Gəncəbasar bölgəsinin xalçaçılıq tarixi öyrənilir

Gəncəbasar bölgəsinin xalçaçılıq tarixi öyrənilir

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Xalçaşünaslıq" sektorunun əməkdaşları Goranboy rayonunda  ekspedisiyada olublar.

Olaylar.az buldirir ki, sektorun müdiri, tarix elmləri doktoru, professor Vidadi Muradov aparılan tədqiqatların nəticələri barədə məlumat verərək bildirib ki, ekspedisiya sektorun "Gəncəbasar bölgəsinin xalçaçılıq tarixi" mövzusunda silsilə araşdırmaları çərçivəsində həyata keçirilib. Alim qeyd edib ki, Gəncəbasar xalçaçılığı ənənələri əsasən Gəncə şəhərində, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Şəmkir, Goranboy rayonlarında XIX əsrin ortları- XX əsrin əvvəllərində toxunan xovsuz və xovlu xalçalar, xalça məmulatları əsasında öyrənilir.

Professor V.Muradovun sözlərinə görə, Goranboy rayonunda yerləşən Faxralı kəndi Gəncəbasar bölgəsinin ən məşhur xalçaçılıq məntəqələrindən biri olub. Kənddə xalçaçılıq kütləvi xarakter daşıyan sənət sahələrindən biri idi. Ekspedisiya zamanı kəndin tarixi, etnoqrafiyası, adət-ənənələri, təsərrüfat və məşğuliyyət sahələri, o cümlədən xalçaçıları haqqında məlumatlar toplanılıb. Xüsusilə kəndin qədim qəbiristanlığı bu yaşayış məskəninin qədim tarixinin şahididir. Burada müxtəlif üslublarda işlənmiş sinə və baş daşlarına rast gəlmək mümkündür. Qəbirlərin əksəriyyətinin üzərində dəfn olunan şəxsin hansı sənət və peşə sahibi olduğu real piktoqrafik təsvirlərlə göstərilib. 

Professor V.Muradov institut əməkdaşlarının Gəncəbasar bölgəsinin digər tarixi kəndlərində də tədqiqat işlərini davam etdirəcəklərini və ekspedisiyanın nəticələri haqqında silsilə materialların hazırlanacağını bildirib.   

Qeyd edək ki, sektor yarandığı vaxtdan bugünədək Azərbaycan boyaqçılıq sənəti, Naxçıvan xalçaçılığı, Lənkəran-Astara bölgəsinin xalçaçılığı mövzularında tədqiqatlar aparıb. Tədqiqatların nəticələri Azərbaycan, rus, ingilis və ərəb dillərində nəşr olunan kitablarda əksini tapıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31