“Forbes”: Rusiyada icarəçilərin gəlirləri dramatik şəkildə azalıb - FOTO
29 Yanvar 2021 18:51 SosialMəşhur "Forbes" jurnalı Rusiyanın icarəçi şirkətlərinin ən son reytinqini təqdim edib.
Olaylar.az xəbər verir ki, "Forbes"in reytinqində iştirak edən icarəçilərin gəlirləri indiyədək heç vaxt bu dərəcədə dramatik şəkildə aşağı düşməmişdi. 2019-cu ildə icarəçilər kommersiya xarakterli daşınmaz əmlaka görə 7,7 milyard dollar, 2020-ci ildə 5,8 milyard dollar əldə ediblər. Gəlirlərdə 24 % mənfi tendensiya müşahidə edilib. Bu başa düşüləndir: bir neçə aydır ölkədə ticarət mərkəzləri işləmir, otellərin iş nisbəti minimum 10% səviyyəsinə düşüb, məsafədən işləmə biznes mərkəzlərinin və ticarət mərkəzlərinin sahiblərini pis vəziyyətdə qoyub. Bunun əksinə olaraq, ötən il anbar sahibləri daha yaxşı pul qazana biliblər. Onlayn biznesin böyüməsi bu obyektlərə marağı artırıb.
Pərakəndə küçə satışında da vəziyyət ürəkaçan olmayıb. Moskvada daha çox keçidlər, turistlərdən gəlir əldə edən küçələrdə yerləşən obyektlər böyük zərərlə üzləşib.
Ötən il olduğu kimi, bu il də sözügedən reytinqdə Qod Nisanov və Zarah İliyevə məxsus "Kievskaya ploşad" şirkəti birinci yerdə qərarlaşıb. Qeyd edək ki, hər iki iş adamı Azərbaycan əsillidir.
"Forbes"ə görə, bütün bunlara baxmayaraq, ticari mülk sahibləri bu çətin pandemiya ilini gözləniləndən daha yaxşı keçiriblər. Banklar bu işdə sahibkarlara kömək etdi. Bildirilir ki, banklar arasında borcalanlar üçün, ilk növbədə böyük icarələr və genişmiqyaslı, uğurlu kommersiya layihələri üçün rəqabət artır.
"İki sahil"