“Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”- Təhlil

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı onun hər bir vətəndaşının həyatında özünü göstərməkdə, insanların rifah halının günü-gündən yaxşılaşmasına təkan verməkdədir. Ölkədə qaçqın və məcburi köçkünlərin, eləcə də müstəqilliyimiz uğrunda canından keçən şəhid ailələrinə də hər zaman yüksək qayğı göstərilir, dövlətimiz tərəfindən onların sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Məcburi köçkünlərə göstərilən diqqət  və qayğı  Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm tərkib hissələrindən biridir. Xatıtrladaq ki, Prezident İlham Əliyev bu il fevralın 26-da "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb. Qətiyyətlə demək olar ki, Azərbaycan şəhid ailələrinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərə görə öncül ölkələrdən sayılır. Məlumat üçün bildirək ki, son 15 ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Həmin müddətdə qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən çoxsaylı fərman və sərəncam imzalanıb, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" təsdiq edilib.

Bu istiqamətdə atılan mühüm addımlardan danışarkən Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirləri də vurğulamaq lazımdır. Artıq Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi inşa edilib. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilib. Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələri köçürülüb. Sumqayıtdakı 1005 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış binalarının da açılışı olub.

Qeyd edək ki, 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. İndiyədək 58 min 203 ailə və ya 300 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb ki, ondan da 54 min 203 ailə, yaxud 272 min nəfər son 15 ilin payına düşür. Təkcə 2018-ci ildə 5903 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Ümumilikdə bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manat vəsait xərclənib. Açılan yeni iş yerləri nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb.

Qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması üçün həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, ölkə ərazisində bütün çadır şəhərcikləri ləğv olunub, onların əvəzində yeni, müasir standartlara cavab verən evlər inşa edilib. Ümumilikdə isə, respublikanın ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün qəsəbələr salınıb. Lazımi infrastrukturla təmin edilən qəsəbələrdə məskunlaşan, əksəriyyəti torpağa bağlı olan məcburi köçkünlərin əkin-biçinlə məşğul olması üçün torpaq sahələri də ayrılıb

Aprelin 5-də Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi aprelin 5-də istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Prezident İlham Əliyev deyib ki, məcburi köçkünlərin problemlərinin həlli ən prioritet məsələdir. Bunu Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev məcburi köçkünlərlə görüşündə deyib.Yeni yaşayış kompleksinin açılışı münasibətilə məcburi köçkünləri təbrik edən dövlətimizin başçısı bildirib ki, burada yaşayış üçün ən yüksək standartlar yaradılıb. "Bu, bir daha göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır", - deyən Prezident İlham Əliyev vurğulayıb ki, məcburi köçkünlərin problemlərinin həlli ən prioritet məsələdir. Təkcə keçən il məcburi köçkünlər üçün 5 mindən çox mənzilin inşa edildiyini bildirən dövlətimizin başçısı deyib ki, bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək və ilin sonuna qədər minimum 6 min mənzilin istifadəyə verilməsi planlaşdırılır.

Xatırladaq ki, Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu göstərir. Qaçqın və məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Qaçqın və məcburi köçkünlərin maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb.

Bütün bunlara görədir ki, qaçqın və məcburi köçkünlərin Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsi olaraq tezliklə öz doğma torpaqlarına qayıdacaqlarına, Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyinə inamları daha da artıb. Onlar yaxşı bilirlər ki, dövlət başçısının uğurla reallaşdırdığı siyasət nəticəsində Ermənistan diplomatik sferada tam məğlubiyyətə uğrayıb, işğal altında olan ərazilərdən düşməni hər an geriyə atmağa qadir olan qüdrətli Azərbaycan ordusu yaradılıb. Azərbaycan Prezidentinin ətrafında daha sıx birləşən qaçqın və məcburi köçkünlərin özləri də zəbt olunmuş doğma torpaqlarının azad edilməsi üçün Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə hazırdırlar.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31