Fazil Mustafa: Azərbaycanın Cənub-Şərqi Asiya istiqamətində əməkdaşlığı genişləndirməsi milli maraqlara xidmət edir
11:23 Siyasətİlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycanın xarici siyasətində Asiya, xüsusilə Cənub-Şərqi Asiya regionunun artan əhəmiyyətini, eləcə də Azərbaycan-Vyetnam münasibətlərinin inkişaf perspektivlərini və strateji əməkdaşlıq potensialını aydın şəkildə ortaya qoyur.
Bu fikirləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa dövlət başçısının müsahibəsini şərh edərkən bildirib.
Deputatın sözlərinə görə, Prezidentin müsahibəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat-logistika imkanlarından səmərəli istifadə və regional bağlantıların inkişafı məsələlərinə xüsusi diqqət yetirilməsi mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon dolları ötməsi, 2026-cı ilin ilk doqquz ayında tranzit yükdaşımaların təxminən altı dəfə artması qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensialın mövcudluğunu təsdiqləyir.
Millət vəkili vurğulayıb ki, Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutları çərçivəsində Avropa ilə Asiya arasında mühüm tranzit və logistika mərkəzi kimi mövqeyini möhkəmləndirməsi Vyetnam da daxil olmaqla Cənub-Şərqi Asiya ölkələri ilə Avropa bazarları arasında iqtisadi əlaqələrin inkişafı üçün yeni perspektivlər açır. Bu baxımdan, Azərbaycanın əlverişli coğrafi mövqeyi və formalaşmış nəqliyyat infrastrukturu ikitərəfli iqtisadi tərəfdaşlığın daha geniş regional miqyasda inkişafına xidmət edə bilər.
Millət vəkili humanitar və mədəni əməkdaşlığın da Azərbaycan-Vyetnam münasibətlərinin mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Xüsusilə Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi təhsil və humanitar layihələrin xalqlar arasında qarşılıqlı etimadın, mənəvi yaxınlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini bildirib.
Komitə sədrinin qənaətinə görə, Prezident İlham Əliyevin müsahibəsi təkcə Azərbaycan-Vyetnam münasibətlərinin mövcud vəziyyətinə siyasi qiymət verməklə kifayətlənmir, eyni zamanda gələcək əməkdaşlığın əsas prioritetlərini müəyyənləşdirən mühüm strateji mesajlar ehtiva edir. Bu mesajlar parlamentlərarası dostluq qruplarının fəaliyyətinin daha da intensivləşdirilməsi, iqtisadi və humanitar əlaqələrin şaxələndirilməsi, eləcə də ictimai və mədəni münasibətlərin yeni məzmunla zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Fazil Mustafa hesab edir ki, Azərbaycan və Vyetnam arasında mövcud olan tarixi dostluq ənənələri qarşılıqlı maraqlara əsaslanan daha genişmiqyaslı tərəfdaşlığın inkişafı üçün möhkəm zəmin yaradır. Mövcud iqtisadi, nəqliyyat, humanitar və siyasi əməkdaşlıq imkanlarının səmərəli reallaşdırılması isə iki ölkə münasibətlərini yeni inkişaf mərhələsinə yüksəldə bilər.