Söz və məlumat azadlığı dövlətin demokratik nailiyyətlərinin tərkib hissəsidir

Azərbaycanda azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunu sübut edir

Söz azadlığı cəmiyyətin bir üzvü olaraq hər bir fərdin özünüifadəsidir. Azadlığın dəf edildiyi mühitdə xoşbəxtlikdən və vətəndaş həmrəyliyindən söz belə gedə bilməz. Mətbuatın azadlığı hər bir ölkənin əsas demokratik göstəricisidir. Bu əsas amil cəmiyyətin rifahında əvəzsiz rol oynadığı kimi gələcək nəsillərin maariflənməsi istiqamətində də böyük töhfələr verə bilər. Bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizm yüksək səviyyədə təmin olunub. Bunu isə şərtləndirən ən vacib məqam qeyd edilən sahəyə diqqət və qayğının göstərilməsidir.

Müasir dövrdə Azərbaycanda mətbuat vasitələrinin siyasi plüralizmin təminində mühüm rolu onların ictimai həyatdakı proseslərin humanistləşməsindəki yerini daha da əhəmiyyətli edir. Bu, onunla bağlıdır ki, mətbuat vasitələrinin yalnız siyasi sistemin deyil, bütövlükdə ictimai sistemin inkişafında rolu getdikcə artmaqdadır. Bu, nəzərə alınaraq mətbuat vasitələrinin ümumdemokratik prosesin təşəkkülündəki mühüm rolu nəzərdən keçirilib. Azərbaycanda siyasi plüralizmin mövcudluğu üçün azad söz və azad KİV, çoxpartiyalı sistem, azad seçki, parlamentarizm, dövlətdən asılı olmayan ictimai təşkilatlar mövcuddur. Xatırladaq ki, tarixi nöqteyi-nəzərdən, plüralizm ideyası Avropaya 16-cı və 17-ci əsrlərin dini münaqişələrin nəticəsində tolerantlığın tədricən qəbul edilməsi ilə yanaşı meydana gəlib. Baxmayaraq ki, tolerantlıq və plüralizm fərdi anlayışdırlar, lakin onlar bir-birinə çox bağlıdırlar. Tolerantlıq plüralizmin bir şərtidir, yəni tolerant olmayan plüralizm yalançı, saxta plüralizmdir. Müasir mərhələdə Azərbaycanda KİV-lə bağlı qanunlar beynəlxalq standartlara cavab verir. Təsadüfi deyil ki, Azərbaycanda siyasi plüralizmin vacib elementlərindən olan tolerantlıq ən yüksək səviyyədədir. Hazırda KİV biliklərin və siyasi cəhətdən mühüm məlumatların yayılmasının başlıca daşıyıcısıdır.

Sivilizasiyaların bir-birini əvəz etdiyi, müasir dövrdə informasiya daşıyıcısı və yayıcısı kimi kütləvi informasiya vasitələrinin azadlığı əsl demokratik vətəndaş cəmiyyəti quruculuğunun başlıca şərtlərindən biri hesab edilir. Bunsuz vətəndaşların siyasi və ictimai həyatda daha fəal iştirakı üçün vacib olan informasiyanı əldə etməsi isə mümkün görünmür. Azərbaycan mətbuatı tarix boyu milli mənəvi dəyərlərin zənginləşməsində, milli özünüdərkin, mədəniyyətin formalaşmasında böyük rol oynamışdır. Media söz azadlığının tam həyata keçirilməsini təmin edir. Bu gün də dövlətin media siyasətinin başlıca məqsədi güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübünü çəkən medianın formalaşması və onun hüquqi bazasının inkişafı olmuşdur.

"Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu"nda göstərilir ki, hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır. Məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır. Məlumat azadlığının məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir. Məlumat azadlığından istifadə edilməsi qaydası Azərbaycan Respublikasının Konstitusiyası və ona müvafiq olaraq Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilir. Deməli, məlumat azadlığı üçün əsas təminat Azərbaycan Respublikasının Konstitusiyası və onun müvafiq qanunlarıdır. Məlumat azadlığının təmininin qanunvericilik tərəflərindən danışan zaman Avropa yurisdiksiyasına qoşulan dövlətimizin Avropa İnsan Hüquqları Konvensiyasını qəbul etməsini də qeyd etmək lazımdır. Çünki, bu konvensiyada da məlumat azadlığı məslələrinə xüsusi diqqət yetirilir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 10-cu madəsində ifadə və informasiya azadlığı təsbit edilib. Orada deyilir: "Hər bir şəxs ifadə azadlığı hüququna malikdir. Bu hüquqa öz fikrində azad qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir.

Dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Sevindirici haldır ki, artıq kütləvi informasiya vasitələri də məhz bu imkanlardan yararlanaraq öz müstəqil, azad fəaliyyətlərini davam etdirir, dövlətçilik, milli maraqlar prizmasından çıxış edirlər.

Müstəqilliyin əldə olunmasından keçən zaman kəsiyində Azərbaycanda söz və fikir azadlığı istiqamətində çox ciddi nailiyyətlərə imza atılıb. Heç şübhəsiz ki, müstəqillik dövründə mətbuatımızın inkişafı Ümummilli Liderimiz, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ilin 14 iyulunda Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi mətbuatın inkişafında əsaslı dönüş yaratdı. 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması, hər şeyi aydınlatdı. Məhz həmin dövrdə istər ədəbi, istərsə də mətbu sahədə yüksək irəliləyiş nəzərə çarpırdı. Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Ulu öndər Heydər Əliyev jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atdı. Azərbaycanda nəşr olunan çap mətbuatı, peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə seçilirdi. Artıq Azərbaycan mətbuatı uzun onilliklərlə qadağan olunan milli adət-ənənələrimizdən, milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən yazmağa başladı.

Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi mətbuatın da inkişafında mühüm dəyişikliklərə səbəb oldu. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənəsini davam etdirdi.

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada da mətbuata verilən qiymət öz əksini tapdı: "Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir".Ulu Öndər azad mətbuatın milli mənafelərə xidmət etməsi, milli ideologiyanın formalaşması, obyektiv, düzgün, ictimai rəyin yaradılması sahəsində ciddi addımlar atdı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanın beynəlxalq standartlara uyğunlaşdırılması, müstəqilliyinin və azadlığının təmin edilməsi sahəsində çoxşaxəli işlər gördü.

Bu gün Ulu Öndərin mətbuat və söz azadlığı sahəsindəki mütərəqqi siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün hərtərəfli şərait yaradılır. Jurnalistlərin peşəkarlığını artırmaq məqsədilə fərdi yazı müsabiqələri keçilrilir, qəzetlərə müxtəlif mövzularda qrantlar ayrılır, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün heç bir təmənna olmadan mənzillər verilir. Görülən bu tədbirlərin hamısı müstəqil mətbuatın inkişafına xidmət edir. məhz Prezident İlham Əliyevin mediaya diqqət və qayğısının nəticəsidir ki, jurnalist peşəsinin ictimai nüfuzu davamlı olaraq artır. Belə ki, jurnalistlərə fəxri adların verilməsi, Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün yaşayış binasının tikilməsi, obyektiv və qərəzsiz prinsiplər əsasında fəaliyyət göstərən media qurumlarının cəmiyyətin ictimai institutu kimi fəaliyyətinin təqdir edilməsi və sözügedən mətbuat subyektlərinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qiymətləndirilməsi nəticə etibarilə jurnalist peşəsinin ictimai nüfuzunun artmasına gətirib çıxardı. Bütün bunlar, eyni zamanda, cəmiyyətin digər institutlarının da diqqətini jurnalist peşəsinə yönəltmiş oldu. Bu isə jurnalistlərin peşə nüfuzunun artmasına müstəsna təsir edir.

Bu gün ölkəmizdə yüzlərlə mətbuat orqanı-qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidentinin sərancamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli mətbuat və jurnalistika günü kimi qeyd olunur.

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31