Uşaq ədəbiyyatında senzura mütləq olmalıdır - ARAŞDIRMA

Təhsil Nazirliyi, Yazıçılar Birliyi və başqa qurumların bu əsərlərə müdaxilə etməyə, hansısa qadağa qoymağa hüquqi səlahiyyəti yoxdur

Təhsil Nazirliyi, Yazıçılar Birliyi və başqa qurumların bu əsərlərə müdaxilə etməyə, hansısa qadağa qoymağa hüquqi səlahiyyəti yoxdur

Bir neçə  gün əvvəl sosial şəbəkələrdə Aygün Bal adlı müəllifin məktəbəqədər və məktəbli uşaqları nəzərdə tutub yazdığı "Qaz ilə göyərçinin əhvalatı" adlı şeirlər kitabı müzakirələrə səbəb olub. Müəllif ailə-məişət fonunda qələmə aldığı, uşaqların əxlaqi-estetik tərbiyəsində müəyyən rol oynayacağını qeyd etdiyi ilk kitabı ictimaiyyət tərəfindən tənqid olunub. Bir çoxları isə kitabı satışına qadağa qoyulmasını, müəllifin cəzalandırılmasını təklif edir.

Uşaq ədəbiyyatında bir neçə kitabları ilə tanınan, orta məktəb dərsliklərində bir sıra əsərləri tədris olunan Reyhan Yusifqızı Olaylar.az-a məsələ ilə bağlı onu vurğuladı ki, uşaq ədəbiyyatında senzura mütləq olmalıdır: "Burda söhbət ənənəvi sovet senzurasından getmir. Uşaqlara zərər verə bilən ədəbiyyatın yayılmasının qarşısını almaqdan gedir. Uşaq ədəbiyyatını nəzarətsiz qoymaq odla oynamaq kimidir. Ədəbiyyat güclü vasitədir. Təbliğatla, ədəbiyyatla uşaqdan nə istəsən yetişdirmək  olar. Ona kitab verəndə diqqətlı olmalıyıq".

Digər tərəfdən müəllif hesab edir ki, övladlarımıza cəmiyyətin ancaq yaxşı tərəflərini göstərmək, onları sadəlövh, yamanlığa yaxşılıq ruhunda böyütmək də doğru deyil: "Xeyirlə-Şərin mübarizəsində heç də həmişə Xeyir qalib gəlmir. Dünyada, cəmiyyətdə pis-yaxşı nə varsa bunu uşaqlara göstərmək lazımdır ki, sabah belə vəziyyətlərlə qarşılaşanda nə etməli olduğunu bilsin, özünü itirməsin. Amma bunu bayağı şəkildə deyil, üsulluca eləmək lazımdır. Dünya uşaq ədəbiyyatında bu praktika var. Klassiklərimizdən də nümunələr gətirmək olar. Bəlkə də Qaraca qız sonda ölməsəydi, əsər bizə bu qədər təsir etməzdi."

Reyhan Yusifqızı qeyd edir ki, bu barədə tənqidçilər, məsul qurumlar və səlahiyyətli şəxslər fikirlərini açıqlasalar daha yaxşı olar. Biz uşaqlarımıza nə vermək istəyirik, bunu uyğun görürükmü, onları necə bir cəmiyyətə hazırlayırıq - səlahiyyətli qurumlar təyin və nəzarət etməlidir."

Loqos Psixoloji Nitq İnkişaf Mərkəzinin uşaq şöbəsinin baş psixoloqu Anara Quliyeva bildirir ki, nağılların uşaq psixologiyasındakı rolu əvəzsizdir: "Bu cümləmin böyüklüyünü psixologiya elmində " nağıl terapiyasi"nın varlığı ilə təsdiqləyə bilərəm. Nağıl terapiyası vasitəsilə həm də insanların özlərinə səbəbi məlum olmayan problemlər aşkar edilir. Yəni, diaqnostika edib müəyyənləşdirir, həm də korreksiya, yəni müalicə edirik. Nağıl terapiya körpə uşaqların hələ formalaşmamış, təməli yeni qoyulan şəxsiyyətlərinin inkişafına olduqca böyük və güclü dəstəkçidir. Biz uşağımıza nağıl danışdığımız zaman ona eyni zamanda aşağıda qeyd etdiklərimi öyrədirik:

