Yeyilməmiş karalyok,2783 şəhidin və ya milyon yaralı anadan birinin nakam taleyi...

Aytən  Hüseynova

Ya da ....Yuxuma gələn şəhid...

Təpə başında durub bir az dərdli,bir az kədərli,amma məğrur-məğrur ətrafa baxan oğul,dolub daşmış ürəyini dilsiz gözlərinlə anladan oğul, axı zülmlü böyüməyin nə olduğunu eyni əziyyəti çəkənlər bilir.. Bitməyən yaranın ağrısını həmin yaraya tuş gələnlər bilir..

Sayaqmı yaşadığımız ağır günləri,oğul?!!

Valideyn iclasına gələndə ən arxada gizlənirdimi anan kimsə görməsin kasıb geymini? Qışda palto əvəzinə saçaqlı şala bürünüb duran anana digər anaların istehzalı baxışları yaralayırdımı ürəyini ?

Bütün uşaqlar "Mənim evim","Yay tətilimi harada oldum" mövzusunda inşa yazarkən söz tapmırdınmı ? Səhər alatoranda işə gedən anana baxanda ürəyin göynəyirdimi? Əlləri soyuq suda şişən,min cür xislətli adamların ayağının altını süpürən anana baxanda tək təsəllin"anam namusu ilə çörək qazanır, böyüyüm,anamı əziyyət çəkməyə qoymayacam"olmuşdumu?! Tez böyümək istəyirdinmi? Oğul olub dayaq olasan anana..Bir xoş gün yaşadasan 17 ildə üzü gülməyən qadına, günorta yeməyinizlə axşam yeməyini birləşdirib,qurumuş şora su qatıb,çayını kəmşirin edib,yeddi yad uşağının köhnəsini sənə geyindirməyə ürəyi gəlməyən,sənə təzəsini alıb özü köhnə paltarda gəzən anana...Arzuların çoxmu idi,oğul?!!

Lakin Vətən o səni zülmlə böyüdən anandan da nə qədər əziz imiş,nə sevgili imiş sənə...Sən ananı yox,Vətəni secdin,oğul,bəlkə də ,eyniləşdirmişdin sevgini...

Sən döyüşə getdin...Anan da səni döyüşə yola salmaq üçün gəldi və son gümanı o karalyok oldu.."Canım sənin,qanım,sənin, qurban olum əsgər boyuna,ye,bu karalyoku qan gəlsin, canına,ürəyə də xeyirdir"-dedimi bala?!!

Sən getdin düşmən üstünə, bir gözü yolda qalan anan, bir Vətən,bir də sənə həyan,yoldaş olan, yeməyə ürəyin gəlmədiyi karalyok...Bəlkə də güç alırdın ondan..ana nəfəsindən körpə vaxtında güç aldığın kimi...Dərdləşirdin karalyokla..

-Hə ,anam ətirli karalyok,qoy bu qaniçən cəlladlardan torpaqlarımızı alaq..anamı gətirəcəm bu səfalı yerlərimizə...Burada yaşayarıq.Vətən birdir,Qarabağı alarıq,yaşayarıq burada və arzular,ana,Vətən.. ,yeyilməyən ,dərd ortağı,qulaq yoldaşı olmuş karalyok...Və.....

Açılan namərd gülləsi.....

Vətən sizsiniz,siz Vətənsiniz yarım qalmış arzular,oğulsuz qalmış analar, yeyilməmiş karalyoklar,süfrədə boş qalmış oğul,ata yerləri..

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31