Xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim-tərbiyəsində inklüziv təhsilin imkanları

Xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim-tərbiyəsində inklüziv təhsilin imkanları

"Bizim heç birimizin insan əzablarının yanından bizə aidiyyatı yoxdur deyə, onların qarşısını almadan ötüb keçməyə haqqımız yoxdur. Bu halda heç birimizin "mənə aid olmayan işlərə qarışa bilməzdim" sözlərilə özümüzü sakitləşdirməyəhaqqımız yoxdur. Həyat qarşısında səcdə etmək etikası insanlardan mövqe vəvəziyyətindən asılı olmayaraq, bütün insanların taleyinə maraq göstərməyi, öz insan hərarətini ehtiyacı olanlara verməyi tələbedir".

(Albert Şveyser)

İnsan dünyaya göz açdığı və özünü dərk etməyə başladığı andan təkamülə doğru inkişaf edir, nitqin formalaşması, müəyyən fiziki-əxlaqi normalara  riayət olunması, özünə, ətrafdakılara və cəmiyyətə adaptasiya  bu təkamülün ilk addımları olur. Ailədə valideynlərin, bağçada tərbiyəçilərin qayğısı, nəzarətinə qədər çox olsa da,  insan əqli, psixi və sosial cəhətdən  məktəbdə formalaşır. Məktəb hər bir uşağın həyatında  önəmli rol oynayır. Məktəbin uğuru isə təhsilin düzgün qurulmasından, təlim-tərbiyə prosesinin təşkilindən asılıdır.Azərbaycan Respublikasının Təhsil Qanununda göstərilir: "İrqindən, milli mənsubiyyətindən, dilindən, cinsindən, yaşından, səhhətindən, sosial maddi vəziyyətindən, fəaliyyət sahəsindən, ictimai mənşəyindən, yaşayış yerindən, dinə münasibətindən, siyasi əqidəsindən,həmçinin üzərində məhkumluğun olmasından asılı olmayaraq, vətəndaşların təhsil hüququna təminat verilir".

Məkan və zaman fövqündən asılı olmayaraq, təhsilin məqsədi bilik vermək, bu bilikləri təkmilləşdirmək,öz ictimai əhəmiyyətini təsdiq etmək, cəmiyyətdə müəyyən mövqe qazanma ilə müəyyənləşir. Lakin bu, hamıya eyni dərəcədə müyəssər olmur. Elə uşaqlar var ki, sağlamlıq imkanları yaxud fiziki qüsurları onlara hamı ilə birgə təhsil almağa imkan vermir. Belə uşaqlar üçün nəzərdə tutulan, onlara cəmiyyətdə özlərini bərabərhüququlu şəxsiyyət kimi hiss etməyə və formalaşmalarına  şərait yaradan təhsil inklüziv təhsil adlanır.

Xəstə yaxud qayğıya ehtiyacı olan uşaqların hüququ və vəzifələri dünya təcrübəsindəBMT-nin hüquqi aktlarında öz əksini tapmışdır: "İnsan hüquqlarının ümumi Bəyannaməsi"(1948), "Uşaq Hüquqları Bəyannaməsi" (1959), "Uşaqların hüquq və müdafiəsinin təmin edilməsinin ümumdünya Bəyannaməsi" (1990), "Əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılmasına dair standart qaydalar" (1993), "Salamankada inklüziv təhsilin inkişafı üçün  qəbul edilmiş Bəyannamə" (1994) buna misal ola bilər. Azərbaycanda inklüziv təhsilin icrasına  2005-ci ildən başlanmışdır. Nazirlər Kabinetinin 3 fevral 2005-ci  il qərarına əsasən təsdiq edilən "Azəbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramında, həmçinin TəhsilQanununda sağlamlıq imkanları məhdud olan uşaqların psixo-fiziki imkanlarının nəzərə alındığı təhsil məsələsinə toxunulur. Qanunun icrasının təmin edilməsi məqsədilə nazirlər Kabineti tərəfindən9 adda müxtəlif qərar, o cümlədən "İnteqrasiya  təlimli təhsil müəssisələrində təhsilin təşkili qaydaları" haqqında qərar qəbul edilib.

Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabineti "2011-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin "Dövlət Proqramı"nı təsdiqləyib. Qərarda deyilir ki,  proqramın əsas məqsədi ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə olunmuş dinamik inkişafa və davamlı tərəqqiyə əsaslanaraq, əlillərin tibbi-sosial reabilitasiyasını kompleks şəkildə həll etməklə onların sosial müdafiəsinin və son nəticədə cəmiyyətə fəal inteqrasiyasının təmin olunmasıdır.

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan - 2020: Gələcəyə Baxış Konsepsiyası"nda da göstərilir ki, xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanlarıməhdud uşaqlar üçün də müxtəlif inkişafetdirici, korreksiyaedici və inklüziv təhsil proqramları tətbiq ediləcəkdir.

Hərfi mənası ingiliscədən tərcümədə "daxil olma", "qoşulma"  olan inklüziya xüsusi qayğıya, dəstəyə ehtiyacı olan  uşaqların öz güclərinə inamını artırır, onların digər  uşaqlarla münasibətini stimullaşdırır. Məhz inklüziv təhsildə uşaqlar öz qabiliyyətlərini inkişaf etdirə bilir, bir-birlərinə mənəvi dayaq olur, ümumi ehtiyac onları bir nöqtədə, bir  çevrədə birləşdirir.