1. Uşaqda dinləmə mədəniyyəti formalaşdırırq:

2. Söz ehtiyatını genişləndiririk:

3. Emosiyaların formalaşmasına dəstək oluruq:

4. Empati bacarığını öyrədirik:

5. Xəyal gücünü genişləndiririk:

6. Doğru-yalnış davranışları ayırd etməyi öyrədirik:

7. Uşaqların mücərrəd düşünməsi, məsələ həllini, bir sonrakı addımı düşünməsini öyrədirik:

8. Uşaqların diqqətini, məntiqini, yaddaşını gücləndiririk

9. Nağıl danışan insanla uşaq arasında güclü emosional əlaqə yaranır, ailə bağları və ailə dəyərləri güclənir."

Psixoloq qeyd edir ki, hər yaş dönəmində uşaqlara danışacağımız nağılların da özünəməxsus xüsusiyyətləri var: "Məsələn 1-3 yaşına kimi uşaqlara məzmununda bir neçə təkrar hadisələr olmalıdır. Nağıl kitablarının böyük bir qismini şəkillər təşkil etməlidir. 3-6 yaşlı uşaqlar üçün yazılmış nağıllar ailə dəyərləri, uşağın mənsub olduğu xalqın ənənələri, mədəni dəyərləri, örnək davranış nümunələri, uşağın ətrafında yaşanan hadisələri özündə əks etdirən sujet xəttindən ibarət olmalıdır. Uşaqlar nağılda pis-yaxşı, olar-olmaz anlayışlarını yaşlarına uyğun şəkildə öyrənməlidir. 6-10 yaşlı uşaqlar üçün yazılan nağıllarda daha çox dünyəvi elmlər, tədqiqatlar, araşdırmalar, müxtəlif ölkələrin mədəniyyətləri, problem və həlli üzərinə sujet xəttindən ibarət olmalıdır."

Anara Quliyeva bildirir ki,  "Qaz ilə göyərçinin əhvalatı" nağıl kitabını müəllif   məktəbəqədər ( 3-6 yaş) və ya ən yaxşı ehtimalda kiçik məktəblilərə ( 6-10 yaş) ünvanlayıb. Təbii ki, nağılın sujet xətti bu iki yaş qrupu üçün heç də uyğun deyil.  Hər iki yaş qrupuna daxil olan uşaqlar üçün ailə ata, ana və uşaqdan ibarət olur. Bu yaş qrupunda uşaqlar üçün valideynlərinin başqa birini sevib, bəyənməsi və ya valideynlərinin bir-birinə xəyanət edə bilməsi anlayışı heç bir şəkildə aydın olmur. 3-8 yaş aralığında olan uşaqların ailəsində buna bənzər problem olsa belə və hətta buna görə ailə dağılsa belə uşaqlar bunu yeniyetməlik dönəmində ( 11-13 yaş) dərk etməyə başlayırlar. Buna görə də nağılda evli biri ilə eşq yaşamaq hissəsi qətiyyən azyaşlılara aşılana biləcək bir fikir deyil."

Anara Quliyeva qeyd edir ki, maddi dəyər anlayışını uşaqlar 6 yaşından sonra daha yaxşı anlamağa başlayırlar: "Amma heç bir uşağa "kimin pulu çoxdursa, o istədiyini edə bilər" fikri təlqin edilməməlidir. Bu zaman uşaqlar maddi dəyər anlayışını yalnış qavramağa başlayacaqlar.  Daha sonra nağılda uşaqlara vəziyyətdən çıxarmaq üçün yalan da danışa bilərsiniz anlayışı yüklənir. Necə ki qaz arvadının  onu aldatdığını bilməsin deyə, evə hədiyyələr alıb yalan danışır. 

