Prezident seçicilərin etimadını artıqlaması ilə doğrultdu- Təhlil
10 Aprel 2019 14:31 SosialHeydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevin növbəti dəfə ölkə prezidenti seçilməsinin bir ili tamam olur. Dövlət başçısının ötən bir ildəki fəaliyyətinə nəzər yetirdikdə əminliklə deyə bilərik ki, İlham Əliyevin bir illik fəaliyyət dövrü kifayət qədər uğurlu olub. Bu uğurlar özünü Azxərbaycanın beynəlxalq aləmdəki yeri və rolunun möhkəmlənməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşması, daxili siyasi sabitliyin qorunub saxlanması fonunda özünü göstərib.
İlham Əliyevin bir illik fəaliyyət dövründə atmış olduğu addımlar, həyata keçirdiyi islahatlar birmənalı olaraq Azərbaycanın maraqlarının təmin olunması, vətəndaşların həyat şəraitinin yüksəldilməsinə xidmət etdiyindən ölkə vətəndaşları da dövlət başçısının fəaliyyətini yüksək qiymətləndirib, onu təqdir ediblər. Qeyd etdiyimiz məqam bu ərəfədə ölkədə keçirilən sosioloji sorğuların nəticələrində də özünü aydın şəkildə göstərir. Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl Fransanın "Opinion Way" şirkəti tərəfindən Cənab İlham Əliyevin bir illik prezidentlik fəaliyyəıtinin qiymətləndirilməsi məqsədilə ölkə ərazisində sorğu keçirilib. Sorğunun keçirilməsində məqsəd Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyəti dəyərləndirmək, prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahatlara, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək olub. Martın 1-dən 16-dək davam edən sorğuda 2 min nəfər respondent iştirak edib.
"Opinion Way" şirkəti tərəfindən keçirilən rəy sorğusunun nəticələrinə diqqət etsək görərik ki, Azərbaycan cəmiyyəti birmənalı olaraq Cənab İlham Əliyevin fəaliyyətini yüksək dəyərləndirir. Bu birmənalıdır ki, ölkə vətəndaşı üçün ilk növbədə onun yaşadığı məkanın ictimi-siyasi baxımdan sabit olması vacib şərtdir. Bu baxımdan əminliklə deyə bilərik ki, Azərbaycanda ictimai-siyasi vəziyyət qaneedici səviyyədədir. Artıq uzun illərdir ki, bu müsbət tendenasiya davam edir. Xüsusilə, son 15 ildə ölkədə ictimai-siyasi sabitliyin davamlı olması istiqamətində dövlət, dövlət başçısı tərəfindən məqsədyönlü addımlar atılıb, işlər görülüb. Bütün bu sadaladığımız amillər Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit qalmasını şərtləndirir. Burada maraqlı məqam ondan ibarətdir ki, ölkə vətəndaşları da ölkədəki ictimai-siyasi sabitliyi yüksək qiymətləndirirlər. "Opinion Way" şirkəti tərəfindən keçirilən sorğuda bu məqama xüsusi diqqət yetirilir və soğrunun nəticələrindən aydın olur ki, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi qiymətləndirib.
Azərbaycanda ictimai-siyasi sabitliyin mövcud olmasının əyani sübutu kimi dünyanın aparıcı təşkilat və qurumlarının mühüm toplantılarının məhz Bakıda keçirilməsi fonunda göstərə bilərik. Sirr deyil ki, heç bir beynəlxalq təşkilat və qurum qeyri-sabit ölkədə öz tədbirini keçirməz. Ancaq Azərbaycan bu mənada istisna təşkil edir. Elə müntəzəm olaraq ölkəmizdə keçirilən həmin tədbirlərin xarici ölkələrdən olan iştirakçıları da öz açıqlamalarında açıq şəkildə ifadə edirlər ki, Azərbaycan bu gün dünyada sabitlik adasıdır və hətta bu mənada nümunəvi ölkədir.
Azərbaycanın mövcud ictimai-siyasi sabitlik fonunda inkişaf etməsi də cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Nərəzə alsaq ki, bu uğurların təməlində düzgün idarəçilik, düşünülmüş siyasət dayanır, o zaman ölkəmizin inkişafının məhz İlham Əliyev amili ilə bağlı olduğunu söyləməyə heç bir şübhə qalmaz. İstər son 15 ildə, istərsə də bir illik fəaliyyət dövründə Azərbaycan cəmiyyəti olaraq bunun əyani şahidinə çevrildik. Elə buna görə də Azərbaycan cəmiyyəti İlham Əliyevin son bir ildə gördüyü işləri yüksək qiymətləndirir. "Opinion Way" şirkəti tərəfindən keçirilən sorğuda "Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz" sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verməsi də bunu təsdiqləyir.
Vətəndaşların dövlət başçısının həyata keçirdiyi siyasəti dəstəkləməsi təbiidir. Çünki yuxarıda da qeyd etdiyimiz kimi İlham Əliyevin prezidentlik dövründəki fəaliyyətinin əsas ana xəttini xalqın, cəmiyyətin mənafelərinə uyğun olan addımların atılması, iqtisadi və sosialyönümlü islahatlar həyata keçirilməsi təşkil edib. Ötən bir il ərzində minimuməmək haqqı, pensiya və müavinətlərin artırılması, sosial sahəni əhatə edən bir neçə proqramın qəbul edilməsi, cəmiyyətin həssas təbəqəsinə yönəlik mühüm qərarların qəbul edilməsi deyilənlərin sübutudur. Elə bütün bunların məntiqi nəticəsidir ki, "Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz" sualına sorğuda iştirak edənlərin 90,5 faizi bütövlükdə müsbət cavab verib.
"Opinion Way" şirkətinin keçirdiyi sorğuda vətəndaşlara verilən digər suallar və onların cavabları da kifayət qədər maraqlıdır. Nəticələrdən aydın olur ki, Cənab İlham Əliyevin xarici siyasət sahəsində atdığı addımlar, korrupsiyaya qarşı apardığı mübarizə, regionlara səfərləri, eləcə də Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarını təsdiq etməsi, həyata keçirdiyi islahatlar Azərbaycan cəmiyyəti tərəfindən birmənalı olaraq müsbət qiymətləndirilir. Bütün bunlar da onu deməyə əsas verir ki, Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyi altında bundan sonra da uğurlu inkişaf yolu ilə davam etməsinin tərəfdarıdır. Çünki Cənab İlham Əliyev hələ ilk dəfə dövlət başçısı seçiləndə verdiyi vədə yüksək səviyyədə əməl edərək xalqın etimad və etibarını qazanıb.
Elə sözügedən sorğuda da bu öz əksini tapıb. Belə ki, Prezident İlham Əliyevin seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə gəlincə respondentlərin bütövlükdə 75,6 faizi bu suala müsbət cavab verib.
İstər Cənab İlham Əliyevin ötən illərdəki uğurlu fəaliyyəti, istərsə də bu fəaliyyətə olan qiymət, xüsusilə də keçirilən rəy sorğularının nəticələri onu deməyə əsas verir ki, növbəti prezident seçkilərində belə Azərbaycan xalqının mütləq əksəriyyəti məhz Ona səs verəcək. Çünki İlham Əliyevin prezident kimi fəaliyyətində məhz xalqın maraqlarının ən yüksək formada təmin olunması dayanır.
Süleyman