadrı kimi  görürük. Bunun üçün də analar dayə seçərkən referans olaraq qohum, tanış, rəfiqə kimi faktorlardan istifadə edirlər. Yəni, onların təqdimatı əsasında müəyyənləşdirirlər ki, namizəd  yaxşı xanımdır, görünüşcə dayəlik profilinə uyğundur, səbrlidir və s. Amma, hər bir ana uşağın düzgün, travmasız şəxsiyyət kimi yetişdirilməyindən mütləqdir ki, dayənin kriteriyalarını mütəxəssislərin təyinatına əmanət etməlidir."

Bu fikirləri "Alo dayə"şirkətinin təsisçisi Ülkər Nəcməddinova söyləyib.

Bu statusa uyğun xanımların mütləq özəlliklərindən biri də  uşaq profili üzərində davamlı inkişaf etməlidir

Ekspert vurğulayıb ki, dayə seçən analar ilk olaraq, dayənin uşaq profilinə uyğun olub-olmaması haqqında bir mütəxəssis rəyi almalıdır: "Azərbaycanda dayələri valideynlər seçdiyinə görə, bəzən emosiyalarına yenik düşə bilərlər. Bəzən də referansı olan dayələr işlərini çox möhtəşəm görə bilər. Bunu sığortalamaq üçün hər bir dayə ilkin olaraq psixoloji müayinədən keçməli, fiziki əmək qabiliyyətinin psixoloji durumunun hansı səviyyədə olmasını psixoloqlar  və yaxud da psixonevroloqlar   tərəfindən təyin edilməlidir. Daha sonra namizədin şəxsiyyət xarakteristikasına baxmaq lazımdır. Çünki bir ana övladını dayənin əmanətinə verməklə təkcə uşağının baxımını deyil, gələcəkdəki mövqeyini, şəxsiyyət kimi formalaşmasını, nitq qabiliyyətini, psixoloji inkişafını, fizioloji inkişafını da əmanət edir. Buna görə də dayə seçərkən diqqət etməli olduğumuz başlıca nüanslardan biri dayənin xarakteristikasında olan özəlliklərə diqqət etməkdir. Belə ki, aktiv, gülərüz, pozitiv, situasiyanı həmin anda idarə edə bilən, uşaq kaprizlərinə qarşı  səbrlilik göstərə bilən namizədləri dayə profilinə uyğun xanımlar adlandıra bilərik . Bu statusa uyğun xanımların mütləq özəlliklərindən biri də  uşaq profili üzərində davamlı inkişaf etməlidir. Əgər bir xanım özünü uşaq profili üzərində işlədiyi uşağın yaş kateqoriyasına görə inkişaf etdirmirsə,  bu o deməkdir ki, son olan yeniliklərdən, uşaqların sosial bacarıqlarından nələri bilməli və nələri öyrənməlidir haqqında xəbərsiz olacaq."

Pandemiya dönəmində dayələr uşaqların öyrənmə bacarıqlarının itməməsi üçün maksimum fiziksəl və psixoloji onları aktiv saxlamalıdırlar

Həmsöhbətimizin sözlərinə görə, bildiyiniz kimi, bir ilə yaxındır ki, COVID-19-la mübarizəyə görə, bağçalar, məktəblər və kurslar bağlıdır. Təbii ki, belə olduqda dayələrin üzərinə düşən məsuliyyət ikiqat artır. Belə ki, dayələr daha çox evdə aktivitələrin olacağı, əl əməklərinin,  zehinsəl oyunların  artacağı iş rejimində  çalışırlar. Bu dönəmlərdə dayə bağçanı evə gətirməyi bacarmalıdır. Əgər uşağın fiziki fəaliyyəti ləngiyərsə, bu psixolojiyə də  çox böyük travmalar  vura bilər. Bir uşaq televizor qarşısında, planşet telefon qarşısında çox vaxt keçirdərsə həmin uşağında fiziksəl belə travmaları yarana bilər.  Ona görə də mütəxəssislər qeyd edir ki, pandemiya ilə mübarizə dönəmində maksimum dərəcədə uşaqlarda hobbinin  formalaşdırılmasında dayə  bütün potensialını ortaya qoymalıdır. Həmin metodika əsasında uşaqların psixologiyası sakit, hüzrlu, oyun və əyləncə dolu olması, baş verən bu izolyasiyadan maksimum dərəcədə az travma almaları üçün oyundan və zehinsəl fəaliyyətdən ibarət olan bir qrafik formalaşdırmalıdırlar.

 "İki sahil"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31