Ümumilikdə nağılda görə bildiyim qədər uşaqlara nə ailə dəyəri, nə mədəni dəyərlər və adət-ənənələr, nə də düzgün davranış nümunəsi aşılanır. Bu kitab 3-10 yaş qrupuna daxil olan uşaqlar üçün qətiyyən uyğun deyil. Uşaqlarınıza nağıl seçdiyiniz zaman mütləq onun yaş xüsusiyyətlərini nəzərə alın və müəllifin akademik fəaliyyətini iki dəfə yoxlayın."

Filologiya üzrə fəlsəfə doktoru, dosent, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Aygün Bağırlı uşaq ədəbiyyatına, uşaq mətbuatına və uşaq nəşrlərinə nəzarət mexanizminin  vacibliyini,  ümumiyyətlə, uşaqlar üçün yazmağın  hər kəsdən böyük məsuliyyət tələb etdiyini bildirir: "Hər müəllif düşünsə ki, yazdığı əsər vasitəsilə ünsiyyətdə olduğu azyaşlı ətrafı, insanları, hadisələri, ümumilikdə dünyanı həm də onun əsərlərilə tanıyacaq, öhdəsinə necə böyük məsulliyət düşdüyünü bilər. Bədii əsərlərin uşaqların estetik zövqünün formalaşmasında, şəxsiyyət kimi yetişməsində rolu danılmazdır. Məqsədimiz bu haqda danışmaq deyil. Məsələ budur ki, bu gün kitabxanası, kitabxanası ilə birgə dünyagörüşü yeni formalaşan uşaqlara, yeniyetmələrə keyfiyyətli məhsul verilirmi? Keyfiyyət deyəndə əsərin bədii-poetik gözəlliyindən, ideya və məzmunundan tutmuş rəssam işi, nəşriyyat işi - hamısını nəzərdə tuturam. Bu təkcə müəllifin yox, bütöv bir komandanın işi olmalıdır, kicik oxucuya təqdim olunan əsər, mən deməzdim senzuradan, amma bir mütəxəssis rəyindən keçməlidir. Pedaqoqlardan, psixoloqlardan ibarət bir qurumun fikri öyrənilməlidir. Bu günlərdə sosial şəbəkələrdə ictimaiyyətin haqlı qınağına səbəb olan əsərə gəldikdə isə deyim ki, belə əsərləri uşaqlara təqdim etmək həm müəllifin, həm nəşriyyatın məsuliyyətsizliydir. Belə əsərlər az deyil. Amma Təhsil Nazirliyinin,Yazıçılar Birliyinin və başqa qurumların bu əsərlərə müdaxilə etməyə, hansısa qadağa qoymağa hüquqi səlahiyyəti yoxdur. Nəticədə belə zərərli, hətta zəhərli əsərlər kitab rəflərinə, oxucu əlinə qədər gəlib çıxır."

Aygün Bağırlı bu gün uşaq ədəbiyyatı yaranmır, usaqlar üçün yaxşı əsərlər yazılmır deyənləri hədəf alaraq qeyd edir ki, əslində belə deyil: "Bu gün uşaq ədəbiyyatının problemləri var, bunu inkar etmək olmaz, amma uşaq ədəbiyyatı yoxdur, demək də uşaq yazarlarının zəhmətini, bu sahədəki nailiyyətləri yerə vurmaqdır. Sadəcə qeyd edim ki, yazılan yaxşı əsərlərin çapı, ünvanına çatdırlması mexanizmi düz deyil. Əvvəllər uşaqlar üçün çap olunan jurnalların tirajı o qədər yüksək, abunə xidməti elə idi ki, hər jurnal ucqar kənddəki uşağın da əlinə gedib çatırdı. Bu gün "Göyərçin", "Qaranquş" "Göy qurşağı", "Günəş" kimi uşaq jurnallarını ancaq müəyyən uşaq kitabxanalarında görmək olur. Bunun həlli yolu uşaqlar üçün elektron kitabxanaların, internet resurslarının yaradılmasıdır. Dünya ədəbiyyatından nümunələr, klassiklərin, müasir uşaq yazarlarının əsərləri uşaqlara əlçatan olmalıdır. Onların zövqü belə əsərlərlə formalaşmalıdır.

