Öz vətəndaşını qorumaq üçün dövlətimiz bütün potensialından istifadə edir
17 Aprel 2020 15:07 Sosial"Pandemiya sərhəd tanımayan, çox sayda insanın yoluxa biləcəyi epidemiyadır. Ümumdünya Səhiyyə Təşkilatı artıq bir neçə aydır ki, dünyanı təşvişə salan yeni koronavirusu (COVID-19) pandemiya elan edib və pandemiya dünyanın istənilən ölkəsi üçün təhlükəlidir. Artıq bildiyimiz kimi vaxtında zəruri addımlar atılmazsa, inkişaf səviyyəsindən asılı olmayaraq, istənilən ölkəyə sarsıdıcı zərbə vura bilər."
Olaylar.az bildirir ki, bu fikirləri "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri h.e.d., prof. Mayis Əliyev deyib.
O bildirib ki, "Biz birlikdə güclüyük!" - Azərbaycan Prezidenti cənab İlham Əliyevin söylədiyi bu fikir geniş ictimaiyyət arasında bir şüara çevrilib: "Həqiqətən də milli həmrəyliyimiz, milli birliyimiz bu gün dünyada tüğyan edən koronavirus sınağından uğurla çıxmağımız üçün başlıca şərtlərdir. Danılmaz faktdır ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır, onun təhlükəsizliyini və sağlamlığını qorumaq üçün bütün imkanlarını səfərbər edir. Bu gün bütün nazirliklər öz sahələri ilə bağlı gərgin iş rejimində fəaliyyətlərini davam etdirirlər."
Sədr qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqımıza Novruz təbrikində bir daha vurğuladı ki, hər bir Azərbaycan vətəndaşının arxasında dövlət dayanıb və öz vətəndaşını qorumaq üçün dövlətimiz bütün potensialından istifadə edir: "Danılmaz faktdır ki, koronavirus epidemiyasına qarşı Azərbaycan dövləti tərəfindən təqdirəlayiq qabaqlayıcı addımlar atılmaqdadır. Məhz bunun nəticəsidir ki, həyata keçirilən preventiv tədbirlər epidemiyanın yayılmasının qarşısını ciddi şəkildə almaqdadır".