Hökumət koronavirus pandemiyasına çevik reaksiya verdi

Zərərin qarşısını almaq məqsədilə xüsusi proqram hazırlanıb

Dünya ölkələrinin iqtisadiyyatını çökdürən koronavirus pandemiyası Azərbaycanda da yan keçməyib. Hazırda sözügedən virusun milli iqtisadiyyata və insanların gündəlik sosial-iqtisadi həyatına göstərdiyi təsirlərin artımı müşahidə olunmaqdadır. Lakin sevindirici haldır ki, Azərbaycan hökuməti yaranmış vəziyyətə çevik reaksiya veriərək çoxsaylı qabaqlayıcı tədbirlər həyata keçirib. Xüsusilə, koronavirusun yayılma ehtimalının artması karantin rejiminin tətbiqi və sosial izolyasiya tədbirlərini zəruri edib. Eyni zanada, hökumət koronavirusun vura biləcəyi zərərin qarşısını almaq məqsədilə xüsusi proqram hazırlayıb. Həmin proqramda koronavirusun mənfi təsirinə məruz qalan hüquqi və fiziki şəxslərə dəstək müxanizmi əksini tapıb.  Pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılan İşçi Qrupun rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-yə müsahibəsində qeyd edib ki, bütün dünyada iqtisadi artım templəri səngiyib. Pandemiyanın təsiri altında enerji və səhm bazarlarında durğunluq yaranıb, dünya ölkələrində iqtisadi və maliyyə böhranı müşahidə edilir. Bu proseslər Azərbaycan iqtisadiyyatına da öz təsirlərini göstərməkdədir. Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkə Prezidentinin Sərəncamı ilə işçi qruplar yaradılıb. Nazir qeyd edib ki, hazırda Azərbaycan hökuməti vətəndaşlarımızın həyat və sağlamlığını qorumaq üçün şüurlu şəkildə iqtisadi fəallığın azalmasına gedir və iqtisadiyyatı, sahibkarlıq subyektlərini böhran şəraitində qorumaq və onun mənfi təsirlərini minimuma endirmək məqsədilə bu subyektlərin fəaliyyətinin məhdudlaşdırılmasına dəstək verir: "Hazırda hökumət məşğulluğun, maliyyə-bank sektorunun sağlamlığının qorunmasına, iqtisadi artımı yenidən bərpa etmək üçün gələcək addımlarla bağlı çevikliyin saxlanılmasına çalışır". M.Cabbarov vurğulayıb ki, pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılan İşçi Qrupun əsas məqsədi bu təsirlərin və belə təsirlərə məruz qalan sahələrin müəyyən edilməsi, iqtisadiyyata və sahibkarlığa dəstək paketinin formalaşdırılmasıdır: "İqtisadi bloka daxil olan qurumların birgə və intensiv fəaliyyəti nəticəsində bu işi qısa bir müddətdə əsasən yekunlaşdırmaq mümkün olub".

Məlumat üçün qeyd edək ki, prezident İlham Əliyev tərəfindən imazalanan "Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncama əsasən  pandemiyanın mənfi təsirləri altında olan və həmçinin bir sıra digər sahələrə də müxtəlif güzəştlər nəzərdə tutulur.  Konkret olaraq "Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara maliyyə dəstəyi proqramı"nda sözügedən paketdə biznesə vergi güzəştləri və imtiyazların verilməsi planlaşdırılır.  Burada da əsas məntiq ondan ibarətdir ki, güzəştlər hesabına ən çox mənfi təsir altında olan sahibkarlar və sferalar qorunsun, onların əlavə likvidlik təzyiqi ilə üzləşməsinə imkan verilməsin.

Sənədə əsasən həmçinin ipoteka kreditləri də dövlət tərəfindən dəstəklənəcək. Nazir müsahibəsində bildirib ki, sənədə əsasən orta müddətli dövrdə ölkənin yeni iqtisadi çərçivəsinin və yeni iqtisadi şəraitdə təkliflərin hazırlanması müəyyən edilib: "Bu baxımdan, koronavirus pandemiyasından sonrakı dövrdə tikinti sektoru iqtisadiyyatın yenidən sürətli inkişaf tempi üçün aparıcı sektorlarından biri olacaq. Bunun bir neçə səbəbi var. Bu səbəblər sektorun əmək tutumlu olması, tikinti sektoruna zəruri olan böyük həcmdə xammal və materialların ölkəmizdə istehsal olunması, eləcə də, tikinti sektorunun, bir qayda olaraq, "multiplikativ" effektə malik olmasıdır. Eyni zamanda, bu həm də sosial sahədir, çünki, vətəndaşlar yeni mənzillərə sahib olarkən bu onların rifah səviyyəsini qaldırır. Ölkədə həm sosial mənzil layihələri, həm də özəl sektorda tikinti uğurla həyata keçirilir. Bu baxımdan həmin sahələrin canlanması ölkə üçün çox vacibdir".

Göründüyü kimi president İlham Əliyevin göstəriş və şəxsi tapşırıqları əsasında koronavirus pandamiyasına qarşı lazım olan bütün tədbirlər həyata keçirilməkdədir. İnsan sağlamlığından tutmuş milli iqtisadiyyatın dayanıqlığının qorunub saxlanması, virusun iqtisadiyyata və əhaliyə vurduğu ziyanın aradan qaldırılmasına qədər bütün sahələrdə proqram xarakterli tədbirlər həyata keçirilməkdədir. Heç şübhəsis ki, bu tədbirlərlə koronavirusun ölkə iqtisadiyyatına və insanlara vura biləcəyi zərəri minimuma endirmək mümkün olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31