Bir haşiyə çıxım, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə müraciət edək, İngiltərədə artıq 10 ildən çoxdur ki, dövlətin xüsusi tapşırığı və nəzarəti ilə "Uşaqlar nə oxuyur" adlı sorğu keçirilir. Bu sorğu həm məktəbəqədər təhsil müəssisələrində, həm də məktəblərdə aparılır. Sorğunun əsas məqsədi təbii ki, uşaqların sevimli kitabını müəyyənləşdirməklə bərabər, həm də uşaqların psixologiyasında, zövqündə gedən dəyişiklikləri mütəmadi olaraq izləmək və analiz etməkdir. Sonda böyük bir psixoloq və pedoqoq heyəti bu nəticələri müzakirə edir. Son illərdə keçirilən sorğuda isə gözlənilməz nəticələr üzə çıxıb. Uşaqların neçə illərdir sevə-sevə oxuduqları komik, fantastik, əyləncəli əsərlər siyahının aşağı pilləsinə düşmüş, əvəzində isə qorxulu səhnələr yer alan, ruhlardan, hibrid-insanlardan bəhs edən əsərlər oxu reytinqinə görə üstünlük qazanmışlar. Psixoloqlar kəskin dəyişən bu nəticələrin səbəblərini öyrənməyə çalışırlar. Bizdə isə belə görünür ki, nəinki uşaqların dəyişən maraqlarını və zövqlərini müşahidə edən, heç onlara təqdim olunan əsərlərə nəzarət edən mexanizm də yoxdur."

Olaylar.az -ın sorğusuna cavab verən Təhsil Nazirliyi bildirir ki, istənilən kitab nəşriyyat məhsulu hesab edilir və onun hazırlanması "Nəşriyyat işi haqqında Azərbaycan Respublikasinin Qanunu"na əsasən həyata keçirilir: "Bu Qanuna əsasən nəşr üçün nəzərdə tutulmuş əsərlərin, əlyazmaların və digər materialların senzurasına yol verilmir. Hər bir hüquqi və fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada nəşriyyat məhsulunun sifarişçisi ola bilər. Nəşriyyat materiallarının müəllifi deyillərsə, dövlət orqanlarının nəşrə hazırlanan materialların qabaqcadan onlarla razılaşdırılmasını tələb etmək və yayılmasını qadağan etmək hüququ yoxdur. Amma bununla bərabər qeyd edilən qanuna əsasən naşirlər, çap məhsullarını hazırlayanlar və yayıcılar "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə riayət etməyə borcludurlar. Qeyd edək ki, uşaqlar üçün zərərli informasiya dedikdə uşaqlar üçün nəzərdə tutulmayan və uşağın fiziki və ya psixi sağlamlığına mənfi təsir göstərən, o cümlədən təhrif olunmuş sosial təsəvvürlərin formalaşdırılması vasitəsilə onların mənəvi, psixi, fiziki və ya sosial inkişafında pozuntu yaranmasına səbəb olan məlumatı özündə ehtiva edir. Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar."
Nazirlikdən bildirilir ki, bu gün bazarda mövcud olan kitabların məzmununa nəzarət Təhsil Nazirliyinin səlahiyyətlərinə aid deyildir: "Amma kimin və necə hazırlamasından asılı olmayaraq bu kitablardan ümumi təhsil müəssisəsi daxilində tədris prosesində istifadə edilməsi nəzərdə tutulursa, burada artıq Təhsil Nazirliyinin ciddi nəzarət mexanizmi mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2020-ci il tarixli 67 nömrəli qərarı ilə təsdiqlənmiş "Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası"na əsasən ümumi təhsil müəssisələrinin istifadə edilməsi üçün nəzərdə tutulan bütün dərsliklərin məzmun keyfiyyəti Təhsil Nazirliyi tərəfindən qiymətləndirilir və yalnız qiymətləndirmədən keçdiyi halda onların məzmunu təsdiqlənir. Qaydalara əsasən digər tədris vasitələri ümumi təhsil müəssisəsi daxilində tədris prosesinə yalnız o zaman buraxıla bilər ki, onlar məktəbin pedaqoji şurası (və ya digər ali idarəetmə orqanı) tərəfindən təsdiqləsin.
Təbii ki, pedaqoji şuralar bu zaman çox diqqətli olmalı, yalnız keyfiyyətinə əmin olduqları tədris vasitələrini tədris prosesinə buraxmalıdırlar. Valideynlər məzmun keyfiyyətində problemlər olan tədris vasitələrindən istifadəni müşahidə edərlərsə, məktəb rəhbərliyinə müraciət edərək bu tədris vasitələrinin təsdiq olunub-olunmaması haqqında qərarla tanış ola və bu barədə öz fikirlərini bildirə bilərlər. Valideynin etirazına baxmayaraq tədris prosesində məzmun keyfiyyətində qüsurlar olan tədris vasitələrindən istifadə davam etdirilərsə, müraciətçinin dərhal bu barədə müvafiq üst qurumları məlumatlandırması tövsiyə olunur."

