Ekoloji cinayətlərə qarşı mübarizə gücləndirilib
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları elektrik enerjisi ilə balıq ovlayan şəxslərə qarşı mübarizəni davam etdirir.
10 Aprel 2019 15:35 SosialSu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları elektrik enerjisi ilə balıq ovlayan şəxslərə qarşı mübarizəni davam etdirir. Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsindən "Olaylar"a verilən məlumata görə, idarə əməkdaşlarının keçirdikləri növbəti uğurlu tədbir zamanı kustar üsulla, yəni gərginlik artıran cihazla qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb. Ekoloji cinayətlərə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilən əməliyyat nəticəsində Qazax rayonunun 1-ci Şıxlı kəndi istiqamətində Kür çayının "Qarayazı" Dövlət Təbiət Qoruğunun ərazisindən keçən hissəsində Ağstafa rayon sakini Yusifov Məmməd Şəkər oğlu brakonyerliklə məşğul olduğu üçün Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsinin (XPM) əməkdaşları tərəfindən tutulub. Yoxlama zamanı ondan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd akkumlyator, 1 ədəd "domça" adlandırılan balıqovlama vasitəsi, ümumi çəkisi 6 kiloqram olan 37 ədəd xramulya balığı və digər əşyalar götürülərək su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb. Məmməd Yusifov tutduğu əməldən peşman olduğunu bildirib. Onunla aparılan profilaktiki söhbətlər zamanı balıq ovu ilə məşğul olmağın qanuni yolları izah edilib.Gücləndirilmiş iş rejimində işləyən Su Nəqliyyatında Polis İdarəsi, eləcə də, dənizdə olan reydlərini davam etdirir və dənizdə baş verən qanunsuz, sənədsiz, çirkli suların axıdılması və qanunsuz körpü salanlarla mübarizə aparır. Qeyd olunan çirkli su axıdılması faktı Bibiheybət qəsəbəsi, Zığ-2 körpüsündə qeydə alınıb və bununla bağlı Su Nəqliyyatında Polis İdarəsi tərəfindən müvafiq ölçü götürülüb.