Komitədə “Heydər Əliyev və Azərbaycanda uğurlu mülkiyyət islahatları: sosial-iqtisadi nəticələr və inkişaf meyilləri” adlı tədbir keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsində 8 may tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı illiyi ilə əlaqədar könüllülər və gənc kadrlar üçün "Heydər Əliyev və Azərbaycanda uğurlu mülkiyyət islahatları: sosial-iqtisadi nəticələr və inkişaf meyilləri" adlı tədbir keçirilib. Komitədən "Olaylar"a bildirilib ki, tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasından danışdı. Həmçinin vətəni və xalqı qarşısındakı misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə verdiyi taleyüklü qərarlardan və atdığı tarixi addımlardan söhbət açdı. Qeyd edildi ki, ulu öndər Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq tarixi dövrdə ölkəmizin iqtisadi tərəqqisi yüksək həddə çatdı, Azərbaycan keçmiş ittifaq miqyasında nüfuz qazandı, beynəlxalq səviyyədə tanındı. Ümummilli lider Azərbaycan Respublikasının gələcək inkişafını demokratik və dünyəvi dəyərlərə söykənən sistemlər üzərində qurdu.

Müstəqil Azərbaycanın yeni iqtisadi modelinin köklü mülkiyyət islahatları bazasında formalaşması zəruriliyini əsas götürən ulu öndər mülkiyyətin müxtəlif formalarının mövcudluğunu təsbit etdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Respublikasında əsaslı iqtisadi islahatlar aparıldı, o cümlədən mülkiyyət islahatları strategiyası hazırlandı, mülkiyyətin transformasiyası həyata keçirilməyə başladı. Bu istiqamətdə müvafiq normativ-hüquqi aktlar qəbul olundu və qanunvericilik bazası təkmilləşdirildi. Daha sonra könüllülər və gənc kadrlar üçün ulu öndərin dövründə həyata keçirilən mülkiyyət islahatlarından bəhs edən çıxışlar oldu. "Heydər Əliyev və torpaq islahatları", "Ümummilli lider Heydər Əliyev və Azərbaycanda mülkiyyət islahatları: dövlət əmlakının özəlləşdirilməsi - məqsədlər və nəticələr", "Heydər Əliyev: müasir əmlak idarəçiliyi və əmlak hüquqlarının səmərəli təminatı"  adlı təqdimatlar edildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31