Avropada yaşayan azərbaycanlı jurnalistin prezidentdən xahişi

Xatirə Sərdarqızı: "Mən Şuşamın abadlaşdırılmasında, yenidən qurulmasında yaxından iştirak etmək istəyirəm"

Hazırda Avropada yaşayan, əslən Şuşadan olan jurnalist Xatirə Sərdarqızı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib. "OLAYLAR"-a daxil olan müraciətin mətnində qeyd edilir ki, Xatirə Sərdarqızı dövlət başçısından Şuşanın quruculuq-abadlıq işlərində, dirçədilməsində yaxından iştirak etməsinə şərait yaradılmasını xahiş edir. Müraciətdə Xatirə Sərdarqızı yazır:

"Sizə 1980-ci ildə Şuşada doğulan, 1992-ci ildə Şuşa erməni vandalları tərəfindən işgal olunandan sonra uşaqlığını da Şuşada Mamayı bulağının yanında qoyub gələn, Sizin və müzəffər ordumuzun sayəsində 28 il sonra yenidən Şuşasına qovuşan 12 yaşlı Xatirənin adından yazıram. Əvvəlcə Sizə və Azərbaycan əsgərinə mənə və bütün xalqımıza bu zəfəri, bu xoşbəxtliyi yaşatdığınıza görə təşəkkür etmək istəyirəm".

Müraciət müəllifi daha sonra qeyd edir ki, hazırda Niderlandın Deventer şəhərində yaşayır. Ancaq Vətən müharibəsi başlayanda orada qala bilməyib 12 yaşlı qızıyla bərabər vətənə gəlib: "Çünki mən inanırdım ki, Siz bizə Qarabağ sevincini yaşadacaqsınız. Yanılmadım da, 8 gün sonra bizə "ƏZİZ ŞUŞA SƏN AZADSAN" deyərək müjdə verdiniz.

Daha sonra dekabrın 27-də Şuşama getdim. 28 illik həsrətim sona yetdi. Sizin Şuşa səfərinizi isə nəfəsimi tutaraq izlədim. Çünki Sizin də Şuşamızın bizsiz solan çöhrəsini görəndə səsiniz titrəyirdi, hər Şuşa dediyinizdə. Mən də 28 il sonra eyni hissləri yaşamışdım Şuşada. Şuşamı o halda görəndən sonra mən özümə gələ bilmirəm. Artıq Avropaya qayıtmışam. Sizin Şuşa səfəri zamanı yolda dediyiniz bir söz məni inanılmaz dərəcədə qürürlandırdı. Dediniz ki, xaricdə yaşayan azərbaycanlılar Füzuli hava limanından rahat Şuşaya gələ biləcəklər. Bəli, biz artıq Şuşaya gedirik deyib, yola çıxa biləcəyik sayənizdə".

Xatirə Sərdarqızı daha sonra bildirir:

"Ancaq mən burada rahat oturub, Şuşam abadlaşandan sonra oraya rahat gələ bilmərəm. Mən Şuşamın abadlaşdırılmasında, yenidən qurulmasında yaxından iştirak etmək istəyirəm. Sizdən acizanə xahiş edirəm ki, mənim Şuşanın təmir bərpa işləri üçün yaradılan komisiyaların, heyyətlərin sırasına daxil olmağıma kömək edəsiniz. Mən Şuşamın cəfasını çəkmək istəyirəm ki, səfasını sürəndə utanmayım. Yollarını süpürərəm, kücələrini təmizləyərəm. Bütün təcrübələrimdən istifadə edərəm. Yetər ki, Şuşama yararlı olum. Xaricdə oturub Şuşamın dirçəlməsini gözləmək ağrıma gedir. O prosesdə iştirak edə bilməyimə kömək etəməyinizi sizdən xahiş edirəm".

--

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31