Hamımız bir nəfər kimi karantin qaydalarına əməl etməliyik

Əlisahib Hüseynov: "Bu gün heç kim karantin qaydalarının sərtləşdirilməsindən şikayət etməməlidir"

Yeni koronavirus bəlası getdikcə ölkəmiz üçün də ciddi problemə çevrilməkdədir. Hər nə qədər dövlət və onun müvafiq qurumları, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargah vətəndaşların virusa daha çox tutulmaması üçün sərt tədbirlər həyata keçirilsə də, bəzi vətəndaşlarımız da bir o qədər məsələnin ciddiliyini nəzərə almayaraq məsuliyyətsiz davranış sərgiləyir və təkcə özlərini deyil, ətrafdakıları da böyük risqə atırlar. Nəticə etibarilə hər ötən gün Azərbaycanda koronavirusa yoluxanların sayında artım qeydə alınır.  Əgər virusun yayıldığı günlərdə yalnız Azərbaycana xaricdən gələn soydaşlarımızda bu tendensiya aşkar edilirdisə, indi artıq daxildə də onun yayılması halları müşahidə edilir.

Mövcud vəziyyəti nəzarətə almaq, vətəndaşların boş, mənasız yerə küçələrdə dolaşması, ictimai nəqliyyatdan istifadə etməsini minimuma endirmək üçün Nazirlər Kabineti yanında Operativ Qərargah daha bir mühüm qərar qəbul edib və həmin qərara əsasən aprelin 5-dən etibarən vətəndaşlar yaşadıqları mənzildən bayıra xüsusi icazə əsasında, telefon nömrələrindən göndərilən sms-ə verilən cavab ilə çıxa biləcəklər. Bəzi ağzıgöyçəklər, hər bir işdə hansısa mənfi tendensiya axtarmağa çalışanlar hökumətin bu qərarını da tənqid etmələrinə baxmayaraq əksəriyyətin mövqeyi ondan ibarətdir ki, qeyd edilən istiqamətində qəbul edilən bütün qərarlar, atılan addımlar vətəndaşlarımızın təhlükəsizliyi, onların sağlamlığının qorunmasına xidmət etdiyindən həmin qaydalara da birmənalı olaraq əməl olunmalıdır. Elə Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov da bu qənaətdədir. O, qeyd edib ki,  bu gün biz ikiqat müharibə şəraitindəyik. Bir yandan passiv formada davam edən Qarabağ müharibəsi ilə, digər tərəfdən isə koronavirusun yaratdığı müharibə vəziyyəti ilə üz-üzəyik: "Bildiyimiz kimi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu virusu pandemiya elan edib. Yəni ki, söhbət bütün bəşəriyyəti təhdid edən kütləvi bəladan gedir. Ancaq biz hazırda dünyanı cənginə alan bu pandemiyanın nə qədər davam edəcəyi ilə bağlı hələ ki, dəqiq, konkret bir fikir söyləyə, hər hansı bir proqnoz verə bilmərik. Açığı, indi önəmli olan heç bu pandemiyanın nə vaxt bitəcəyi məsələsi də deyil. Hazırda ən ümdə məsələ bu kritik günlərdə ölkə əhalisinin sağlamlığını qorumaq, koronavirusun vətəndaşlarımız arasında total şəkildə yayılmasının qarşısını almaqdır. Məhz bu məqsədlə də Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Bu qərargah ölkədə koronavirus infeksiyasının geniş yayılmasına qarşı təxirəsalınmaz tədbirlər həyata keçirir, vacib qərarlar qəbul edir, vətəndaşlar arasında maarifləndirmə işləri aparır. Bütün bu işlər xüsusi karantin rejimində həyata keçirilir". Partiya sədri qeyd edib ki, hökumətin bu istiqamətdə gördüyü işləri yetərli və səmərəli hesab edir: "Zənnimcə, görülən önləyici tədbirlər və sosial izolyasiya siyasəti hazırki situasiyaya tam uyğundur, adekvatdır. Pandemiya təhlükəsi artdıqca Operativ Qərargahın gərəkən önləyici tədbirlərin miqyasını genişləndirməsi və sərtliyini artırması da tamamilə normal qarşılanmalıdır. Hesab edirəm ki, bu gün heç kim karantin qaydalarının sərtləşdirilməsindən şikayət etməməlidir. Sadəcə olaraq hamımız bir nəfər kimi karantin qaydalarına əməl etməliyik. Əgər özümüzün, doğmalarımızın və millətimizin sağlamlığını, təhlükəsizliyini düşünürüksə, hökumətin atdığı addımlara anlayışla yanaşmalıyıq, hökumətin qərarlarına riayət etməliyik. Bu çətin günlərdə dövlətin siyasətini, Prezidentin qərarlarını sabotaj edənlər, ərzağın və digər zəruri vasitələrin qiymətini süni surətdə qaldırıb möhtəkirlik edənlər də sərt şəkildə cəzalanmalıdır. Koronavirusa qarşı mübarizə hər birimizdən vətəndaş məsuliyyəti tələb edir. Bu gün vətəndaş məsuliyyətimizi və həmrəyliyimizi nümayiş etdirməyin tam zamanıdır. Hamımız dövlətin gördüyü işlərə dəstək verməliyik. Mən əminəm ki, dövlətlə xalqın həmrəyliyi sayəsində biz bu sınaqdan da üzüağ çıxacağıq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31