Milli mətbuatımız dövlətin və xalqın təhlükəsizliyi ilə bağlı məsələlərdə daim fədakarlıq nümayiş etdirib
4 Aprel 2020 13:39 SosialKeçmiş Sovetlər İttifaqının dağılması nəticəsində Azərbaycanda əldə olunan müstəqilliklə bərabər ölkə mətbuatının da yeni inkişaf mərhələsinə start verilib. Sirr deyil ki, o vaxta qədər Kommunist Partiyasının ideologiyasını təbliğ edən mətbuat cızılmış fəaliyyət dairəsindən kənara çıxa bilməzdi. Elə bu səbədən milli məsələlər, ayrı-ayrı xalqların və millətlərin taleyi ilə bağlı araşdırmalar arxa plana keçmişdi. Xüsusən, SSRİ-nin dağılmaq ərəfəsində də ölkədə hərc-mərcliyin hökm sürməsi, hətta silahlı qruplaşmaların mübarizəsi nəticəsində ölkədə qeyri-sabit vəziyyətin yaranması təbii olaraq mətbuatın da inkişafına maneələr törədirdi. Həmin vaxtlarda çətinliklə nəşr edilən qəzetlərə yaradılan bürokratik əngəllər əsl həqiqətin xalqa çatdırılmasına mane olurdu. O vaxtki hakimiyyətin jurnalistikaya, jurnalistlərə münasibəti hakimiyyətdə təmsil olunma səviyyələri ilə adekvat idi. Məhz bu hakimiyyətin dövründə jurnalistlərə qarşı sui-qəsdlərin planlaşdırılması, özbaşınalıq, mətbuat işçilərini təqib etmək sanki dəbə minmişdi. Hətta bəzi hüquq-mühafizə orqanlarına rəhbərlik edən şəxslər açıq-aşkar televiziyalara silahlı basqın etməkdən, canlı efirdən jurnalisti təhqir, təhdid etməkdən çəkinmirdi. Məmurlar istənilən jurnalist haqqında istədiyi qərarı verirdi və söz azadlığı, fikir prülarizmi kimi məfhumlar Azərbaycana yad meyarlara çevrilmişdi.
Sosialoq Natiq Qədirov deyir ki, müstəqilliyin ilk illərində Azərbaycan jurnalistikası məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya dayanmışdı. Ölkəyə başçılıq edən şəxslər nəinki vətəndaşların söz azadlığı hüququnu tanıyır, əksinə, imperiya dövründəki basqıların, senzuranın daha da gücləndirilməsinə şərait yaradırdılar. Mətbuatın inkişafına mane olmaq, azad sözü boğmaq üçün 1992-ci ildə yaradılan hərbi senzura yazılı mətbuatın vəziyyətini daha da ağırlaşdırdı. Milli maraqları maddiyə satanlar qorxurdular ki, onların əleyhinə hər hansı bir informasiyanın, əslində isə həqiqətin xalqa çatdırılması onların siyasi iflasına gətirib çıxaracaq. 1993-cü ilin aprel ayında senzuranın tətbiqinin miqyasının genişləndirilməsi və bütün informasiya yayımını əhatə etməsi haqqında verilən sərəncam məlumat azadlığını, jurnalistlərin sərbəst məlumat əldə etmək və yaymaqla bağlı peşə fəaliyyətini ciddi şəkildə məhdudlaşdırırdı. Sadalanan problemlər Azərbaycan mətbuatının bərbad hala düşməsinə gətirib çıxarmışdı. Belə bir şəraitdə Ümummilli lider Heydər Əliyevin xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi mətbuatın da inkişafında mühüm dəyişikliklərə səbəb oldu.
Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənəsinin davam etdirilməsinə yol açdı. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada da mətbuata verilən qiymət öz əksini tapdı: "Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir". 1998-ci ildə imzalanan "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərman ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir. Bu fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım sayıldı. Məhz bu Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. 1999-cu ilin sonunda qəbul olunan "Kütləvi informasiya vasitələri haqqında" yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması prosedurası asanlaşdırıldı. Ümummilli liderimiz Heydər Əliyevin mətbuatın inkişafı ilə bağlı tədbirləri davamlı şəkil aldı. 2000-ci ilin martında Ulu öndərin Sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı" təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı: "Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan jurnalistikasının inkişafında hər zaman xüsusi yeri olan şəxsiyyətlərdəndir. Ulu öndər Heydər Əliyev bir sıra qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarını dondurmaqla və sonradan bu borcları ləğv etməklə iqtisadi böhranın girdabında boğulan mətbu vasitələri xilas etdi. Bundan başqa, Ulu öndərimiz cəmiyyətdə jurnalistlərə münasibətin formalaşmasında mühüm rol oynadı. Şəxsi təşəbbüsləri ilə jurnalistlərlə, qəzetlərin baş redaktorları ilə keçirdiyi görüşlər Ümummilli liderimiz Heydər Əliyevi mətbuatın problemləri ilə daha yaxından tanış etdi. Bütün ölkə jurnalistləri Ulu öndəri ölkə başçısı kimi olmaqla yanaşı, həm də bir dost, onların zəhmətinə qiymət verən yaxın sirdaş kimi qəbul edirdi. Bunun nəticəsi idi ki, 2003-cü ildə Ümummilli liderimiz Heydər Əliyev Çingiz Mustafayev Fondu tərəfindən "Jurnalistlərin dostu" adına layiq görüldü. 2001-ci ildə kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşən Ulu öndər Heydər Əliyev demişdir: "Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi. Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik". Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınıb.
