"Məzmunsuz “not dəftəri”nizdən seçmələrlə oynamayın! İnsafınız olsun!"- ELÇİN MİRZƏBƏYLİ

Elçin Mirzəbəyli

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyir ki, mətbuat nümayəndələrinin öz aidiyyatı işləri ilə bağlı yaşadığı yeri tərk edən zaman icazə almalarına ehtiyac yoxdur, ancaq həmin şəxslər aptek və ya marketə zəruri ehtiyaclarını ödəmək üçün çıxanda icazə almalıdırlar.

Doğrusu, neçə gündür ki, bir çox məsələlərlə bağlı nə baş verdiyini anlamağa çalışıram, amma sağlam məntiq beynimdən keçənləri bloklayır... Maraqlıdır, görəsən hörmətli Ceyhun Salmanov nə dediyinin fərqindədir? Əgər fərqindədirsə, nə demək istədiyinin hüquqi və məntiqi izahını versin. Əgər media nümayəndəsi öz aidiyyatı işləri ilə bağlı yaşadığı yeri icazəsiz tərk edə bilirsə, o zaman onun yolüstü marketə, yaxud aptekə girməsinə nə mane olur?

Məsələn, təsəvvür edin, bizim redaksiyanın əməkdaşlarından biri marketlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara əməl olunub-olunmaması ilə bağlı reportaj hazırlamaq üçün ərzaq məhsullarının satıldığı super, yaxud hiper ticarət obyektlərindən birinə daxil olur. Qeydlərini aparır və fürsət var ikən evinə ərzaq məhsulları almaq istəyir. Amma... birdən cənab Ceyhun Salmanovun açıqlamasını xatırlayır və qanunlara əməl edən məsuliyyətli bir vətəndaş kimi dərhal marketdən çıxıb iş yerinə və ya evə qayıdır, 8103-ə SMS yollayır, müsbət cavab aldıqdan sonra yenidən dönür marketə...

Onsuz da gecə-gündüz bilmədən çalışırıq. Heç ailəmizin qayğıları ilə məşğul olmağa belə vaxtımız yoxdu. Tarıma çəkilən sinirlərimiz üzərində məzmunsuz "not dəftəri"nizdən seçmələrlə oynamayın! İnsafınız olsun!

#əvvəldüşünsonradanış

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31