“Fake” xəbərlərin tirajlanması dünya mediasını hansı uçuruma aparır?

“Fake” xəbərlərin tirajlanması dünya mediasını hansı uçuruma aparır?

 

"Fake" xəbər epidemiyası necə yarandı?


Əslində hər şey belə başladı...2016-cı ildə Amerikada gedən seçki kampaniyası ərəfəsində bir Şimali Karolina sakini sosial şəbəkələrdə "fake" xəbərlə qarşılaşır. Bu saxta xəbərdən  dərhal sonra adam yazıda adıkeçən  kafeyə üz tutur və orada olan, heç  nədən  xəbərsiz  bir qrup günahsız insana atəş açır.

Həmin şəxsi terror və cinayətə sürükləyən o saxta xəbərdə deyilirdi ki, Hillari Klinton tərəfdarlarının əksəriyyəti pedofillərdən ibarətdi və adı qeyd olunan kafe onların yığışdığı məkandır.

Daha sonralar aydın olur ki, ildırım sürətilə yayılmış bu traqikomik saxta xəbər Hillari Klintona qarşı olan antikampaniya məqsədi daşımır, sadəcə müəyyən saytların və sosial şəbəkə səhifələrinin  reytinq və baxış sayının artırılması üçün qurulmuş saxta və çirkin oyundur. Yaşanmış olay əsl rezonans doğurdu. Hadisədən sonra insanlarda belə təəssürat yaranmışdı  ki, sanki "fake" xəbər  anlayışı bu olaydan sonra "doğdu."

Əslində saxta xəbər anlayışı günümüzdə yeni bir şey deyil. XX əsrin ənənəvi bulvar  mətbuatını  xatırlamaq kifayət edir. Sadəcə dəyişən odur ki, son dörd il ərzində dünya mediasında "fake" xəbərlərin göstəricisi 365 faizə qədər yüksəlib. Bu dünya mediası üçün olduqca ciddi bir siqnaldı.                                                                              

Yeri gəlmişkən, bəzi iddialara görə, Klinton məhz elə onun haqqında "fake" xəbərlərin tirajlanması ucbatından tərəfdarlarının  ona olan etibarını   itirir və o, prezident seçkilərindən məğlub  ayrılır.

"Fake" xəbərlərə nəyə görə bu qədər ehtiyac duyulur?

Heç kəsə sirr deyil ki, hələ sovet dönəmində belə dövlət strukturlarında çalışan bu və digər vəzifəli şəxs və ya şəxslər barəsində həqiqətə uyğun olmayan lətifələr uydurulur, insanlar arasında yaydırılardı. Lətifələrdə sözügedən şəxslər barəsində toplumun rəyi formalaşar və bu rəylər əsasında həmin şəxslərin gələcək karyera taleyi müəyyənləşərdi.

Günümüzdə isə  bu lətifələrin yerini sosial şəbəkələr tutur.  Dəfələrlə şahidi ola bilərik ki, hər hansı bir vəzifəli şəxsin tutduğu vəzifədən azad olması barədə xəbərlər yayılır və bir neçə saat keçməmiş həmin xəbər təkzib olunur. Bir qədər vaxt keçdikdən sonra isə həmin təkzib olunmuş  xəbər reallığa çevrilir. Zənnimcə, o "fake" xəbərləri çox zaman reallığa çevirən elə toplumun rəyi olur. Beləcə, vəzifəlinin kreslosuna "əlvida" deməyinə onun barəsində yazılan, çox zaman reallığa  uyğun olan neqativ, xoşagəlməyən rəylər səbəb olur.                                                .

Saxta xəbərlərə maraq və tələbata gəlincə isə bu tendensiya hər zaman olub. Bu da insanların sensasion xəbərlərə olan marağından irəli gəlir. Hətta bəzi ölkələrdə xüsusi fəaliyyət göstərən nəşriyyatlar var ki, insanları əyləndirmək üçün absurd fikirlər dərc edir.

İnternetin hər kəs üçün bu qədər əlçatan olmasından əvvəl  isə "fake" xəbərlərə olan "tələbatı" sarı mətbuat  ödəyirdi.Vaxtaşırı yalan və böhtan xarakterli məlumatları paylaşır, hətta bəzən "fake" xəbər üzərindən şantaj yoluna əl atır, yaxşı  gəlir əldə edirdilər.

Təbii ki, indiki dövrdə də "fake" xəbər tirajlanması müəyyən qədər kommersiya, anti-reklam, şantaj məqsədini daşıya bilər, lakin günümüzdə daha çox bu üsül reytinq və baxış sayının artırılması hədəfini özündə daşıyır. İstənilən halda "fake" xəbərlər bəzi istisnalar olmaqla, zərərdən başqa insanlara heç nə vermir. Saxta xəbərlər müharibələrə, insanların kütləvi şəkildə ölümünə yol açmaqla yanaşı, toplumun psixologiyasına ağır zərbə belə vura bilər.

Məsələn, İraqın nüvə proqramının mövcudluğuna dair təkzibolunan dəlillər hələ də dünya birliyinə təqdim edilməmişdir. Lakin məhz elə bu informasiya, ABŞ-ın orada hərbi əməliyyatlara başlamasına yol açdı.

"Fake" dedikdə yada Ermənistan düşür...

