Azərbaycan xalqının və dövlətinin Qarabağ məsələsində həmrəylik nümayişi- ŞƏRH

Vətəndaşlarımızın könüllü şəkildə ordu sıralarına yazılması bunun əyani sübutudur

Azərbaycanın artan iqtisadi gücü, imkanları onun ordusunun daga da güclənməsi, modernləşməsinə gətirib çıxarır. Ölkəmiz müharibə şəraitində olduğundan bu sahəyə artan diqqət və qayğı, dövlət dəstəyi, Silahlı Qüvvələrimizin ən müasir silahlar və digər texnikalarla təmin olunması Azərbaycan Ordusunun dünyanın güclü orduları ilə bir sırada qərarlaşdırıb. Təsadüfi deyil ki, bu gün Azərbaycan ordusu təkcə regionda deyil, eləcə də dünyada özünün gücü, qüdrəti ilə seçilir, ön sıraları tutur. Bütün bu imkanlar isə Azərbaycan Ordusunun qarşısına qoyduğu bütün hədəfləri dəf etməyə yol açır. İstər 2016-cı ilin Aprel döyüşləri, istər Güngüt zəfəri, istərsə də Tovuz təxribatı zamanı ermənilərə güclü sarsıdıcı zərbələrin vurulması deyilənləri təsdiqləyir. Bütün bunlar Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrə, Orduya olan inamı daha da artırır. Eyni zamanda cəmiyyətdə, xüsusilə gənclər arasında vətənpərvərlik hisslərinin daha da yüksəlməsinə səbəb olur. Elə məlum Tovuz təxribatından sonra Ali Baş Komandanın çağırışına cavab olaraq on minlərlə vətəndaşımızın könüllü olaraq ordu sıralarına yazılması da bunun təsdiqidir. Təssadüfi deyil ki, bu günlərdə ölkənin şimal-qərb regionuna səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də keçirdiyi görüşlərdə bu məqama xüsusi diqqət çəkib. Prezident İlham Əliyev Balakən regional ASAN Mərkəzinin açılışında diqqətə çatdırıb ki, bu ayın ortasında Nazirlər Kabinetinin toplantısında səsləndirdiyi məlum fikirlərdən sonra  bir həftə keçməmiş 50 mindən çox Azərbaycan gənci Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə üz tutdu və özlərini könüllü olaraq Vətəni qorumaq istəyən insanlar kimi orada qeydiyyata aldırdılar. Vətəndaşlarımızın bu cür təşəbbüsünü təqdir edən dövlət başçısı, həmçinin onu da qeyd edib ki, hazırda Azərbaycan Ordusunun canlı qüvvəyə ciddi ehtiyacı yoxdur və ehtiyac yarandığı təqdirdə könüllülərdən istifadə ediləcək: "Mən demişəm ki, Azərbaycan Ordusu tam komplektləşdirilib və bu gün əlavə canlı qüvvəyə ehtiyac yoxdur. Ancaq əgər ehtiyac olarsa, bir həftə ərzində qeydiyyata alınmış 50 mindən çox insan Vətən uğrunda, torpaq uğrunda vuruşmağa hazırdır". Prezident onu da diqqətə çatdırıb ki, əslində vətəndaşlarımızın bu təşəbbüsü həm də Azərbaycanın xalqının və dövlətinin Qarabağ məsələsində həmrəyliyinin nümayişidir.

Doğurdan da diqqət etsək görərik ki, dünyanın bir çox ölkələrində gənclərin ordudan yayınması və alternativ hərbi xidmətlərə üz tutduğu, həmçinin Ermənistan daxil olmaqla digər ölkələrdə muzdluların orduya cəlb edildiyi halda Azərbaycan gənclərinin və ümumiyyətlə, xalqının vətənpərvərliyi, könüllü olaraq ordu sıralarına yazılması mühüm göstəricidir. Bu həmçinin orduda aparılan köklü islahatların, xalqın orduya inamının və "Xalq-Ordu" vəhdətinin əyani sübutudur.

