Onlar tarix yazdılar…
Olaylar.az Azərbaycanın Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızı təqdim edir...
19 Noyabr 2020 11:40 SosialOlaylar.az Azərbaycanın Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızı təqdim edir...
İlk şəhid həkim...
Şəhid Qasımov Şöhrət Şakir oğlu.
İlk şəhid həkim, tibb xidməti rəisi, baş leytenant Şöhrət Qasımov Suqovuşanda şəhid olub. O, yaralı əsgər və zabitlərə yardım göstərib. Neçə- neçə insanı döyüş meydanından, çıxarıb onları yenidən həyata qaytarıb. Bu cür gərgin iş zamanı həm də 3 dəfə xüsusi tapşırıq yerinə yetirib. Sonuncu dəfə isə yaralı təxliyə etməyə gedərəkən erməni tankı ilə üz-üzə gəlib. O qəhrəmancasına döyüşərək şəhid olub. Həmin vaxt zirehli maşında olan 4 nəfəri xilas edib. Maşının üstündə olmağına baxmayaraq qaçmayıb, əksinə üzərində olan xidməti silahla vuruşub. DNT analizi ile müəyyən olunaraq Sumqayıt şəhidlər xiyabanında dəfn olunub.

Musiqini sevən şəhidimiz...
Şəhid Mahmudov Tamerlan Fuad oğlu.
1995-ci ildə anadan olub. Körpə yaşlarından hər iki valideynini itirən Tamerlan, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 2 saylı internatda böyüyüb və təhsil alıb. Savadı və incəsənətə olan marağı, dostluğu, sədaqəti, təmiz ürəyi dillərə dastan şəhidimiz, 18 oktyabr 2020- ci il tarixində Vətən müharibəsində həyata gözlərini əbədi yumub Şəhid olub.
Şəhidimizin məzarı Suraxanı rayonu Dədə Qorqud qəsəbəsindəki məzarlığın girişində, ön sıralarda yerləşir.
Sosial şəbəkə istifadəçisi İnci Babalı şəhid Tamerlan Mahmudov haqqında xatirəsini paylaşıb...
Tamerlan iş yerimə yemək sifariş etdiyim yerdə kuryer işləyirdi. Daha doğrusu, oranın gecə çatdırılması yox idi, amma mən ilk dəfə ordan yemək sifariş edəndə təsadüfən Tamerlan orda imiş. Acından ölürdüm, içəri girib yeməyi uzadanda necə acmışdımsa birbaşa yeməyə başladım, sonra gördüm dayanıb gözləyir. Yeməyin pulunu verməyi unutmuşdum. Gülüşdük. Dedim, yaxşı ki, sizin restoran gecə çatdırılma edir. Dedi əslində eləmir, mən orda idim təsadüfən : "Ona görə gətirdim. Amma sən nömrəmi götür, gecələr mən yatmıram, lazım olanda xəbər elə, yaxınlıqda qalıram, çatdırılmanı mən edəcəm sənin üçün." Bir-birimizə nömrələrimizi verdik. Daha sonra düşündüm ki, yəqin mənimlə bağlı nəsə "planı" var, çatdırılmanı bəhanə etdi. Sonradan öyrəndim ki, həqiqətən o restoranın gecə çatdırılması yoxdur və dəfələrlə votsapda "salam, sağ ol", etsək də Tamerlandan bir dəfə də olsun özümə qarşı artıq-əskik hərəkət, söz eşitmədim. Statusda yazılan kimi adam idi həqiqətən. Sonra bir neçə dəfə söhbət etdik. Tək yaşadığnı bilirdim, amma internatda böyüdüyünü heç deməmişdi mənə. Musiqiyə həddindən çox həvəsi var idi. Qolları, əli dolu idi musiqiyə aid döymələrlə... Çox pis oldum, çox...

Tarix yazan Tarix müəllimi...
Rəşad Məmmədov - 1989-cu ildə anadan olub. 2018-ci ildən Gəncə şəhəri 16 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyirdi.
Rəşad Məmmədov Füzuli istiqamətində gedən döyüşlərdə həlak olub.

Onlar bizdən çox yaşayacaqlar...
Ata-babalarımızın uyuduğu Kolanı kənd qəbristanlığına gedən yolda bu gün mərd kənd sakinləri ağlamır, sevinir, gülür, alqış sədaları o uca dağlarımızda güllə səsitək əks-səda verir!
Bilirsiniz, niyə? Çünki o məzarlığa çiyinləri üzərində, üçrəngli bayrağımız altında Qarabağımızda millətimizin şərəf və qürur tarixini qanıyla yazan daha bir igidimizi - Kəşfiyyatçı İmanı əbədi keşik çəkməyə aparırlar!
Bundan sonra Kolanı qəbristanlığında məzarı ziyarətgaha çevriləcək daha bir igidimiz keşik çəkəcək!
Övladlarımız, gələcək nəsillər onu elə məhz bu cür - ayaq üstə, əlində silah, başında mavi beret, hər kəsin üzünə gülümsəyən Kəşfiyyatçı İman kimi xatırlayacaq, salamlayacaq, yolunu, igidliyini davam etdirməyə çalışacaqlar!
Atalar övladlarına onun və burda yatan digər şəhidlərimizin adlarını qoyacaq, analar körpələrinə, müəllimlərimiz şagirdlərinə onların qəhrəmanlığından danışacaqlar...
Beləcə, onlar bizimlə birgə, ancaq bizdən daha çox yaşayacaqlar!
"Qurani-Kərim"də Allah nahaq yerə buyurmayıb ki: "Onlara ölü deməyin, onlar diridirlər, siz bilməzsiniz!"
Kəndin ən zəhmətkeş və halal ailələrindən birinin övladı olan Alməmmədov İmanı Kolanı məzarlığında yatan ata-babalarımızın ruhları da sevinclə qarşılayacaq. Axı İman bu məzarda yatanlardan Peyğəmbərimizə qonaq olacaq ilk şəxslər sırasında yer alacaq!
Şəhadətin mübarək, İman!
Bu savaşın gerçək qəhrəmanları sizlər - şəhidlərimiz, qazilərimiz və sizin fədakar, cəfakeş valideynlərinizdir!
Qarşınızda baş əyirik!

