Azərbaycan qüdrətli dövlətdir

Sədaqət Vəliyeva: "Prezident İlham Əliyev isə bu xalqın, dövlətin xilaskarıdır"

Bütün dünya ölkələri kimi Azərbaycan da hazırda ciddi bir problemlə, koronavirus pandemiyası ilıə üz-üzədir. Düzdür, Azərbaycan digər ölkələrdən fərqli olaraq nisbətən az itgi və zərərlə üzləşsə də, lakin ümumilikdə pandemiyanın ölkəmizə təsirləri kifayət qədərdir. Ancaq eyni zamanda bu təsirləri azaltmaq, onu minimuma endirmək istiqamətində ölkədə kifayət qədər genişmiqyaslı tədbirlər həyata keçirilir. Elə pandemiyanın Azərbaycanda o dərəcədə geniş yayılmamasının başlıca səbəbi də məhz dövlətin bu sahədə təxirəsalınmaz tədbirlər həyata keçirməsidir. Təsadüfi deyil ki, aprelin 14-də cari ilin birinci rübünün sosial iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair videkonfrans vasitəsilə keçirilən müşavirədə də Prezident İlham Əliyev bu məqama toxunub. Dövlət başçısı qeyd edib ki,  koronavirus böyük bəladır, 100 mindən çox insanın həyatına son qoyub: "Demək olar ki, dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır. Azərbaycan da dünyanın bir parçasıdır. Ancaq deyə bilərəm ki, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq. Hesab edirəm ki, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır. Əgər bu addımlar vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, bu gün xəstələrin sayı min yox, bəlkə də 10 min, bəlkə də 20 min ola bilərdi".

Elə millət vəkili Sədaqət Vəliyeva da deyir ki, virusun ölkəmizə təsirlərinin azaldılmasında dövlətin, hökumətin həyata keçirdiyi tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Millət vəkili deyib ki, 2020-ci il Azərbaycan üçün uğurla başlayıb və inkişaf, tərəqqi müşahidə olunub. Onun sözlərinə görə, cari ilin ilk aylarının göstəriciləri bir daha sübut edir ki, Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır: "Lakin o da bəllidir ki, bütün dünya iqtisadiyyatı üçün böyük problem olan koronavirus pandemiyası Azərbaycanın iqtisadi inkişafına da öz təsirini göstərdi. Pandemiyanın mənfi təsirlərinin qarşısını almaq üçün ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində vəziyyət nəzarətdə saxlanıldı, dünyanın inkişaf etmiş ölkələrində meydana çıxan sosial-iqtisadi problemlərin Azərbaycanda daha dərin müşahidə edilməsinə imkan verilmədi. İnkişaf etmiş ölkələrin təcrübəsi onun göstərir ki, heç bir ölkə özünü tam sığortalı hesab edə bilməz. Amma çox sevindirici haldır ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirusla mübarizə sahəsində bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə olub və nəticədə vəziyyəti nəzarət altında saxlamaq mümkünləşib. Təsadüfi də deyil ki, Azərbaycanda bir neçə ölkə artıq Azərbaycanın təcrübəmizdən yararlanır.
Prezident İlham Əliyevin addımları və qərarları bir daha sübut edir ki, dövlət üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır". Millət vəkili deyib ki, Azərbaycan Prezidentinə ünvanlanan çoxsaylı müraciətlər də vətəndaşların görülən işləri yüksək qiymətləndirdiyini nümayiş etdirir: "Bütün dünya şahiddir ki, Azərbaycanda dövlət mövcud vəziyyətdən əziyyət çəkən vətəndaşların problemlərini həll edir. Böyük məbləğdə vəsait ayrılıb, 600 mindən çox insan dövlət tərəfindən dəstəklə təmin edilir, onların maaşlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Həmçinin, işsizlərlə bağlı problemlər öz həllini tapır və işini itirənlər artıq öz adlarını kütləvi surətdə "e-sosial.az" saytında qeydiyyata salırlar. Bu məqamda qeyd edim ki, deputat qərargahımda "e-sosial.az" saytında qeydiyyatdan keçmək üçün rayon sakinləri üçün online xidmət mərkəzi də yaradılıb. Bu günə qədər online rejimdə rayonun 100-dək sakininə "e-sosial.az" saytında qeydiyyatdan keçməyə köməklik edilib".
Sədaqət Vəliyeva qeyd edib ki, pandemiya dövründə atılan addımlar, görülən işlər Azərbaycanın həmişə olduğu kimi öz gücünə arxalandığını isbatladı: "Artıq uzun illərdir ki, həm siyasi, həm iqtisadi sahələrdə, sosial məsələlərin həlli istiqamətində Azərbaycan heç kimdən asılı olmadığını sübut edib. Elə pandemiyanın yaratdığı çətin vəziyyətdən şərəflə çıxmaq bir daha göstərəcək ki, bütün addımlar düşünülmüş addımlardır və xalqın, dövlətin maraqlarına uyğundur, Azərbaycan qüdrətli dövlətdir, Prezident İlham Əliyev isə bu xalqın, dövlətin xilaskarıdır".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31