Şəhidlik Zirvədir!...
21 Yanvar 2021 15:40 SosialHeç kəsə sirr deyil ki, kökü bilinməyən ermənilər daim Azərbaycana qarşı ərazi iddiasında olmuşlar. SSRİ dövründə Azərbaycanın əsil tarixi, dəfələrlə müxtəlif ölkələr tərəfindən həmlələrə məruz qalması gizlədilsə də, əməli saleh, vətənpərvər insanlar tərəfindən arxivlərdə məqsədyönlü şəkildə saxlanılan həqiqi faktları sübut edən sənədlərin, eyni zamanda yazıçıların üstüörtülü şəkildə yazdıqları əsərlərin mahiyyəti vasitəsilə tariximizin həqiqətləri olduğu kimi aşkarlanır. Tarix isə, daim təkrarlanır...
1980-cı ilin sonundan 1994-cü ilin may ayına qədər cənub-qərbi Azərbaycanda yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikasının və digər başqa ölkələrin dəstəyi ilə Qarabağın etnik ermənilərinin əksər hissəsi Azərbaycan Respublikasına qarşı çıxaraq, ərazi münaqişəsi yaratmışlar. Bununla da, Ermənistanla Azərbaycan arasında uzun sürən , elan olunmamış müharibə başlanmışdır. SSRİ dövlətinin dağılması nəticəsində münaqişələr artmış və müharibənin şiddətlənməsinə səbəb olmuşdur.
Bu danılmaz faktdır ki, mənfur ermənilər uzun illər boyu məkrli işlərini həyata keçirmək məqsədilə hazırlaşmış, kimlərinsə yardımı ilə silahlanaraq döyüş sursatları, avadanlıqları ilə təmin olunmuş və yırtıcı xislətli bir ordu yaratmışlar.
Hələ 1918-ci ilin iyun ayının 26-da Azərbaycan Respublikasının Nazirlər Şurasının qərarı ilə Şərqin müsəlman aləminin ilk demokratik hakimiyyətinin öz ordusu olan ilk müntəzəm hərbi hissə-əlahiddə Azərbaycan korpusu yaransa da, 1920-ci ilin aprelində, Azərbaycan işğal olunduqdan sonra milli ordu ləğv olunmuşdur. Həmişə özü yeməyib qonağına yedirdən, ən yaxşı yerləri, vəzifələri qonşuyla bölüşən, saf niyyətli Azərbaycan xalqı hazırlıqsız, təlimsiz, Ordusuz, az döyüş sursatları olduğu halda, doğma torpağını qorumaq üçün könüllülərdən ibarət dəstə yaradaraq əsgərlərə qoşulmuş, qəhrəmancasına döyüşsələr də bərabər olmayan gücün qurbanına çevrilərək, həm torpaq, həm insan itkisinə məruz qalmışlar.
Qaniçən düşmən isə uşaq, cavan, qoca, qadın bilmədən vəhşiliklərini sübuta yetirmişlər. Bununla da neçə-neçə qurbanları, qaçqın və köçkünləri olan Azərbaycan 30 ilə yaxın Qarabağının da həsrətlisinə çevrilmişdir.
"Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir!"- söyləyən, əbədiyaşarlığını sağlığındakı əməlləri ilə qazanan ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də ikinci dəfə hakimiyyətə qayıdışı ilə həmin il Ordu quruculuğu yarandı. Qısa müddət ərzində Füzuli və Ağdam rayonunun bir sıra yaşayış məntəqələri işğaldan azad edildi. Bunu görən düşmən havadarlarına arxalanaraq, 1994-cü ildə hücum əməliyyatına başlasa da Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətində Azərbaycan Ordusunun müqaviməti ilə qarşılaşaraq atəşkəsə razılıq verməyə məcbur oldu.
Ancaq buna baxmayaraq sərhəd bölgələrində tez-tez düşmən tərəfəndən atəşkəs pozulur, yeni-yeni şəhidlərimiz olurdu. Düşmənə layiqli cavablar verilsə də, sakitləşmək bilmirdi.
"Aprel döyüşləri" zamanı sarsıdıcı zərbələr alan düşmən getdikcə daha da azğınlaşdı. 2020-ci il iyul ayının 20-də yeni ərazi iddiası ilə Tovuz rayonunun sərhədlərini atəşə tutmağa başladı. Neçə-neçə əsgərimiz, hərbçimiz, polkovnik və generalımızın şəhid olduğu Tavuş mərzi və Tovuz rayonu əraziləri boyunca başlayan döyüşlərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bircə çağırışı ilə minlərlə gəncimiz könüllü olaraq döyüşlərə qatılmaq üçün qeydiyyatdan keçdi. Beləliklə, 2020-ci il sentyabr ayının 27-də II Qarabağ müharibəsi başladı...
Analar "Oğul düşmən çəpəridir, Vətənini qorumalıdır"- deyərək övladlarını böyük ruh yüksəkliyi ilə torpaqlarımız uğrunda döyüşə yola saldılar. Minlərlə vətən qeyrətli qəlbə malik olan belə analardan biri Tənzilə xanım da yeganə oğul övladı olan Rəşidi vətənə əmanət etdi.