Hüquqşünas Alim Hüseynli qeyd edib ki, hazırda Azərbaycanda medianın azad fəaliyyəti üçün yaradılan şərait öz müsbət nəticəsini verməkdədir. Elə bu səbədən də ölkə mətbuatı öz üzərinə düşən marrifləndirici funksiyanı ən yüksək səviyyədə yerinə yetirə bilir: "Məlum olduğu kimi hazırda bütün dünyanı yeni koronavirus pandemiyası cənginə alıb. Dünya ölkələrinin sözügedən virusa qarşı apardıqları mübarizə heç bir nəticə verməyib. Nəticədə dünya iqtisadiyyatı xeyli zəifləyib, insan ölümünün sayı artıb. Azərbaycan da dünya ölkələrindən təcrid olunmadığından beynəlxalq aləmdə yaşanan çətinliklərdən kənarda qala bilməz. Etiraf edilməlidir ki, bu epidemiyanın mənfi təsirləri ölkəmizdən də yan keçməyib. Belə ki, ölkə iqtisadiyyatının inkişaf tempində sabitllik müşahidə olunmaqla yanaşı, virusa yolixanlar arasında ölüm halları qeydə alınıb. Nəticədə insanlar arasında qorxu və panika yaranmaq təhlükəsi artıb. Belə bir şəraitdə Azərbaycan mətbuatı üzərinə düşən vəzifəni şərəflə yerinə yetirməkdədir. Ölkədə ekstrimal şəraitin hökm sürməsinə baxmayaraq mətbuat yenə də iş başındadır. Etiraf edilməlidir ki, milli mətbuat koronavirusun yayılmağa başladığı dövrdən bu günə kimi vətəndaşlar üçün lazım olan bütün vacib məlumatların çatdırılmasında əlindən gələni edib. Koronavirusun təsiri, onun insan həyatı üçün təhlükəsi, virusdan qorunmaq yolları, bir sözlə, virusun yayılması zamanı insanların davranışı, onun yayılmaması üçün görülməli olan profilaktik tədbirlər barədə məlumatlar daim mətbuatın gündəmini təşkil edib. Mətbatımız eyni zamanda, koronavirusa qarşı dövlət tərəfindən aparılan mübarizə üsulları, hökumətin müəyyən etdiyi qayda və qadağaların tətbiqi, pandemiyanın ölkə iqtisadiyyatına vura biləcəyi ziyan, bu ziyanın aradan qaldırılması yolları, aztəminatlı və özünütəcrid dövrünü yaşayan insanlara ediləcək sosial yardımlar barədə dolğun və ətraflı məlumatların çatdırılmasında müstəsna rol oynamaqdadırlar. Məlum olduğu kimi belə ekstrimal vəziyyətlərdən daim sui-istifadə etmək arzusunda olan üzdəniraq sosial şəbəkə istifadəçiləri fəallaşırlar. Elə hazırda da insanları çaşdıran, vətəndaşları panikaya salan məlumatlar, qərəzli şəkildə hazırlanmış video-görüntülər paylaşan sosial şəbəkə istifadəçilərin sayı kifayət qədərdir. Belə bir şəraitdə insanlar təbii ki, doğru-düzgün məlumatı peşəkar mediadan almalıdır. İnsafən qeyd edilməlidir ki, Azərbaycan mətbuatının peşəkarlığı insanlar arasında panikanın yayılmasının qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Bəzən öz həyatlarını risk altına atan jurnalistlərimiz ən təhlükəli hesab olunan ərazilərdən məlumatlar çatrırır, dövlət rəsmiləri və peşəkar mütəxəssislərdən dəqiq məlumatlar ötürürlər".
Hüquqşünas hesab edir ki, mətbatımızın Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyənləşdirilmiş tövsiyə və tələblərin, Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın tələb və tövsiyyələrinin ictimaiyyətə dərhal çatdırılması, dövlət qurumlarının, ayrı-ayrı idarə, müəssisə və təşkilatların xəstəlikdən qorunmaq üçün həyata keçirdikləri fəaliyyəti təbliğ etməsi, biznes sturkturlarının, müxtəlif hüqiqi və fiziki şəxslərin, vətəndaşların üzləşdikləri maliyyə itkiləri və sair məhrumiyyətlərlə bağlı materialların hazırlanmasında həssaslıq nümayiş etdirməsi, hər hansı panikaya yol açan xəbərlərin qarşısının alınması, konkret faktlara istinadən məlumatların verilməsi nəticəsində ölüm faktı Avropa ölkələrindən dəfələrlə az olub. Dövlət başçısının şəxsi təşəbbüsünə dəstək olaraq cəmiyyətə mərhəmət, xeyirxahlıq kimi nəcib hisslərin, xalqımızın adət-ənənələrindən irəli gələn dəyərlərin aşılanması nəticəsində Koronavirusa Qarşı Mübarizə Fonduna yüz milyondan artıq vəsait toplanıb. Mətbuatımızın belə fədakarlığı ölkə vətəndaşlarının evdə oturmaqla baş verənlər barədə doğru və düzgün məlumat almalarında xüsusi əhəmiyyət kəsb edir. Bu isə ona dəlalət edir ki, milli mətbuatımız dövlətin və xalqın təhlükəsizliyi ilə bağlı məsələlərdə daim fədakarlıq nümayiş etdirib, bu gün də eyni funksiyanı icra etməkdə davam edir. Məhz bu kimi amillər müasir Azərbaycan mətbuatının yeni mərhələdə fəaliyyətinin əsasını təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.