Hörmətli yol polisləri, olmaz bu! Etməyin! Heç olmasa, öz rəislərinizi eşidin!- RƏFAİL BECANOV

Rəfail Becanov

Nazirlər Kabinteti yannda yaradılan Operativ Qərargahın qəbul etdiyi qayda və qərarların icrası hər bir qurum, vətəndaş üçün məcburidir. Çünki bu qərarlar birbaşa Prezidentin, Birinci Vitse-prezidentin nəzarəti altında qəbul edilir və məqsəd xalqı virusa kütləvi yoluxmadan qorumaq, onun sağlamlığının qayğısına qalmaq üçündür. Hər kəs də bu qərar və qaydaları anlayışla qarşılayır. Ancaq bəzi qurumlar sanki Operativ Qərargahın qərarlarına öz bildikləri düzəlişi edirlər. Kimlərsə sanki adamları daha çox sıxmağa və qəbul edilən qərarlardan narazı salmağa çalışır. Bu düşüncədə olan kimlər bilməlidir ki, qərar hamı üçündür və məcburidir. Qərarları mutasiyaya uğratmayın, ey Kimlərsə!..

- İnsanlar maska tapa bilmirsə, niyə hamıdan maska tələb edilməlidir ki? Hansı aptekdə var maska? Varsa, cərimə və xəbərdarlıq əvəzinə yerini deyin, insanlar gedib alsın. Çörək almağa gedən, aptekə gedən nə etsin bəs? Maska yoxdur, axı!

- Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev deyir ki, "jurnalist vəsiqəsi olan şəxslərin hərəkəti sərbəstdir və jurnalist ona məxsus olan və ya etibarnamə ilə idarə etdiyi avtomobil üçün ayrıca icazə almamalıdır". Dövlət Yol Polis idarəsinin mətbuat xidmətinin rəisi Kamran Əliyev də təsdiq edir ki, iş vəsiqəsi olan jurnalistin avtomobili üçün icazə almasına ehtiyac yoxdur Amma yol polisi kimi saxlayırsa, deyir avtomobilinə icazə yoxdur, ictimai nəqliyyatdan istifadə et. Hörmətli yol polisləri olmaz bu! Etməyin! Heç olmasa, öz rəislərinizi eşidin!

-Operativ Qərargahın qəbul etdiyi qaydalarda qeyd olunub ki, "Kütləvi İnformasiya Nümayəndələrinin hərəkəti sərbəstdir". Ardınca icaze-e.gov.az saytının təqdimatında deyilir ki, "jurnalistlər aptek və ya marketə zəruri ehtiyaclarını ödəmək üçün çıxan zaman icazə almalıdırlar".

- TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirir ki, "əlcəyi o zaman geyinmək lazımdır ki, əli yumaq və ya dezinfeksiya etmək mümkün olmasın". Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev söyləyir ki, əlcəksiz və maskasız gəzən şəxslər cərimələnəcək!

Belə olmaz, axı!

İcaze-e.gov.az saytı fəaliyyətə başlayır. Heç olmasa orada irəli sürülən tələblərə riayət edənləri ayın 5-dən etibarən incitməyin.

İndi bizim millət olaraq, məmur-xalq olaraq, iqtidar-müxalifət olaraq çiyin-çiyinə söykənmək və bütün dünyaya elan olunmayan "bioloji müharibə"dən qalib çıxmaq zamanımızdır!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31