Deputat: “Minlərlə soydaşımız xəbərdarlıqlara məhəl qoymadan karantin rejimini pozmağa çalışırlar”
4 Aprel 2020 15:55 Sosial"Daxili İşlər Nazirliyinin yaydığı xəbərdə bildirilir ki, sutka ərzində karantin rejimini pozduqlarına və buna cəhd etdiklərinə görə 5062 adama cərimə tətbiq olunub, 9 nəfər isə həbsə alınıb. Elə bu faktın özündən də bəlli olur ki, dövlətin gördüyü bu qədər qabaqlayıcı tədbirlərə rəğmən bizdə koronavirusa yoluxanların sayı nədən həndəsi silsilə üzrə artır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, minlərlə soydaşımız yenə də edilən xəbərdarlıqlara məhəl qoymadan karantin rejimini pozmağa çalışırlar: "Fərqində deyillər ki, bir çox qanun pozuntularından zərər görənlərin sayı bir neçə nəfəri keçmədiyi halda bu qəbildən olanlar yüzlərlə adamın həyatıyla oynamaq deməkdir . Azərbaycan polisinin bu cür qanun pozuntularının qarşısını qətiyyətlə almasını dəstəkləyir, "Tanrı sizi qorusun!" deyirəm. Çünki onlar da tibbi işçilərimiz kimi bizi qorumaq adına hazırda ən çox virusa yoluxmaq təhlükəsiylə üz-üzə qalan xilaskarlarımızdandırlar və öz vəzifə borclarını da mətanətlə, ləyaqətlə yerinə yetirirlər".