İnklüziv təhsil sağlamlıq imkanları məhdud uşaqların təhsili üçün imkanların yaradılmasına, dövlət himayəsində ̶ internat və uşaq evlərində olan uşaqların sosial müdafiəsinə diqqətin artırılmasına, məktəbyaşlı uşaqların  təhsildən kənarda qalmamasına, xüsusi təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının  müasir standartlara uyğunlaşdırılması istiqamətində yönələn təhsildir. Gözdən əlil, nitqi qüsurlu, eşitmə qabiliyyətindən məhrum uşaqların təhsili üçün xüsusi tip məktəblərdən əlavə, inteqrasiyalı təhsilli məktəblərdə və evlərdə təhsil mühiti üçün şərait yaradılmış, zəruri avadanlıqlar, aparatlar, cihazlar, əlil arabaları və s. ilə təminat onların reabilitasiyası ilə yanaşı, təhsilə yönəldilmişdir.

İnklüziv təhsildə hər şeydən əvvəl, fiziki yaxud əqli qüsurlu uşağın mövcud təhsil sisteminə uyğunlaşması, normal adaptasiya vacibdir. Bu alınmadıqda belə uşaqlar digər sağlam uşaqlarla ünsiyyət yaratmağa çətinlik çəkir, öz qüsurlarına görə çəkinir, özlərini cəmiyyətdən təcrid olunmuş hiss edirlər. Xarici görkəmində, nitqində, yerişində, davranışında yaxud eşitməsində qüsur olan uşağın  gülüş hədəfinə çevrilməsi yaxud tənəli  baxışlar altında sıxılması onu mənəvi cəhətdən elə  yaralayır ki, bu da uşaqda insanlara, yəni cəmiyyətə nifrət və küskünlük yaradır. İnklüziv təhsil bunların yaranmasının qarşısını alır.

İnklüziv təhsil təkcə sağlamlıq imkanları məhdud uşaqların savad alması ilə kifayətlənmir, onlara zəruri bilik, bacarıq və vərdişlər aşılamaqla yanaşı, cəmiyyətə alışdırır. Əksər hallarda əlil yaxud xəstə uşaqlar digər həmyaşıdlarından utanır, özlərini tənha, qüsurlu hiss edirlər. Bəzən valideynlərin də  onlara görə xəcaləti, onları hamıdan gizlətmək cəhdləri ikiqat zərbə olur. Halbuki bu uşaqlarda da digər sağlam uşaqlar  qədər bacarıq, qabiliyyət ola bilir. Görmə qabiliyyəti olmayan uşaq gözəl rəsmlər çəkir, rənglərin min bir çalarında təbiət təsvirlərini verə bilir, eşitmədən məhrum uşaq güclü musiqi duyumuna malik olur, əlil arabasına  ömürlük məhkum olan yaxud psixi inkişafı ləng gedənuşaqsa  nə isə qurmaq, yaratmaq  istəyir və bunu layiqincə bacarır.

Beləliklə, xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud, daha dəqiq desək, əlilliyə və anadangəlmə xəstəliyə düçar olan uşaqların təlim-tərbiyəsində inklüziv təhsilinimkanları aşağıdakılardan ibarətdir:

İnklüziv təhsil təkcə uşağın məktəbə getməsi demək deyildir, bu həm də uşaqların ictimaiyyətə uyğunlaşmasına şərait yaradır, onların emosional inteqrasiyasını təmin edir;

İnklüziv təhsil əlil və xəstə uşaqlara qapalı şəraitdə, özləri kimi xüsusi qayğıya ehtiyacı olan uşaqlarla deyil, hamı ilə bir yerdə təhsil almağa imkan verir;

İnklüziv təhsildə uşaqların psixoloji durumu və əqli inkişafı daim nəzarətdə olur, onlarla işin təşkili öncədən müəyyənləşdirilir;

Xüsusi qayğıya ehtiyacı olan uşaqların normal uşaqlarla birgə təhsili sağlam uşaqlarda da müsbət iradi keyfiyyətlərin formalaşmasına zəmin yaradır. Sağlam uşaqlar tolerantlıq, xeyirxahlıq, başqasının dərdini başa düşmək və ona yanmaq, yardım etmək kimi hislərə yiyələnirlər;

İnklüziv təhsil xüsusi qayğıya ehtiyacı olan uşaqların kiçik yaşlarından həyatda öz yerini tapmağa, özünütəsdiqə, ömürboyu faydalı olmağa stimul yaradır, gələcəkdə onların məşğulluq problemini aradan qaldırmış olur;

Inklüziv təhsil yalnız sağlamlıq imkanları məhdud olan uşaqları deyil, kimsəsiz, valideyn himayəsindən məhrum, çətin tərbiyə olunan, davranışında  problemlər olan, zərərli vərdişlərə meyil edən, hüquqları pozulan, zorakılığa məruz qalan uşaqları da əhatə edir;

Nəhayət, inklüziv təhsil hər bir valideynin usagı ilə bağlı yaşadığı və ömrünün sonuna kimi daşıdığı yükü - utanc, narahatlıq hissini aradan qaldırır, xüsusi qayğıya ehtiyacı olan əlil uşaqların hərtərəfli sağlam mühitdəböyümələrində onlara dəstək olur, məlumatlandırır, pedaqoji biliklərini artırır.

Nazilə Abdullazadə

pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Dövlət Pedaqoji Universiteti

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31