Sabiq millət vəkilinin yeni monoqrafiyası çapdan çıxıb

Hüquq elmləri üzrə fəlsəfə doktoru, professor, sabiq millət vəkili Cahangir Hüseyn Əfşarın “Fikir, düşüncə və mülahizələrim” adlı monoqrafiyası çapdan çıxıb

Hüquq elmləri üzrə fəlsəfə doktoru, professor, sabiq millət vəkili Cahangir Hüseyn Əfşarın "Fikir, düşüncə və mülahizələrim" adlı monoqrafiyası çapdan çıxıb. "OLAYLAR" xəbər verir ki, kitab Azərbaycanda İslam Həmrəyliyi İlinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilib.

Müəllifin 2016-cı ildə işıq üzü görən və Aprel döyüşlərində həlak olmuş əsgər və zabitlərimizin əziz xatirəsinə ithaf etdiyi "Fikir və düşüncələrim" monoqrafiyasının müəyyən mənada davamı olan yeni kitabda onun din-dövlət münasibətlərinin tarixi və müasir problemləri, demokratik dövlət quruculuğu və hüquqi dövlət məsələsi, dövlətçilik tariximizin bəzi problemləri haqqında mülahizələri əksini tapıb.

Dörd fəsildən ibarət kitabın birinci fəsli "Din və ictimai münasibətlər sistemi: tarix və müasirlik" adlanır. Burada din-dövlət münasibətlərinə, dünya dinlərinin keçdiyi inkişaf yoluna, onların müasir problemlərinə geniş şəkildə toxunulub, din-cəmiyyət münasibətləri mövzusunda uzun zamandan bəri mövcud olan bəzi təhriflər və subyektiv yanaşmalara münasibətdə fərdi baxış ortaya qoyulub. "Azərbaycanın dövlətçilik tarixinə bir nəzər" adlı ikinci fəsildə xronoloji ardıcıllıqla Azərbaycanda dövlətçilik ənənələrinin təşəkkül prosesi, onun ən mühüm aspektləri təhlil süzgəcindən keçirilib. Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil Azərbaycan Respublikasının yaranması, inkişafı kimi mühüm tarixi mərhələlərə xüsusi həssaslıqla yanaşılıb, onların dövlətçilik tariximizdəki, həmçinin xalqımızın siyasi şüurundakı yerləri faktlarla əsaslandırılıb. Fəslin bir bölməsi Güney Azərbaycan məsələsinə həsr olunub. Müəllif cənubdakı soydaşlarımızın 1828-ci il Türkmənçay müqaviləsindən indiyədək keçdikləri tarixi və mədəni inkişaf yoluna, onların müasir problemlərinə nəzər salıb.

Müəllif kitabın üçüncü fəslində "Dağlıq Qarabağ münaqişəsinin tarixi və müasir vəziyyəti"ndən söz açmaqla yanaşı, bir peşəkar hüquqşünas kimi onun optimal həll yolunun da qiymətləndirilməsinə çalışıb. Kitabın dördüncü fəslində müəllifin son illər dövri mətbuatda işıq üzü görmüş məqalə və müsahibələri, həmçinin onun haqqında yazılmış müxtəlif materiallar toplanıb.

Qeyd edək ki, bu günlərdə sabiq millət vəkili Cahangir Hüseyn Əfşarın 66 yaşı tamam olur. Biz də "OLAYLAR" olaraq professor Cahangir Hüseyn Əfşarı ürəkdən təbrik edir, ona yaradıcılıq uğurları arzulayırıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31