Hərbi əməliyyatlar demişkən, Zəfər çaldığımız, qürür yerimiz olan Vətən müharibəsinə də toxunmaq istərdim. Bu 44 günlük Vətən müharibəsi ərzində, istər Azərbaycan tərəfi olsun, istər Ermənistan, istərsə də bütün dünya hər kəs xəbər aclığı yaşadığı, hər saniyə xəbər alacağı ümidilə gözlədiyi bir vaxtda "fake" xəbərlər var gücü ilə işə düşdü.

Müharibələr zamanı qarşı tərəfin milli ruh yüksəkliyini öldürmək və demoralizasiya etmək üçün məqsədli şəkildə saxta xəbərlər media məkanında sürətlə tirajlanaraq yayılmağa başlayır. Belə dönəmlərdə də təbii ki, saxta xəbərləri daha çox yayan uduzan tərəf olur. Yəni, Ermənistan. "Fake" xəbərləri yayma metodlarından istifadə etməkdə bir uduzan ölkə kimi iki məqsəd daşıyırdı: Birincisi, Azərbaycanda xaos, çaxnaşma, insanlarda hakimiyyətə qarşı inamsızlıq yaratmaq və ən əsası bu müharibədə özünü uduzmuş xalq olaraq hiss etdirmək; ikincisi, "fake" üsullardan istifadə edərək, yalan, həqiqətə uyğun olmayan, Azərbaycanın uğurlu hərbi əməliyyatlarını öz uğuru kimi xalqına sırıyaraq, itkilərini 3 dəfə azaldaraq gizlətməsi, ölkəsində olan qeyri-sabitliyi, hər zaman başlaya biləcək vətəndaş-hakimiyyət qarşıdurmasını  önləmək məqsədi daşıyırdı. Lakin bütün dünya şahidi oldu ki, öz xalqını əvvəlcədən saxta xəbərləri yaymaqla, xülyalarla yatızdırmağa çalışan Ermənistan tərəfi, Azərbaycanın qazandığı möhtəşəm Zəfərdən, əsl reallıqların üzə çıxmasından sonra bu metodun necə də qısamüddətli və effektsiz olduğu gerçəkliyi ilə üz-üzə qalır. Nəticədə, aylarla yalan xəbərlərlə doyuzdurulan bir xalqın hiddəti üçqat çox olur. Qələbə çaldığımız gündən artıq bir aydan çox vaxt keçir. Lakin Ermənistanda əsgər valideynlərinin etirazı, millətin hakimiyyətə olan nifrəti, istefa tələbi hələ də səngimək bilmir.

Maraqlısı odur ki, əsrlərlə yalan, saxtakarlıqla sürünərək var olmağa çalışan Ermənistanı bir ölkə kimi "Google" axtarış sisteminə vurduqda, ilk öncə "Ermənistanın fake xəbərləri" başlığı üzə çıxır...Yaxşı, deyək ki, bu ölkənin başdan ayağa "fake" olduğuna artıq alışmışıq və hətta dünya mediasını da bu reallığa 44 gündə alışdıra bildik. Mənim üçün əsl təəccüb doğuran məsələ isə tamam başqadır..

Artıq nüfuzlu media qurumları da "fake"ə əl atıb?

Vətən müharibəsi ərzində Nikol Paşinyandan fərqli olaraq, öz savadına, biliyinə, dünyagörüşünə və hazırcavablığına güvənərək, az qala hər gün dünyanın müxtəlif ən prestijli media nümayəndələrinə müsahibə verən Prezident İlham Əliyev də vaxtaşırı   yersiz, həyasızcasına ona ünvalanan "fake" suallarla qarşılaşırdı. Ölkə başçısının Almaniyanın ARD televiziya kanalına verdiyi müsahibəsinin bir hissəsinə nəzər yetirək.

"Jurnalist: -Mən bildiyim qədərilə, oktyabrın 1-də Azərbaycanda bir nəfər sülh tələb etdiyinə görə həbs olunub...

İlham Əliyev:-Bu tamamilə yanlış qiymətləndirmədir. Birincisi, mənim həbs olunan hər hansı şəxs barəsində məlumatım yoxdur. Əgər adını deyə bilərsinizsə, əgər sizdə ad varsa, mənə deyin.Sizdə adı var?

Jurnalist:-Hazırda məndə adı yoxdur.Öyrənərəm.

İlham Əliyev: -Öyrənəndə mənə deyərsiniz. Beləliklə, biz bu sualı etibarsız hesab edə bilərik."

Beləliklə,bu müsahibədən  ayyarımdan çox vaxt ötüb, həmin jurnalist yəqin hələ də adı öyrənib ölkə başçısına təqdim edə bilmir. Hələ mən "BBC News"un İlham Əliyevə ünvanladığı "fake"dolu sualları və şillə kimi aldığı cavab payından sonraki baxışları demirəm...

Adətən "fake" xəbərlərlə ən effektiv mübarizə metodu bu və digər ölkənin ən prestijli xəbər resurslarını izləməkdə görülür. Əgər "BBC News" da bu "fake" bataqlığında üzürsə, dünya mediasının saxta xəbərlə hansı mübarizəsindən söz aça bilərik? Xoşbəxtlikdən bizim yerli nüfuzlu  xəbər qaynaqları BBC-nin məşğul olduğu işlərə baş qoşmur...

Beləliklə dünya mediası "fake" xəbərlərin yaratdığı uçurumla üz-üzədir. Kim düşəcək o uçuruma? "fake" xəbərlə mübarizə aparaq və gözləyək...

 Aysel Oğuz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31