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də  "Qaz ilə göyərçinin əhvalatı" adlı kitabla bağlı məlumat yayıb.

Dövlət Komitəsindən verilən məlumatda bildirilib ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğu iddia edilən şairə Aygün Bal müəllifi olduğu kitabında uşaqların yaş xüsusiyyətlərini, həmçinin seçdiyi mövzunun didaktik və tərbiyəvi əhəmiyyətini nəzərə almayıb: 

"Şübhəsiz ki, bədii ədəbiyyatın tərkib hissəsi olan uşaq ədəbiyyatı birbaşa təlim-tərbiyə və yeni nəslin ədəbi zövqünün formalaşması vasitələrindən biridir. Məhz bu səbəbdən hər bir ədəbi nümunə gələcəyimiz olan övladlarımızın formalaşması işinə öz müsbət təsirini göstərməklə yanaşı, həm də uşaq psixologiyasına və marağına müvafiq məzmunda və üslubda yazılmalıdır. Adıçəkilən çap məhsulunda istifadə olunan ifadələrin azyaşlı uşaqlara göstərə biləcəyi mənfi təsirləri nəzərə alaraq vəsaitin istifadəsinin Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun gəlmədiyini qeyd etmək lazımdır. 

Belə ki, ailə institutunu nüfuzdan salan informasiyalar uşaqlar arasında dövriyyəsi qadağan olunan informasiyalar sırasına aid edilib. "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən həmin informasiya məhsullarının uşaqlar arasında yayılması qadağandır. Həmçinin, bu qanunun tələblərinə zidd olaraq sözügedən "kitab" ekspert rəyi olmadan çap edilib.

Məlumat üçün bildiririk ki, İnzibati Xətalar Məcəlləsinin 388-2.0.2-ci maddəsinə əsasən informasiya məhsulunun "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən həmin Qanunla müəyyən edilmiş hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə ərazisində yayılmasına görə inzibati məsuliyyət nəzərdə tutulub.

Nazirlər Kabinetinin 29 iyul 2020-ci il tarixli 267 nömrəli Qərarı ilə təsdiq edilmiş "İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları"na əsasən informasiya məhsullarının ekspert rəyi olmadan yayılması inzibati məsuliyyətə səbəb olur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq uşaqların istifadəsi üçün bu kimi informasiya məhsullarının yayılmasını məqsədəuyğun olmadığını vurğulamaqla yanaşı, bu barədə məlumatların yayılmasına görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırırıq".

Nigar Adil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31