Ədəbiyyat İnstitutunda qələbənimiz qeyd edilib
10 Noyabr 2020 18:16 SosialAMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycanın qazandığı möhtəşəm qələbə münasibəti ilə toplantı keçirilib. Toplantını giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq xalqımızı və institut əməkdaşlarını təbrik edib. Bu qələbənin qazanılmasında vacib olan məsələlərə münasibət bildirib. Akademik xalqımızın qazandığı zəfərdə Ali Baş Komandanın böyük əməyini belə qiymətləndirib: "Cənab prezident İlham Əliyev tariximizə Qalib prezident kimi daxil oldu. Onun təkbaşına dünyanın otuzdan çox ölkəsinə verdiyi müsahibələr, yeddi dəfə Azərbaycan xalqına müraciəti müharibənin taleyini həll etməkdə ordudan çox əhəmiyyətə malikdir. O, əsl sərkərdədir, böyük hərbi komandandır, Qalib İlham Əliyevdir. Şuşa azad olunanda atasının- ümummilli liderimizin məzarına getdi, həm hesabat verdi, həm də borcunu yerinə yetirdi. Qalib Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etməsi dövlətçilk ideallarının yerinə yetirilməsinin möhtəşəm hesabatıydı. Ardınca Şəhidlər xiyabanından cənab Prezidentin Azərbaycan xalqına müraciəti qələbənin lap yaxında olduğunun parolunu vermişdi".
Şuşa zəfərinin önəmindən danışan akademik əlavə edib ki, Şuşanın alınmasında iştirak edən əsgərlərin hamısı Milli Qəhrəman adına layiqdir. "Ümumiyyətlə, Azərbaycan ordusu qəhrəman ordudur. Bu ordunun İlham Əliyev kimi Qalib baş komandanı var. Umummilli lider Heydər Əliyev Azərbaycan xalqının yeni epoxasını yaratdı. Bu epoxanı siyasi, iqtisadi, mədəni və bütün səviyyələrdə yeniləşdirən, dəyişdirən inkişaf etdirən İlham Əliyevdir, bu mərhələnin adı İlham Əliyev erasıdır".
Qazandığımız qələbədə diplomatik əlaqələrimizin əhəmiyyətindən danışan akademik qardaş Türkiyənin, Pakistanın, İzrailin bu qələbədə ölkəmizə birmənalı dəstək verdiyini xüsusi vurğulayıb. Rusiya və İran kimi qonşuların tolerant mövqe nümayiş etdirməsini qeyd edib.
Toplantıda Ədəbiyyat İnstitutunun alimlərindən Qəzənfər Paşayev, Tahirə Məmməd, Aygün Bağırlı, Məhərrəm Qasımlı, Əlizadə Əsgərli və başqaları da çıxış edərək tarixi qələbə münasibəti ilə Ali Baş Komandanımızı və xalqımızı təbrik ediblər. Qazanılmış qələbədə böyük əməyi olan əsgər və zabitlərimizə minnətdarlıq ünvanlanıb. Şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyiblər.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
İctimaiyyətlə əlaqələr şöbəsi