Ermənistanın yeni Konstitusiya layihəsinin müzakirələri 2027-ci ilin yazınadək davam edəcək – ÖZƏL
11:31 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının rəhbəri Arusyak Manavazyanın brifinqdə verdiyi məlumata görə, 23 noyabrda dərc olunmuş yeni Konstitusiya layihəsinin ictimai müzakirələri 2027-ci ilin yazınadək davam edəcək. Onun sözlərinə görə, vətəndaşlar xüsusi sayt vasitəsilə layihə ilə bağlı rəy və təkliflərini təqdim edə biləcəklər. Fraksiyanın deputatı Alxas Qazaryan isə hakimiyyətin bu məsələdə tələsmədiyini və müzakirələrdən sonra sənədin Milli Məclisə göndəriləcəyini qeyd edib.
Dərc olunmuş layihənin preambula hissəsində Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yer almayıb. Həmin bəyannamədə "Ermənistan SSR ilə Dağlıq Qarabağın birləşdirilməsi" və "erməni soyqırımının beynəlxalq səviyyədə tanınması" ilə bağlı müddəalar əks olunmuşdu.
Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan onun istefasını tələb edən müxalifət qüvvələrinə "sadə sövdələşmə" təklif edərək yeni Konstitusiya üzrə referendumun keçirilməsinə razılıq verməyə çağırıb. O, əks halda növbədənkənar seçkilərə gedəcəyini və bu seçkilərin nəticələrinə görə hazırkı iki müxalifət qüvvəsinin heç birinin parlamentə düşməyəcəyini bəyan edib.