Rəşid Pərviz oğlu Həmidov 1999-cu il sentyabr ayının 19-da Siyəzən şəhərində anadan olmuş, 2007-ci ildən 2016-cı ilədək Siyəzən şəhər 6 saylı məktəb liseydə təhsil almış, məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Dəmir Yol Liseyinə daxil olaraq 2019-cu ildə həmin peşə liseyini maşinist ixtisası üzrə bitirmişdir. 2019-cu ilin iyul ayının 2-də hərbi xidmətə çağırılan Rəşid, vətənini qorumaq eşqi ilə Tərtər rayonunda hərbi xidmətə başlayır. Fəal xidməti, diribaşlığı, qorxmazlığı, igidliyi ilə diqqəti cəlb edən Rəşid Həmidov kiçik çavuş adına layiq görülür. Xidmət etdiyi bir il üç ay ərzində manqa komandiri kimi fəaliyyət göstərir. Hərbi xidmətinin bitməsinə 3 ay qalmış Vətən müharibəsi başlayır. Böyük dəyanət hissi ilə döyüşlərə qatılan Rəşid Həmidov II Qarabağ Müharibəsində bütün gücü ilə ləyaqətlə vuruşur, neçə-neçə düşmən hərbçisinin, əsgərinin, döyüş sursatlarının məhv edilməsində iştirak edir, yaralı əsgərləri döyüş zonasından çıxararaq xilas edir. Özü isə, alın yazısından qaça bilmir. Nə qədər döyüşkən, cəld olsa belə müharibənin ağır fəsadından yayınmaq mümkün olmur. 2020-ci il oktyabrın 7-də Goranboy uğrunda gedən döyüşlər zamanı vurularaq 21 yaşında şəhidlik zirvəsini fəth edib şəhadətə qovuşur. Öz qanları ilə tarix yazan şəhidlərimiz kimi Rəşid Həmidov da gəncliyinə baxmayaraq, əsilhəyat naminə risk etməyin vacibliyini anlayaraq, ölümün gözünə dik baxdı, özü şəhid olsa da vətənin gələcəyini düşündü və qalib ölkənin qalib şəhidinə çevrildi. Ruhu şad olsun!...

Övlad itkisi, həm də yeganə oğulun yoxluğunu hiss etmək böyük, ağır dərddir, ömürlük sinə dağıdır. İndi bütün şəhidlərimizin yaxınları kimi, Rəşid Həmidovun da ata, ana və bircə bacısı Yeganənin də bir üzü ağlayır, bir üzü gülür. Çünki bu ağır itkilərin böyük təskinlikləri var. Əvvəla, şəhidlik zirvəsinə ucalmaq hər kəsə nəsib olmur. Ən əsası isə Rəşid kimi oğullarımızın qanı yerdə qalmayıb. 30 ilə yaxın həsrətində olduğumuz Qarabağ artıq ordumuzun, əsgərlərimizin şücaəti, Ali Baş Komandanımızın güclü siyasəti nəticəsində geri qaytarılmışdır. Şəhidlərimizin ruhu şad, qazilərimizin qəlbi rahatdır. Valideynlər isə, vətən uğrunda, doğma torpaqlarımızın düşmən tapdağından azad olunması naminə canlarından keçən igid övladları ilə fəxr edirlər. Ailədən gələn iti mənəviyyat və yüksək düşüncə, vətənpərvərlik təməli qoyulan övladlarımızla hər birimiz qürur duyuruq. Xalqımız onları heç vaxt unutmayacaq!...
2020-ci il sentyabr ayının 27-dən başlayıb noyabr ayının 10-da bitən 44 günlük II Qarabağ Müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz, igid əsgərlərimiz misilsiz qəhrəmanlıqları və hamını heyrətə gətirən strategiyaları ilə dünyaya səs saldılar. Heç kəs dana bilməz ki, hər kəs öz doğulduğu bölgə ilə fəxr edir. Amma 44 günlük Qarabağ müharibəsində hamımız "qarabağlı" olduq. Haqq və ədalət uğrunda apardığımız müharibədəki birliyimiz qələbəmizin təməli, əsas səbəbi oldu. Prezidentimiz İlham Əliyevin söylədiyi kimi " Bizi qələbəyə aparan dəmir yumruq oldu"
İndi torpaqlarımız mənfur düşmən tərəfindən viran qoyulsa da, bizdədir. Torpaq bizim mirasımız, əmanətimizdir. Onu göz bəbəyimiz kimi qorumalıyıq. Çünki torpaq özü də əmanətə xəyanət etməz. Zamanla birliyimiz, İlham Əliyev və Mehriban xanım Əliyevanın dəstəyi ilə Qarabağın gözəlliyi bərpa olunacaq. Bu diyar yenidən gül-çiçəyə bürünəcək, lalələr, nərgizlər, xarıbülbül ətirlənəcək və Qarabağımız öz əvvəlki rayihəsinə qayıdaraq, füsunkarlığı ilə bütün ölkələri heyran qoyacaq...
Əlibalayeva Gülnarə
Cəfər Cabbarlı ev muzeyinin böyük elmi-işçisi, jurnalist