“ŞƏHIDLƏR-TORPAĞI VƏTƏN EDƏNLƏR”

"Şəhidlər- torpağı Vətən edənlər" adlı Videokonfransı YAP Yevlax rayon təşkialtı Qadınlar Şurasının sədri Əminə Yusifqızı giriş sözü ilə açaraq qeyd etdi ki, müharibə atəş kimidir, düşdüyü yeri külə döndərir. Döydüyü qapını açan olmasa da, özünü içəri salıb qocasını, cavanını, uşağını hər kəsi qarsıb-qovurur, körpələrin üzündəki sevinci, gülüşü dondurur. 30 ildən çoxdur ki, xalqımızın da evinə-ocağına düşən atəş Qarabağ adlı yurdumuzu viran qoydu. Bu yolda yüzlərlə oğlumuz şəhid oldu. 

Videokonfransa qoşulan Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov tədbirə qoşulduqları üçün iştirakçılara minnətdarlığını bildirdi və konfransın işinə uğurlar arzuladı. Şəhid ailələrinə dövlət qayğısından danışan deputat qeyd etdi ki, bu gün Azərbaycan öz tarixinin ən möhtəşəm günlərini yaşayır.Sonu zəfərlə bitən Vətən müharibəsində bütün Azərbaycan xalqı kimi yevlaxlılar da birlik, həmrəylik nümayiş etdirdilər. İgid əsgərlərimiz odlu-alovlu döyüşlərə atılaraq şəhid oldu, qazi kimi, qəhrəman kimi döndülər. 

YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana xanım Əliyeva çıxışına Azərbaycanın 30 illik tarixinə nəzər salmaqla başladı və Azərbaycan qadınının ölkəmizin ictimai-siyasi həyatındakı rolundan danışdı. Professor qeyd etdi ki, 30 il Vətən həsrəti ilə yaşayan Azərbaycan qadını torpaqlarımızı düşməndən azad etməyi bacaran igid oğullar böyütmüşdür. 20 Yanvar günü biz şahid olduq ki, həmin şaxtalı gecədə qəsbkar ordunun qarşısını kəsmək üçün oğullarımızla bərabər, qızlarımız da küçələrə çıxmışdılar.

Azadlıq ideyası uğrunda biz xeyli şəhid verdik, həmin gecə küçələrdən qan sel kimi axırdı. Lakin bu bizim əzmimizi, iradəmizi qıra bilmədi.

Ali Baş Komandan İlham Əliyevin əmrinə hazır olan əsgərlərimiz 30 il işğal altında inləyən torpaqlarımızı 44 gün ərzində düşməndən azad edərək, torpaqlarımızın bütövlüyünü təmin etdi və Azərbaycan bayrağını həmin ərazilərdə ucaltdı.

Milli Məclisin deputatı Məlahət xanım İbrahimqızı öz çıxışında tədbirin mövzusunun aktuallığına toxunaraq ötən aylarda torpaqlarımızı öz qanları ilə suvaran üç minə yaxın şəhidimizin yüksək amal uğrunda vuruşaraq torpaqlarımızı düşməndən azad etdiklərini, bununla da xalqımızın 30 illik Vətən həsrətinə son qoyduqlarını vurğuladı. Məlahət xanım 20 Yanvar gecəsi xalqımıza qarşı terror törədildiyini və yüzlərlə günahsız insanın nahaq qanının axıdıldığını qeyd etdi. Natiq bildirdi ki, bu il biz ilk dəfədir ki, 20 Yanvar faciəsini başımızı dik tutaraq, qalib xalqın, qalib ordunun nümayəndələri kimi qeyd edirik. 

Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc xanım Fətəliyeva 2020-ci ilin xalqımız üçün həm pandemiyaya, həm də müharibəyə görə çətin sınaq dövrü olduğunu bildirdi və 2020-ci ili xalqımız üçün həm də zəfərlərlə dolu bir il kimi dəyərləndirdi. 

