Motivasiyası yüksək olan hər kəs istədiyi qədər Dil öyrənə bilər
19 Noyabr 2020 11:17 SosialDüşünürəm ki, bu dünyada hər kəsin bir missiyası var. Mənim missiyam da öyrənmək, özümü şəxsi inkişaf etdirmək, təcrübə qazanmaq və qazandığım positiv bilik və təcrübələri insanlarla paylaşmaqdır.
"Olaylar" poliqlot, təlimçi və mentor Aslan Məmmədzadənin müsahibəsini təqdim edir.
-Şəxsi və peşəkar həyatımda 9 müxtəlif dildən istifadə edirəm. Rus, türk, ingilis, fransız, ispan italyan, alman, polyak dillərini akedemik səviyyədə öyrənmişəm. Müxtəlif ölkələrdən insanlarla bu dillərin mənimsənilməsi prosesini işləyib həyata keçirirəm.
-Dil öyrənməyə necə başlamaq lazımdır?
-Dili öyrənmək üçün həmin dili mənimsəmək çox vacib şərtlərdən biridir. Son 10 ilimi bu suala həsr etmişəm.
-Dili necə mənimsəmək olar?
-Elmi araşdırmalar da sübut edir ki, nə əzbər, nə danışmaq dili mənimsəkdə rol oynamır. Oxumaq və dinləmək vasitəsilə biz bütün dilləri öz ana dilimiz kimi mənimsəyə bilərik. Əlbəttə qrammatika və lügət öyrənib müəyyən baza yaratdıqdan sonra danışığa fokuslanmalıyıq. Eyni zamanda insanlara individual yanaşma lazımdır. Individual yanaşma dedikdə mənimsəmənin müxtəlif metodlarla həyata keçməsi nəzərdə tutulur. Bəzi insanlar musiqiylə, bəziləri isə hekayə kitabları oxumaqla, film izləməklə mənimsəyə bilər.
-Dil öyrənmək üçün xüsusi hazırlıq kurslarına mütləq ehtiyac varmı?
-Bu maraqlı sualın mürrəkkəb bir cavabı var. Həm getmək, həm də getməmək lazımdır. Əvvəlcə niyə getməli olduğumuzu izah edim. Biz kursa getdiyimiz zaman bu sahə üzrə peşəkar bir müəllimlə işləyirik. Həmin müəllim bir çox tələbə və şagirdlə işləyir. Və peşəkar karyerasında qazandığı təcrübələri bölüşərək tələbələrə istiqamət və motivasiya verir. O bu prosesi daha sürətli həyata keçirir. Müəllimin bələdçiliyi ilə öyrənmə prosesi tezləşir.
Hazırda müasir dövrümüzdə biz internetdən istifadə etdiyimiz zaman qarşımıza bir çox internet resursları çıxır. Biz bu resurslardan istifadə edərək istənilən dili mənimsəyə bilərik. Mən ingilis dilindən savayı 8 dili özüm öyrənmişəm.Bu dilləri öyrənmək mənim çox vaxtımı alıb. Bəlkə mənə nəzarət edən bir bələdçi olsaydı daha sürətli öyrənərdim. Amma bu dilləri fərdi mənimsəməyim mənə daha dərin bir təcrübə qazandırıb. Bu proses əsasında yüzlərlə səhv etmişəm. Etdiyim səhvlərdən nəticə çıxararaq insanın beyninin dilləri necə mənimsəməsi haqqında dərin araşdırmaya sahib olmuşam.
-İnsan bir dili öyrənməyə çətinlik çəkir. Siz 9 dili öyrənib necə yadda saxlamısınız?
-Motivasiyası yüksək olan hər kəs istədiyi qədər dil öyrənə bilər. Dil öyrənmək mürəkkəb prosesdir. Buna görə motivasiya böyük əhəmiyyət kəsb edir. 4-5 ay öz üzərində mütəmadi işləmək vacibdir. Bu zaman müddətində iradəli və motivasiyalı olmaq lazımdır. Mənim ən böyük motivasiyam beyini araşdırmaq idi. Mən hazırda dil öyrənməyə davam edirəm ki, araşdırmamı genişləndirim.
-Sıfırdan dil öyrənmək istəyənlər üçün nə kimi təklifləriniz var?
-Sıfırdan bir dili öyrənmək üçün əvvəlcə bu sualı özümüzə verməliyik. Bizim bu dili öyrənməkdə məqsədimiz nədir? Əgər bizim hədəfimiz işdə, peşəkar həyatda insanlarla ünsiyyət qurmaqdırsa o zaman biz əvvəlcə feilləri öyrənməliyik. Çünki kommunakasiya feil deməkdir. Mütəmadi istifadə etdiyimiz feillər çox deyil. Biz gündəlik həyatımızda 30-40 feil işlədirik. Bu feillərin siyahısını çıxartmaq lazımdır. Bu feilləri öyrəndikdən sonra onların zamana görə dəyişməsini mənimsəmək lazımdır. Bu feilləri praktiki kiçik cümlələr quraraq asanlıqla öyrənə bilərik. Vacib nüanslardan biri doğru seçilmiş sözləri lakonik cümlələrdə öyrənmək vacibdir. Digər təklifim odur ki, motivasiyalarını yüksək tutsunlar və istədikləri dili öyrənə biləcəklərinə inansınlar.
Ülkər Abdurahmanlı