NİZAMİ layihəsinin yekununa dair seminar keçirilib
Azərbaycan Dövlət Aqrar Universitetində NİZAMİ layihəsinin yekununa dair seminar keçirilib
10 Aprel 2019 13:48 SosialAzərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Avropa İttifaqının Təhsil, Audiovizual və Mədəniyyət İcra Agentliyi (EACEA) Ali Təhsil Sahəsində Bacarıqların Artırılması (Key Action 2) üzrə Erasmus+ proqramı çərçivəsində "Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və vahid Avropa ali təhsil məkanının tələblərinə uyğun strukturlaşdırılması" - NİZAMİ layihəsinin yekununa dair seminar keçirilib. "Olaylar" xəbər verir ki, seminarda ADAU-nun, Azərbaycan Texnologiya Universitetinin, Gəncə Dövlət Universitetinin, AMEA Gəncə Bölməsinin, Heyvandarlıq elmi-tədqiqat institutunun, Bitki Mühafizəsi və Texniki Bitkilər elmi-tədqiqat institutunun və Aqromexanika elmi-tədqiqat insitutunun nümayəndələri, 75 doktorant və dissertant iştirak edib.Seminarda çıxış edən natiqlər Azərbaycanda doktorantura təhsil sistemində aparılan məqsədyönlü islahatlardan danışıblar. Bu sahədə müasir dövrün çağırışlarından irəli gələn vəzifələri diqqətə çatdıran çıxışçılar bütün bunların yüksək ixtisaslı gənc kadrların hazırlanmasına yönəldiyini bildiriblər. Sözügedən layihənin Azərbaycan doktorantura təhsil sisteminə töhfə verəcəyini söyləyən natiqlər Avropanın aparıcı universitetlərinin bu layihədə iştirakının birgə təcrübə mübadiləsi aparmaq üçün geniş imkanlar yaratdığını qeyd ediblər.