Şəhadətin mübarək, Namiq...
İgid oğlumuz... Mərdlər diyari Goranboyun ər oğlu Namiq balamız...
Namiq ziyali ailəsində göz açıb, boya -başa çatmışdı... Ailənin tək balası idi. Gözəl əxlaqi keyfiyyətlərinlə hamının sevimlisinə çevrilmişdin. Gözəl ömrün ən gözəl çağlarında mənfur düşmən gülləsi həyatını söndürdü...
İkinci Qarabağ müharibəsinin sonlarına yaxın Xocavənd-Şuşa istiqamətində gedən gərgin döyüşdə işıqlı dünyaya gözlərini yumdu igidim.. Şəhadətin mübarək Namiq... Bu gün əsgər paltarını müqəddəs üçrəngli bayrağımıza dəyişərək sonuncu dəfə bizləri ziyarətə gəldin əroğlum... ürəyimiz parçalandı.. hamı səni yola salmağa gəlmişdi igidim.. Ana yurdum Goranboyun, bütün Azərbaycanın mərd oğlu...
Başın sağ olsun Azərbaycan... Başın sağ olsun həyatı bir andaca məhv olmuş, ciyəri yanan Gülarə anamız... Allah sizin kimi mərd anaları qorusun..!

Şəhidliyin Pərviz adı...
Sentyabrın 27-dən başlayaraq Azərbaycan ordusu cəbhədə tarix yazdı. 30 illik həsrətə son qoymaq üçün igid oğullarımız canlarından belə keçməyə hazır olduqlarını nümayiş etdirdilər.
Düşmənə layiqli cavab verərək geri otuzdurdular. Belə igidlərə bütün ömrümüz boyu borcluyuq. Saymaqla bitməyən qəhramanlarımızdan biri də Neftçala rayonunda dünyaya göz açan Məmmədli Pərviz Həsən oğludur. İbtidai təhsilini Neftçala rayonunda alan Pərviz uşaq yaşlarından boks və karate üzrə hazırlıqlara gedir. Hərbiyə böyük marağı olub. Humanitar təmayüllü liseyi bitirdikdən sonra sənədlərini H.Əliyev adına Ali Hərbi məktəbinə təqdim edir. Bu dəfə şans onun üzünə gülməsə də ruhdan düşmür. 2014-cü ildə hərbi xidmət üçün ordu sıralarına çağırılır.
Hərbi xidmətdə uğurlar qazanır və rabitə bölüyündə xidmətə başlayır. Xüsusi təyinatlılar tərəfindən yüksək qiymətləndirilir. 6 ay ağır təlimlər keçir. 2016-cı ildə Aprel döyüçlərində bud nahiyəsindən yaralanır. 2 dəfə əməliyyat olunsa da ağrıları çox olur. Buna baxmayaqraq cəbhəyə yenidən yollanır. 2020-ci il sentyabr döyüşlərində Füzuli, Cəbrayıl istiqamətlərində uğurlu əməliyyatlar aparır. Əsgərimiz Laçın dəhlizində postu alarkən snayperlə vurulur və şəhidlik zirvəsinə ucalır. Neftçala rayonunda torpağa tapşırılır. Şəhidimizin bir övlad yadigarı qalıb.

Cənnətə gedən yolun mübarək!
Əsrlər boyu dillərə dastan olacaq bir qələbəmizin şahidi olduq. 30 ildir ki, həsrətiylə yandığımız torpaqlarımıza qovuşduq. Bu həsrətin bitməsi vətənə olan məhəbbət hissini, Vətən sevgisini öz canlarından üstün tutan şəhidlərimizin sayəsindədir.
Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır.
Onlar öz qanlarıyla tarix yazdılar. Biz bu gün azad Qarabağdanıq deyə biliriksə, şəhidlərimizin igidliyinin, mərdliyinin bəhrəsidir.
Tarixə adını yazdıran şəhidlərimizdən biri də Quliyev Daşqın Nəcməddin oğludur. 2001- ci ildə Şabran rayon Rəhimli kəndində anadan olub. Evin tək oğlu idi. İki bacısı var. Orta məktəbi bitirdikdən sonra hərbiyə yollanan şəhidimiz əsgərlər arasında öz şücaəti il seçilib. 27 sentabrda başlayan Qarabağ müharibəsinin fəal iştirakçısı olub. Oktyabrın 16-sı Füzulidə gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şuşaya bayrağı sancmaq ən böyük arzusu olub. Bu ona qismət olmasa da indi Şuşamız Azərbaycanın bayraqlarına bürünüb.Sən Şuşaya gedə bilmədin...amma... Cənnətə gedən yolun mübarək!

Olaylar İnformasiya Agentliyi Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəmanlarımıza allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına səbr arzulayır...
Allah rəhmət eləsin...