Masaj salonlarında nə baş verir?
8 Oktyabr 2018 13:33 SosialCəmiyyətdə neqativ halların göstəricisi, sayı getdikcə artır. Hər nə qədər meydana çıxan bu və ya digər neqativ hallara qarşı mübarizə aparılsa, administrativ üsullarla ölçü götürülsə də, yenə də ayrı-ayrı mənfi tendensiyalara rast gəlirik.
Son vaxtlar cəmiyyətimizdə geniş yayılan mənfi hallardan biri də paytaxtın müxtəlif yerlərində masaj salonlarının reklam edilməsidir. Ən təhlükəlisi isə odur ki, bu prosesə azyaşlı qız uşaqları cəlb edilir. Belə ki, azyaşlı qız uşaqları paytaxtın müxtəlif yerlərində bu və ya digər masaj salonunun reklamını əks etdirən vərəqələr yayırlar. Belə bir mənfi tendensiya ilə demək olar ki, hər addımda rastlaşırıq. Cəmiyyətin aparıcı təbəqəsi, ziyalı və maarifpərvər insanlar isə haqlı olaraq buna öz etirazını bildirir, belə mənfi hallara qarşı ciddi tədbirlərin görülməsinin zəruriliyini qeyd edirlər. Bu sırada maarifləndirmə işinin də zəruriliyi qeyd edilir.
Elə ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da bu qənaətdədir. İlahiyyatçı da təəssüf hissi ilə şəhərdə avtomobillə gedərkən azyaşlı qız uşaqlarının masaj salonlarının reklam ilə məşğul olduğu, balaca kağızlar vasitəsilə sözügedən salonların təbliğatının aparıldığını deyib. O, bildirib ki, bu mənfi hal artıq qanunverici orqanda da problem kimi qaldırılıb: "Bu məsələ Milli Məclisdə belə müzakirəyə çıxarılıb. Hörmətli millət vəkilimiz Fazil Mustafa həmin problemi qaldırıb və təklif edib ki, bu məsələ bələdiyyələrə həvalə edilməlidir. Çünki, bələdiyyələrin təkcə adı yox, eyni zamanda fəaliyyəti də olmalıdır. Həqiqətən də bələdiyyələr bu işlərdə fəal olmalıdırlar. Təkcə bələdiyyələr? Yox, bütün qurumlar. Şəxsən mən AMEA-da böyük elmi işçiyəm. Bir neçə kitab yazmışam. Araşdırmalarım var. Onları çap etdirib cəmiyyətə təqdim edə bilmirəm. Çünki, bələdiyyələrdən və digər daha vacib hesab edilən sahələrdə çalışanlardan, hətta bəzən ayda 500 manat maaş alan fəhlələrdən fərqli olaraq mən, hər ay 300 manata yaxın məvacib alıram. Bu məvacib mənim ailə büdcəmi təmin etməyimə bəs eləmir. Bundan əlavə isə mənim araşdırmalarımı və kitablarımı çap etməyə ayrıca xüsusi sponsur, hüquqi, fiziki şəxs belə mənə kömək etmir ki, kitabımı çap etdirə bilim. Qarabağ əlili olan atamdan kömək istəməyə məcbur oluram. Atam da indiyə qədər üzümü danlaya-danlaya 6 kitabımın çap olunmasına və.s. gücü çatan qədər kömək edib. Amma artıq 40 yaşına yaxınlaşıram. Mənim əlavə işlər görməyə imkanım və potensialım da var". Əkrəm Həsənovun sözlərinə görə, masaj salonları ilə bir ölkədə hansısa problem yaranırsa bunu təkcə bələdiyyələr həll etməməlidir: "Bununla yanaşı ciddi maarifləndirici tədbirlər də həyata keçirilməlidir. Yəni, bu probləmlə cəmiyyətin hər bir fərdi məşğul olmalıdır. Masaj salonlarına bu gün nəzarət olunmur. Səbəb budur ki, hər kəs pulunu alıb cibinə qoyur və cəmiyyətdə nəticə dəyişmir. Milli Məclisdə problemlər deyilir, nəticəsi görünmür. Yas yerləri ilə bağlı dəfələrlə Milli Məclisdə qərar qəbul olunur, problem deyilir, cəmiyyət bunları ciddi hesab etmir. İllərdir yas yerlərində israfçılıqdan danışılır, alimlər yazır, biz də öz mövqeyimizi deyirik. Yas yerlərimizdə yenə insanlar süfrələrində kifayət qədər israfçılıq edirlər. Səbəbi məlumdur. Buna görə müəyyən adamların cibinə kifayət qədər pul gedir. Onlar özləri üçün, öz övladları üçün yüksək şərait yaradılar. Yaxud qəbir yerlərinin sadə olması ilə bağlı problemlər deyilir, Milli Məclisdə müzakirə olunur, biz alimlər kifayət qədər saytlara, çevrəmizə bunun sadələşdirilməsinin dinə uyğun olduğunu deyirik. Ancaq insanlar, cəmiyyət bizi dinləmir. Səbəb də budur ki, bahalı mərmər ticarəti ilə məşğul olanlar lazım olan adamlara rüşvət verərək öz işlərini görürlər. Çünki, onlar da dolanmaq istəyir. İctimai yerlərdə, kafe və restoranlarda siqaret çəkilməsinin qadağan olunması ilə bağlı qanunverici orqanda qərar qəbul olunur. Sonra iş aidiyyatlı qurumlara həvalə edilir. Restoran, kafe işlədənlər bu dəfə nəzarət edən aidiyyatlı quruma, polisə pul verib öz restoranında, barında, kafesində siqaret çəkməyə icazə alır. Masaj salonları da belədir. Milli Məclis təkliflə çıxış edir, digər aidiyyatlı qurum gedib ordan müəyyən məbləğ alıb masaj salonlarında fahişəliyə icazə verir. Belə deməyim düzgün olmasa da hamı bir-biri ilə dolanır. İndi mən çox uzatmamaq üçün digər məsələləri qeyd etmək istəmirəm. Ancaq xahiş edirəm bu kimi məsələlərdə ciddi olaq. Bunun üçün bizim güclü potensiala sahib gənclərimiz var. Yəni, mən oxumuş, aydın, müəyyən maarifçilik işində olan mənim kimi gəncləri nəzərdə tuturam. Bizlər də bu dövlətin vətəndaşıyıq. Məmləkətimizin səhvlərini düzəltməkdə biz də əməyimizin olmasını istəyirik. Ancaq ola bilmirik. Səbəbləri çoxdur. Çünki, maarfçilik işi ilə bağlı potensiallı gənclərimizə kömək etmək istəmirik. Məsələn masaj salonlarına nəzarət yoxdur. Nəzarəti gücləndirmək və məsləhət bilinən aidiyyatlı quruma verilsə belə yenə də həmin aidyyatlı qurum bu barədə maarfləndirmə tədbirləri aparmalı və masaj salonlarını və.s. digər xidmətləri aparmağın ədəbləri onların idarəçilərinə öyrədilməlidir. Bu problemlərlə bağlı hamımız narahat olmalıyıq. Ən azından alınan pulun halal yeyilməsi üçün, onun haqqının verilməsi üçün ciddi cəhdlə çalışılmalıdır".
S.İsmayılbəyli