Atam “elçilərimə” 11 yaşım olduğunu dedi, hələ də bilmirəm, niyə...

Atam “elçilərimə” 11 yaşım olduğunu dedi, hələ də bilmirəm, niyə...

Analar, yalvarıram, rica edirəm, həyatınızı, yaşamınızı balalarınıza qurban verin

Ay analar, vallah da, billah da təpədən dırnağa kimi yanıram. Mən də anayam axı, özü də qız anası.

Elina özünü məktəbin pəncərəsindən atanda da, Gülər boğazına o ipi taxıb boğanda da ilk düşündüyüm bir şey vardı: ana hara baxırdı, ana hansı cəhənnəmdə idi?! Ana indi yanırmı, görəsən?!

Bir hadisə olan kimi deyirik ki, "cəmiyyətdir günahkar". Cəmiyyəti də günahlarla dolduran elə özümüzük. Sənsən, odu, mənəm.

Bəlkə də bu yazımdan sonra bütün cəmiyyət üstümə qılıncla gələcək, mənsə öz qalxanımla sizə qarşı çıxmağa hazıram. Hazıram, ta ki cəmiyyətimizi günahlarla dolduran Elina və Gülərin anası kimilərinə yanğımı çatdırana qədər.

Elina özünü atanda hamı dedi, "məktəbdir günahkar". Bir nəfər demədi ki, o körpə qız özünü atana kimi həyatında nələr olub. Nələr olub ki, o körpə intihar etmək qərarını alıb. Ana atadan ayrılır, ata özünə yeni arvad, ana isə özünə yeni ər tapır. Elina necə olur bəs?! Həmin ana və atanın özləri üçün yaratdığı həyat Elinanın darmadağın olmuş həyatı üzərində qurulur.

Bəlkə də ayrılıb, ikinci dəfə ailə quran minlərlə qadın, kişi bir ağızdan cumacaq üstümə və hətta ünvanıma milyonlarla söyüşlər yağdıracaq. Amma bunları etməmişdən əvvəl məni dinləyin!!!

Övladın varsa, hələ o övlad qız övladıdırsa, ANA özünə kişi axtarışına çıxmasın. Birinci dəfə ailə qurdun və gördün ki, kişi sən düşündüyün kimi deyilmiş. Sənin sözün onun boğazından keçmir, onun sözü sənin udlağına ilişir. Övladınız sizin bu çəkişmələrinizin içində üzülür... O zaman ayrılın, getsin. Amma ayrıldım, ondan yaxşısını tapacam, yeni uşaqlar doğacam, həyatımı davam edəcəm. Bax burda böyük bir STOP. ALINMAYACAQ!!! Nə tapdığın ər sənin övladını ata kimi sevəcək, nə də siz öz övladınıza əvvəlki qayğı və sevgini göstərəcəksiz.

Elina da öz anasının yeni həyatının qurbanı oldu. Ana deyilən insan bir dəfə soruşmadımı ki, səni incidən, səni yaralayan nələr var?! Əminəm ki, soruşmadı. Gülərin ölüm səbəbi də anasıdır.

Mənim yadımdadır ki, 17 yaşım olanda köhnəlmiş konspekt dəftərimi yeni dəftərə köçürürdüm. Atam boğazından kəsib, min bir əziyyətlə qazandığı pullarla məni hazırlığa aparırdı. Çünki oxumağı, öyrətməyi çox sevdiyimi bilirdi.

15 yaşım olanda atamın öz qohumlarından biri elçi gəldi bizə. Atamdan mənim yaşımı soruşanda atam dedi, "11 yaşı var". Həmin an indiki kimi yadımdadır, anam necə güldüsə, səsi bütün evə yayıldı. Atamın bir işarəsiylə anam bilmirəm, hara yoxa çıxdı.

Atam mənim oxumağımdan danışırdı ancaq. Həmin elçilər də ağız-göz büzürdülər və elə bir yandan deyirdilər ki, "qız nədir, oxumaq nədir" Atamsa elə hey "əsas oxumaq qıza gərəkdir" deyirdi. Nə isə "elçilərim" getdilər. Sonra anam atama dedi ki, "sən niyə qızın bəxtini bağlayırsan, 11 nədir, qızının 15 yaşı var". Atamsa anama dedi: "Az, düzmü deyirsən, Ülviyyənin 15 yaşı var?

Mən hələ də inanmırdım ki, atam yalandan demişdi yaşımı, yoxsa doğurdanmı hələ onun gözündə 11 yaşlı körpə qız idim. Anama qalsa, bəlkə elə həmin dəqiqə deyərdi ki, "alın, aparın qızı". İndi baxıram ki, cəmiyyətdə atam kimi atalar olsa, analar övladlarını mal kimi kimə gəldi, satmazlar. Başa düşürəm, ana da övlad toyu görmək istəyir, nəvə oynatmaq istəyir, amma hər yaşın öz dönəmi olduğu kimi, ərə getməyin də bir zamanı var, analar.

Gülərin də 17 yaşında konspektlər yazıb universitetə hazırlaşmaq vaxtı idi. Ana deyilən bəndə heçmi düşünmədi bunu? 17 il əziyyət çəkib uşaq böyüdən ana, necə bir günün içində "həri" verir. Bax, bunun üçün o qədər şeylər gəlib-gedir ağlımdan.

Yox əgər qız oxumaq istəmirsə, demək başqa nəyəsə marağı var. Heç olmasa, o marağın nə olduğunu araşdırın. Ana olaraq bunu edə bilmirsinizsə, heç olmasa, mütəxəssislərdən yardım alın. Bir şey etməyə çalışın ki, 17 il çəkdiyiniz əziyyəti bir neçə saatın içində kül etməyəsiniz.

Uzun zamandan sonra yazmağı mənə Gülər bala vadar etdi. Mənim də qızım var, özü də 4 yaşında. O doğulan gündən onunla söhbət edirəm. Mənim də çətinliklərim oldu, asan həyat yolu olmur, ancaq çətin yolları asanlaşdırmaq olur, mümkündür. Qadınlar hər bir çətinlikdən alnı açıq çıxa bilər, amma istərlərsə.

"Valideynlər savadlanmalıdır, maariflənməlidir", - o qədər işlədirik ki bu deyimi. Onlar da, sanki bizim dediklərimizin əksinə gedirlər. Nə savad, nə də marriflənmək onlarlıqdır. Heç olmasa, savadlı insanlardan kömək istəməyi bacarsınlar.

Atam mənim təhsil almağımı ona görə istəməmişdi ki, mənim dilim bir pillə yuxarı olsun, hansı ki, indiki insanların əksəriyyəti "təhsilin varsa və sən bir çox xarici dilləri bilirsənsə, demək hamıdan bir addım öndəsən", - deyə düşünür. Atam mənim təhsil almağımı ona görə arzu edirdi və hər zaman da deyirdi ki, "sənin təhsil almağın mənim gələcək nəvələrimin savadlı, ağıllı böyüyəcəyi deməkdir". İndi də qulağımdadır atamın dedikləri. Ona görə də hər zaman onun ruhunun bizə baxıb şad olduğunu bilirəm. Buna 100 faiz əminəm.

Analar, yalvarıram, rica edirəm, həyatınızı, yaşamınızı balalarınıza qurban verin. Nəyisə etməmişdən əvvəl düşünün, çox uzun düşünün: bu, balam üçün necə olar, onu etdiklərimlə yaralayarammı?!

Onu bilirəm ki, qızım öz anasıyla hər zaman fəxr edəcək və mən də onunla daim öyünəcəm. Çünki onun sayəsində mənim adım ANAdır.

Ayna.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31