Agentlik “Alo Karyera” məlumatlandırma xidməti yaradır
21 Yanvar 2021 14:40 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi pandemiya dövründə peşəyönümü məsləhət xidmətlərinin hədəf qruplarına daha əlçatan olması üçün "Alo Karyera" məlumatlandırma xidməti yaradır. "Olaylar" xəbər verir ki, Agentliyin yerli qurumlarına müraciət etmiş şəxslərə "Alo Karyera" vasitəsilə onlayn və çağrı mərkəzi üzərindən operativ şəkildə peşəyönümü məsləhət xidmətləri göstəriləcək.
Bu xidmətlərə: karyera planlaması, məqsədlərin təyin olunması, ixtisas seçimi, əmək bazarı və iş axtarışı, rezümelərin hazırlanması, müsahibəyə hazırlıq və s. ilə bağlı məlumat və tövsiyələrin verilməsi, bu sahələrdə zəruri köməkliyin göstərilməsi daxildir. Peşəyönümü məsləhət xidmətlərindən yararlanmaq istəyən şəxslər online platforma vasitəsilə Agentliyin mütəxəssisləri ilə görüşə və ya çağrı mərkəzi ilə əlaqə saxlayaraq suallarını ünvanlaya biləcək. "Alo Karyera" məlumatlandırma xidmətinin fevral ayında fəaliyyətə başlaması planlaşdırılır.