20 Yanvar faciəsinin ağrılarını bu gün də yaşayan xalqımızın 30 ildən sonra ilk dəfə olaraq qələbə sevincini yaşamasını, bunun üçün şəhidlərimizə, qazilərimizə, igid əsgərlərimizə borclu olduğumuzu deyən Sevinc xanım bütün şəhid analarına,şəhidlərin ailə üzvlərinə səbr diləyərək onlara Ulu tanrıdan rəhmət dilədi, qazilərimizə can sağlığı arzuladı. 

Daha sonra videkonfransda çıxış edən Milli Məclisin deputatı, YAP Qadınlar Şurasının sədr müavini Sevinc xanım Hüseynova xalqımızın hər ili ağır matəm günləri-20 Yanvar , Xocalı soyqırımı kimi mürəkkəb hadisələri dərin hüznlə qeyd edərək başladığını və nəhayət 30 il sonra bu faciə qurbanlarının qisasının Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən alındığını söylədi, qeyd etdi ki, bu gün xalqımızın birliyi, mətinliyi onların üzlərindəki sevincdən də hiss olunur.

Milli Məclisin deputatı, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri Pərvin xanım Kərimzadə tədbirdə iştirak edən və etməyən bütün şəhid analarının qarşısında baş əydiyini bildirdi. Şəhidlik zirvəsinə ucalan igid oğullarımızın sayəsində əldə olunan Qələbəyə görə şəhidlərimizə borclu olduğumuzu qeyd edən Pərvin xanım qazilərimzə, igid, qəhrəman əsgərlərimizə cansağlığı arzuladı. 

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini, YAP Yevlax rayon təşkilatının sədr müavini Elnarə xanım Əzizova öz çıxışında bildirdi ki, biz hamımız vətəndaş olaraq torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimzə borcluyuq. Azadlığımızın ilk toxumunu səpən, ölümün gözünə dik baxan 20 Yanvar şəhidlərini bugünkü müstəqilliyimizin ilk carçıları adlandıran natiq qeyd etdi ki, Müzəffər Ordumuz Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə bütün şəhidlərimzin qisasını aldı və şəhidlərimzin narahat ruhları rahatlıq tapdı. Şəhər İcra Hakimiyyəti müntəzəm olaraq bu şəhid, qazı  ailələrdə olur, onlara maddi və mənəvi dəstək göstərir, problemlərini öyrənərək, həlli üçün müvafiq tədbirlər görür.

20 Yanvar faciəsində sağlamlığını itirmiş Cahid Nəbiyev həmin qanlı gecənin dəhşətlərindən danışdı. 20 Yanvarda, eləcə də torpaqlarımızın azadlığı uğrunda şəhid olanlara Allahdan rəhmət dilədi. 

Şəhid anaları Güllü xanım Bərxudarova, Mehriban xanım Abbasova çıxışlarında bütün şəhid anaları adından oğullarını Vətən üçün böyütdüklərini bildirdi və "Vətən sağ olsun" dedilər. Onlar qeyd etdilər ki, şəhidlər torpağa qurban gedərək analarına şəhid anası kimi uca bir ad verdilər. Ali Baş Komandanımız sağ olsun ki, onun rəhbərliyi ilə Müzəffər Ordumuz Qələbə çalaraq şəhidlərimizin qanını yerdə qoymadı, şəhid analarına sevinc göz yaşları yaşatdı. 

YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədir Əminə Yusifqızı tədbiri yekunlaşdıraraq qeyd etdi ki, olduqca maraqlı,yaddaqalan bir görüşə şahidlik etdik.Gördük ki, bu ölkənin bütün vətəndaşları- vəzifəsindən, statusundan asılı olmayaraq bir amala xidmət edir və bundan böyük məmnunluq duyur- doğma Azərbaycanımızın daha da çiçəklənməsi və qüdrətlənməsi. 44 günlük savaş bizə bu həqiqəti bir daha anlatdı: El bir olsa, dağ oynadar yerindən, güc bir olsa, zərbi kərən sındırar. Hər zaman Vətən və xalq naminə bir olmaq arzusu ilə hər birinizə dəvətimizi qəbul etdiyiniz və tədbirimizə qatıldığınız üçün minnətdarlığımı bildirirəm.

Vaqif ƏLİYEV,

"Kür"ün əməkdaşı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31