Mais Səfərli: “Mən çox arzu edərdim ki, dövlətimizin dəstək proqramları peşəkar mətbuatımıza da şamil edilsin”
3 Aprel 2020 12:53 Sosial"Koronavirus təkcə insan həyatı və sağlamlığı üçün təhlükə yaratmır. O həmçinin iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlara da çox ciddi zərbələr vurur. Odur ki, ölkəmizdə insanların sağlamlığının, onların həyatının qorunması ilə yanaşı, iqtisadi və sosial itkilərin qarşılanması məqsədilə hökumətin atdığı addımların böyük əhəmiyyəti var". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mais Səfərlinin sözlərinə görə, məhz bu məsələlərlə bağlı ölkə prezidentinin sərəncamı ilə işçi qrupu yaradılaraq ən çox zərə çəkmiş sahələr müəyyən edilib: "Koronavirusdan zərə çəkmiş sahibkarlıq subyektlərinə dövlət dəstəyini nəzərdə tutan 10 proqram hazırlanıb. Həmin proqramlar təkcə sahibkarların itkilərini deyil, eyni zamanda muzdlu işçilərin sosial təminatını da dəstəkləyir. Azərbaycan bu sahədə ilk addım atan dövlətlərdən biridir. Bu insan həyatının, onun qayğılarının bizim dövlətimizin, prezidentimizin siyasətində prioritet istiqamət olduğunu əyani sübut edən məsələlərdir".
Bütün sadalananları nəzərə alaraq partiya sədri yeni təkliflə çıxış edib: "Mən çox arzu edərdim ki, dövlətimizin bu dəstək proqramları peşəkar mətbuatımıza da şamil edilsin. Bu gün ölkəmizdə fəaliyyət göstərən media qurumlarının, televiziya, radio əməkdaşlarının, çap və elektron medianın üzərinə böyük yük düşür. Ədalət naminə demək lazımdır ki, mediamız üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir. Bütün gün ərzində çalışan media təmsilçiləri bu gün ekstrimal şəraitdə də gerçək informasiyaların, təhlükəsizlik tədbirlərinin əhaliyə çatdırılmasında mühüm rol oynayırlar. Medianın əhalinin maarifləndirilməsi, insanlar arasında çaşqınlıq və panikanın qarşısının alınması, sosial şəbəkə plarformalarının məqsədyönlü şəkildə yaydığı dezinformasiyaların təkzib edilməsində rolu əvəzsizdir. Güman edirəm ki, əlaqədar dövlət orqanları bu məsələnin həllində də müsbət addımlar atacaqlar".