Sosial şəbəkələr üzərindən yaradılan qərəzli koronavirus ajiotajı
5 Aprel 2020 18:36 SosialVə ya dövlətin bu istiqamətdə gördüyü tədbirlərə kölgə salmaq cəhdi
Bu gün bəşəriyyət ciddi bir sınaq, imtahan qarşısındadır. Başlanğıcını Çindən götürən və hazırda bütün dünyaya yayılan koronavirus pandemiyasının qarşısında demək olar ki, dünyanın supergücləri belə aciz durumdadırlar. Azərbaycan da dünyanın bir parçası, qlobal cəmiyyətin üzvü olduğu üçün beynəlxalq miqyasda, yaxın və uzaq qonşularımızda baş verənlərin bizə təsiri qeyd-şərtsizdir. Necə ki, Çindən başlanan, sonradan İtaliya, İspaniya, eləcə də bütün Avropa ölkələri və cənub qonşumuz İrana yayılan koronavirusu təəssüf də olsa Azərbaycana yayıldı. Və günümüzdə nə qədər ağrılı olsa da, bu təhlükə tendensiyanın daha çox artım tempi müşahidə edilir. Əgər ilk günlərdə Azərbaycanda koronavirusa yoluxanların sayı bir neçə nəfər qeydə alınırdısa və bu göstərici daha çox Azərbaycana müxtəlif xarici ölkələrdən, əsasən də Avropa ölkələri, İtaliya və İran İslam Respublikasından gələn soydaşlarımızla bağlı idi və sözügedən virus daha çox ölkəyə gələn həmin şəxslərdə aşkar edilirdisə, indi artıq daxildə də virusun yayılma prosesi müşahidə edilir ki, bu da kifayət qədər təhlükəli tendensiyadır. Həm virusun daha geniş spektrdə yayılması, həm də bu virusa yoluxanların sayının artması baxımından.
Təkcə son günlərin statistikasına nəzər yetirdikdə, bunu aydın görmək mümkündür. Məsələn, aprelin 4-nə qədər olan müddətdə hər gün Azərbaycanda koronavirusa yoluxanların sayı 20-25, bəzən 40-50 arasında dəyişirdisə, aprelin 24-də artıq koronavirusa yoluxanların sayı 78 nəfər qeydə alınıdı. Nəticə etibarilə Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına yoluxanların sayı 555-ə çatdı. Həm xalqımız, həm də dövlətimiz, eyni zamanda vətəndaşlarımızın keşiyində layiqincə dayanan həkimlərimiz, ümumilikdə tibb personalı üçün bu olduqca risqli və təhlükəli tendensiyadır. Həmçinin çətin bir durumdur. Ancaq burada diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, hər zaman olduğu kimi, bu dəfə də bəlli qüvvələr sosial şəbəkələrdə cəmiyyət arasında çaşqınlıq yaratmağa, dövlətin, onun müvafiq strukturlarının bu sahədə gördüyü işləri gözdən salmağa çalışan paylaşımlar edir, insanlar arasında mənfi rəy formalaşdırmağa səy göstərirlər. Gah dövlətin bu istiqamətdə gördüyü işlərin yetərsiz olduğu iddia edilir, gah da virusa yoluxanların sayının artmasında hansısa mıqamlar axtarırlar. Ancaq hərşeyşünaslar unudurlar ki, ölkədə koronavirusa yoluxanların sayının artması həm daxili, həm də xarici amillərlə bağlıdır. Daxili amillər ondan irəli gəlir ki, insanlar dövlətin, hökumətin koronavirusun qarşısının alınması məqsədilə tətbiq etdiyi karantin rejiminə əməl etmir, bir sıra hallarda həmin qaydaları kobud şəkildə pozur. Kütləvi yerlərdə dolaşan, ictimai nəqliyyatdan istifadə edən bu kimi şəxslər təkcə özləri deyil, eləcə də ətrafdakıları təhlükə altına atır, onların virusa yoluxmasına yol açırlar. Dövlətin, Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın tətbiq etdiyi sərt karantin tədbirlərinə əməl etməməklə yanaşı, hətta onu haqsız olaraq tənqid də edirlər. Belə olan halda virusun ölkədə yayılması üçün münbit şərait yaranır.
Xarici amillərə gəlincə isə, qeyd etdiyimiz kimi, dünyanın bir sıra ölkələrində olan vətəndaşlarımızın Azərbaycana qayıtması və onların potensial virus daşıyıcısı olması, Azərbaycanda bu mənfi tendensiyanın artam xətt üzrə getməsinə gətirib çıxarır.
Ölkədə koronavirusa yoluxanların sayının artmasına səbəb olan bir digər amil isə Azərbaycanın bu virusu müəyyən etmək üçün daha çox sayda test alması ilə bağlıdır. Bir qədər də dəqiqləşdirsək deyə bilərik ki, ilkin dövrdə inveksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı. Əgər ilkin vaxtlar ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi müayinələrin sayı mindən çoxdur. Hazırda ölkədə 35 mindən artıq test keçirilib. İmkanların genişlənməsi yoluxma hallarını müəyyənləşdirmək üçün imkanları artırıb. Bundan başqa Azərbaycan yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar alıb ki, bu da xəstəliyin üzə çıxarılmasında mühüm rol oynayır. Ona görə də bəzi dairələrin ölkədə koronavirusa yoluxanlarının sayının çox olmasını bu istiqamətdə aparılan tədbirlərin yetərli olmaması kimi xarakterizə etməsi olduqca absurddur. Ən azı yaxın qonşularımız və uzaq Avropada yaşananlara diqqət etdikdə, Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində kifayət qədər işlərin görüldüyü qənaətinə gələ bilərik. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatının aprelin 4-nə olan məlumatına görə, Ermənistanda 736 yoluxma və 7 ölüm faktı qeydı alınıb. Bu ölkədə Azərbaycanla müqayisədə 5 dəfəyə yaxın az, cəmi 7994 test aparılıb. Dünya təcrübəsinə gəldikdə, Avropada, xüsusən İtaliya və İspaniyada yoluxma halları və ölüm faktları artan xətt üzrə inkişaf edəndə, bu qitənin bir çox ölkəsində nisbi sakitlik hökm sürürdü. İndi isə koronavirus Avropanın çoxlu sayda ölkəsində tüğyan edir. Avropayla müqayisədə, ABŞ-da yayılma və ölüm halları gec başladı, indi isə bu ölkə az qala koronavirus pandemiyasının əsarəti altlndadır.
Azərbaycanda koronavirus əleyhinə aparılan tədbirlərin həm Ümumdünya Səhiyyə Təşkilatı, həm də BMT tərəfindən qaneedici səviyyədə qiymətləndirilməsi də deyilənləri təasdiqləyir ki, ölkədə aparılan antipandemkiya tədbirləri, görülən işlər doğru istiqamətdədir. Saadəcə yeganə məsuliyyətli davranış vətəndaşdan asılıdır. Bu arada onu da qeyd etmək yerinə düşər ki, son bir neçə gündə karantin qaydalarının daha da sərtləşdirilməsinin nəticəsidir ki, ölkədə koronavirusa yoluxanların sayında nisbi azalma müşahidə edilib. Hər halda aprelin 5-də əvvəlki günlə müqayisədə yoluxma sayının azlıq təşkil edib 63 nəfər qeydə alınması buna sübutdur. Ümid etmək olar ki, yaxın günlərdə ölkədə koronavirusa yoluxanların sayında kəskin şəkildə azalma müşahidə ediləcək.
Süleyman