Nazirlikdə işçi komissiyası yaradıldı

Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanından irəli gələn vəzifələrin təxirə salınmadan icrasının təşkili ilə bağlı Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib.

Prezident fərmanının icrası məqsədilə

Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanından irəli gələn vəzifələrin təxirə salınmadan icrasının təşkili ilə bağlı Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən "Olaylar"a bildirilib ki, iclasda çıxış edən ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı tərəqqisini vurğulayıb, əhalinin rifahının yüksəldilməsinə, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə yönələn ardıcıl tədbirlərdən danışıb. Bildirib ki, imzalanan Fərman dövlətimizin başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir. Fərman bu sahədə islahatların dərinləşdirilməsini, yeni mərhələdə müasir çağırışlara uyğun və sistemli davam etdirilməsini şərtləndirməklə ədliyyə və məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyənləşdirən mühüm "yol xəritəsi"dir.

İclasda Azərbaycan Prezidentinin rəhbərliyi ilə ötən dövrdə aparılan islahatlar çərçivəsində ədliyyə və məhkəmə sisteminin inkişafı üzrə bir çox mühüm tədbirlərin həyata keçirildiyi, o cümlədən qanunvericiliyin təkmilləşdirildiyi, xüsusi dövlət proqramlarının qəbul edildiyi, ədalət mühakiməsinə əlçatanlığın asanlaşdığı, məhkəmə və ədliyyə infrastrukturunun yaxşılaşdığı qeyd olunub, məhkəmə-hüquq sistemində kompleks qanunverici, institusional və praktiki tədbirlərin görülməsini nəzərdə tutan dövlətimizin başçısının proqram xarakterli Fərmanı ilə Ədliyyə Nazirliyinin üzərinə mühüm vəzifələrin qoyulduğu vurğulanıb. Bununla əlaqədar kollegiyada dövlətimizin başçısının tapşırıqlarının vaxtında, dürüst və dönmədən icrasının təmin olunması, o cümlədən məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılması, bu sahədə süründürməçilik və sui-istifadə hallarına yol verilməsinin qarşısının qətiyyətlə alınması, "Elektron məhkəmə" və "Elektron icra" informasiya sistemlərinin geniş və səmərəli tətbiqi ilə bağlı konkret işlərin görülməsi müəyyənləşdirilib.

Eyni zamanda, məhkəmə qərarlarının icrasının sürətləndirilməsi məqsədilə bu sahədə qanunvericiliyin ətraflı təhlil edilməsi, Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının fəaliyyətinin müasirləşdirilməsi, mediasiya institutunun və beynəlxalq arbitraj prosedurlarının təşviqi, məhkəmə qərarlarının icrası və məhkəmə ekspertizası fəaliyyətinin alternativ mexanizmlərinin tətbiqi təcrübəsinin öyrənilməsi və müvafiq təkliflərin təxirə salınmadan hazırlanması diqqətə çatdırılıb. Kollegiyanın qərarına əsasən Fərmanın icrasının təşkili ilə bağlı xüsusi tədbirlər planı təsdiq olunub, aidiyyəti orqanlarla birgə müvafiq qanunvericilik layihələrinin hazırlanması üzrə əlaqələndirmə işçi komissiyası yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31