Nəsimi rayonunda növbəti “Abad həyət” sakinlərin istifadəsinə verildi
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən daha bir “Abad həyət” 2-ci mikrorayon H.Seyidzadə küçəsi 1,3 və 7 saylı binaların əhatə etdiyi məhəllədə sakinlərin ixtiyarına verilib
5 Oktyabr 2018 14:33 SosialNəsimi rayon İcra Hakimiyyəti tərəfindən daha bir "Abad həyət" 2-ci mikrorayon H.Seyidzadə küçəsi 1,3 və 7 saylı binaların əhatə etdiyi məhəllədə sakinlərin ixtiyarına verilib. "Olaylar" xəbər verir ki, bu ünvanda 3 beş mərtəbəli, bütövlükdə 12 bloklu, 180 mənzilli binaların fasadları, dam örtükləri və zirzəmiləri əsaslı təmir edilmiş, hər üç binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Məhəllədə genişmiqyaslı yaşıllaşdırma işləri aparılmış və həyətə 300-dən artıq həmişəyaşıl ağaclar əkilmişdir. Sakinlərin asudə vaxtlarını və istirahətlərini səmərəli keçirmələri üçün 3 söhbətgah və 20 ədəd oturacaq quraşdırılmışdır. Bu ünvandakı uşaqların da asudə vaxtlarını səmərəli keçirmələri üçün xüsusi əyləncə avadanlıqları, oyun elementləri və idman meydançası quraşdırılmışdır."Abad həyət"in xüsusi bir guşəsində həvəskarlar üçün asfalt üzərində böyük ölçülü şahmat lövhəsi yaradılmışdır.
Əhalinin ümumi istifadəsində olmalı olan, binaların həyətlərində özbaşına zəbt olunmuş ərazilərin çəpərləri sökülərək 9000 kv.m ərazidə asfaltlaşma və təmizlik işləri aparılmış, 500 metr bardyur qoyulmuş , mövcud ağaclar budanmış, səliqə-səhman yaradılmışdır. Yeni yaradılmış "Abad həyət"də 7 ədəd təhlükəsizlik kameraları quraşdırılmışdır.
Növbəti abad həyətin sakinlərin istifadəsinə verilməsinə həsr olunmuş tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirdi ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir, mikrorayonlarda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir. Asif Əsgərov qeyd etdi ki, son illərdə ölkəmizin hərtərəfli inkişafında əldə olunmuş yüksək dinamikaya uyğun olaraq, paytaxtın mərkəzi rayonlarından olan Nəsimi rayonunda da istehsalın artımında, quruculuq-abadlıq işlərinin genişlənməsində, önəmli sosial layihələrin sürətlə gerçəkləşdirilməsində nəzərə çarpacaq uğurlar qazanılmışdır. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hal-hazırda rayonunun ayrı-ayrı ünvanlarında binaların fasadları əsaslı təmir edilir və həyətlərində abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.