Əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetidir- TƏHLİL
15 Aprel 2020 12:13 SosialAzərbaycan bu gün koronavirusa qarşı effektli və dünyaya nümunə ola biləcək bir mübarizə yolu keçməklə yanaşı, eyni zamanda bu pandemiyanın zərər vurduğu ayrı-ayrı sahələrin mövcud durumunun nisbətən yaxşılaşdırılması, həmin sahələrə müəyyən konpensasiyaların ödənilməsi istiqamətində də səmərəli fəaliyyət göstərir. Bu məqsədlə başda Cənab Prezident olmaqla hökumətin müştərək şəkildə, əlaqəli fəaliyyəti qarşıya qoyulan məqsədlərin reallaşmasına imkanlar yaradır. Məlum olduğu kimi, artıq koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyi göstərilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, 14 aprel tarixinə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 10.914 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 16.502 fərdi (mikro) sahibkar, cəmi 27.416 vergi ödəyicisi müraciət edib. Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi layihəsi çərçivəsində müraciət etmiş 10.914 vergi ödəyicisində çalışan muzdlu işçilərin sayı 124.510 nəfərdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu müraciətlərdən 78.068 işçini əhatə edən 8.487 vergi ödəyicisinin müraciətləri araşdırılaraq təsdiq edilib və ayrılacaq maliyyə vəsaitinin vergi ödəyicilərinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Bu proqram üzrə indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 33,78 mln. manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 16,9 mln. manat təşkil edir. Aprelin 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 2.636 vergi ödəyicisinə 24.463 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 5,31 mln. manat vəsaitin köçürülməsi təmin edilib.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 16.502 vergi ödəyicisindən müraciət daxil olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 15.689 müraciət araşdırılaraq təsdiq edilib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib.Bu proqram üzrə indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 15,48 mln. manattəşkil edir. Aprelin 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən maliyyə dəstəyi çərçivəsində 3,53 mln. manat vəsaitin 3.041 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.
Müraciətlərin operativ qaydada araşdırılması üçün müvafiq işçi heyət intensiv olaraq çalışır və bu barədə ictimaiyyətə gündəlik məlumat veriləcəkdir. Maliyyə dəstəyi proqramı çərçivəsində edilmiş müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə məlumat bildiriş formasında vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergi ödəyiciləri Dövlət Vergi Xidmətinin "195" Çağrı Mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.
Dövlət tərəfindən atılan bu addım birmənalı olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsinə hesablanmış addım kimi qiymətləndirilir. Elə millət vəkili Sədaqət Vəliyeva da bu qənaətdədir. O, bldirib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetidir. Millət vəkilinin sözlərinə görə, Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə dövründə də əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir: "Prezident İlham Əliyevin xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların əməkhaqqının artırılması haqqında Sərəncamı ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Sərəncam xüsusi karantin rejimi dövründə vətəndaşlara sosial xidmətlərin səmərəli təşkilinə xidmət edən şəxslərə, ümumiyyətlə, sosial xidmət işçilərinin əməyinə verilən yüksək dəyərin və onlara xüsusi qayğının ifadəsidir. Sərəncam ümumilikdə 2 min sosial xidmət işçisini əhatə edir. Heç kəsə sirr deyil ki, xüsusi karantin rejimi dövründə infeksiyaya yoluxma riski yüksək olan yaşı 65-dən yuxarı şəxslərin pandemiyadan qorunması məqsədilə onların evdən çıxmaları qadağan edilib. Bununla əlaqədar dövlət başçısının göstərişinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər edilməklə, gücləndirilmiş iş rejimi şəraitində yaşı 65-dən yuxarı tənha yaşayan şəxslər evlərində gündəlik sosial xidmətlərlə təmin olunur. Hazırda bu kateqoriyadan olan 15 mindən çox tənha yaşlıya evlərində sosial xidmətlər göstərilir. Burada Yeni Azərbaycan Partiyasının könüllülərinin, fəallarının, gənclərinin xidmətini də xüsusi qeyd etmək lazımdır".
Sədaqət Vəliyeva deyib ki, ölkəmizin məqsədyönlü siyasətini cəmiyyətin, xalqın ehtiyacları əsasında formalaşdıran Prezident İlham Əliyev qarşıya respublikamızda sosial vəziyyəti dünyanın inkişaf etmiş ölkələrindəki səviyyəyə çatdırmaqla bağlı mühüm vəzifə qoyub: "Bu səbəbdən də sosial xidmətlər sahəsində xidmət göstərən işçilərin aylıq vəzifə maaşlarının nəzərəçarpacaq dərəcədə artırılması barədə sənəd dövlətimizin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını bir daha əyani şəkildə göstərir. Dövlət başçısının karantin dövründə imzaladığı bu Sərəncam sosial xidmətlər sahəsində fəaliyyət göstərən insanların həyat şəraitinin yaxşılaşdırılmasında onlara dəstək olmağa xidmət edir. Bütövlükdə sosial sahədə reallaşdırılan addımlar bir daha sübut edir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetidir".
Füzuli