Elə Milli Məclisin deputatı Nəsib Məhəməliyev də bu qənaətdədir. O, bildirib ki, iyul ayının 12-14-də Tovuz rayonunda baş vermiş təxribatlardan sonra Azərbaycan Ordusunun layiqli cavabı və xalqımızın nümayiş etdirdiyi həmrəylik, xarici ölkələrdə soydaşlarımızın keçirdikləri aksiyalar, Ermənistan cəmiyyətində parçalanmalara, qarşıdurmalara səbəb oldu. Deputatın sözlərinə görə, ermənilər çox böyük ümidlə gözlədikləri, əsasən uzun illər manipulyasiya etdikləri KTMT-ı daxil olmaqla, heç bir beynəlxalq təşkilat və yaxud böyük dövlətlər tərəfindən açıq dəstək ala bilmədilər: "Əksinə, Qoşulmama hərəkatı, İƏT-ı, Türk Şurası, ABŞ-nın Konqresi, Britaniya Parlamenti , Avropa Parlamentinin Cənubi Qafqaz üzrə həmməruzəçiləri Ermənistanı işğalçı dövlət olaraq tanıdılar. Çünki, heç bir özünə hörmət edən beynəlxalq təşkilat və yaxud dövlət, işğalçını dəstəkləməklə, adını ləkələmək istəmir. Bu onun göstəricisidir ki, dünya birliyi Azərbaycanın haqlı mövqeyini qəbul edir. Azərbaycan xalqı neçə illər keçməsinə baxmayaraq, öz təbii hüquqlarından imtina etməyəcəkdir. Qarabağı zamanla unutdurmaq, (ermənilər və onlara havadarlıq edənlərin istinad etdikləri) ideyası özünü doğrultmur. Hadisənin baş verdiyi andan qardaş Türkiyənin siyasi rəhbərliyinin bir mənalı, qəti şəkildə ölkəmizə dəstək nümayiş etdirməsi, TBMM-də təmsil olunmuş əsas siyasi partiyaların birgə bəyanatından sonra qorxuya düşən düşmən KTMT-na müraciət etdi. Lakin, son iki il ərzində həmin təşkilat daxilindəki ,, fəaliyyətinə,, görə layiq olduqları yer göstərildi".

Deputat qeyd edib ki, əvvəlcədən planlaşdırılmış, real döyüş şəraitinə uyğun, geniş miqyaslı Türkiyə-Azərbaycan hərbi təlimlərinin başlaması isə, ermənilərin yuxusuna narahatçılıq qatıb: "Türk silahlı qüvvələri Azərbaycan ərazisinə daxil olandan bəri erməni əsgərləri ordudan qaçmağa başlayıblar. Mülki vətəndaşların əvvəllər də müşahidə olunan miqrasiyası, son günlər Gürcüstan ərazisindən keçməklə intensivləşib. Ermənistan xəbər saytları belə, bu qaçışı gizlətmirlər. Hökumət və dünya erməniliyi əsil ağlaşma qurublar. Aya Sofya məsələsindən tutmuş, ən cüzi məsələlərdən istifadə etməklə, Türkiyə və Azərbaycanla münasibətlərə dini don geyindirərək, beynəlxalq ictimaiyyəti əleyhimizə qaldırmağa cəhd edirlər".

Nəsib Məhəməliyev deyib ki, Cənab Prezident erməni xalqına yaxşı məsləhət verdi: "Ermənilər başa düşməlidirlər ki, Azərbaycan artıq 90-cı illərin geridə qalmış zəif ölkəsi deyil. Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasına daxildir. Azərbaycan əsgəri ən müasir silahlarla təchiz olunmuş, torpaqları azad etmək üçün ölümün gözünə qorxmadan baxan, vətəni üçün istənilən anda şəhid olmağı özünə şərəf bilən əsgərdir. Tarixin acı ironiyası ilə, 100 il bundan əvvəl dünyada baş vermiş geosiyasi oyunların nəticəsində iki qardaş ölkənin arasına soxularaq özlərinə yuva qurmuş erməni xalqı başa düşməlidir ki, bu düşmənçiliyin sonu acınacaqlı ola bilər. Gec-tez Azərbaycan xalqı Qarabağı və ətraf rayonları azad edəcəkdir. Buna kimsənin şübhəsi olmasın".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31