Məhkəmədən Rüfət və Rəşadla bağlı – Qərar
Məhkəmədən Rüfət və Rəşadla bağlı – Qərar
8 May 2019 15:54 Sosial"Speys" televiziyasının efirində işlətdikləri ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bu gün Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, Rəşad İlyasov və Rüfət Axundova qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət əsassız olduğundan məhkəmə tərəfindən icraata qəbul edilməyib.
Rəşad İlyasovun vəkili Şahmar Məmmədov məhkəmənin verdiyi qərarın tam ədalətli olduğunu deyib.
Qeyd edək ki, aprelin 5-də Speys TV-də yayımlanan "Hər səhər" verilişində müğənni Rüfət Axundovla Rəşad İlyasov qonaq olub.
Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yaydığı məlumata əsasən, Rüfət Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib.
Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub.
MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, kanalın 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib.
Həmçinin televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək, Rüfət Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.
Daha sonra vətəndaş Rahim Sadıqlı Yasamal rayon Məhkəməsinə müraciət edərək hər iki müğənninin Cinayət Məcəlləsinin 148-ci (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanması tələb edib.
axar