“Sərnişinlərin həyatına təhlükə yaradan sürücü və daşıyıcılar işdən kənarlaşdırılacaq” XƏBƏRDARLIQ

Bakı Nəqliyyat Agentliyi Pirallahı-Koroğlu metrostansiyası istiqamətində fəaliyyət göstərən 150 saylı marşrut xəttinin sürücüsü ilə bağlı şikayətə aydınlıq gətirib.

Məsələ ilə bağlı  açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, qaydaları pozan sürücü və həmin marşrut xətti üzrə daşıyıcı agentliyə çağırılaraq, sakinlərin narazılığı ilə bağlı araşdırma aparılaraq lazımı tədbirlər görüləcək.

O bildirib ki, sürücülər yanacaqdoldurma məntəqələrinə xəttə çıxmamışdan öncə istehsalat bazasında olarkən getməlidirlər: "Sürücülər xəttə olarkən yanacağın bitəcəyini görürsə, o zaman onlar sərnişinlər son dayanacağa çatdırmalı, daha sonra yanacaq doldurmalıdırlar. İstənilən halda, sərnişinlərlə birgə yanacaqdoldurma məntəqələrinə daxil olması qadağandır. Bu, onlarda inzibati məsuliyyət yaradır. Onunla bağlı inzibati tədbirlər nəzərdə tutulur. Əgər sürücü sərnişinlərlə birgə yanacaqdoldurma məntəqəsinə daxil olursa, çox təəssüf ki, yalnız sürücü cəza alır".

Onun sözlərinə görə, bu cür hallarda yanacaqdoldurma məntəqəsinin rəhbərliyi cəza almalıdır.

M.Ağayev qeyd edib ki, sürücülərin xəttə çıxmamışdan öncə tibbi müayinələrdən keçməsi daşıyıcıların üzərinə düşən məsuliyyətdir: "Onlar öz sürücülərini xəttə çıxmamışdan öncə tibbi müayinədən keçirməli, fiziki durumlarını öyrənməlidirlər. Cənab prezident tərəfindən avtobuslarla bağlı vəsait ayrılıb. Ölkəyə yeni, iri tutumlu və komfortlu avtobuslar gətirilib. Bu ilin sonuna qədər marşrutlar yeni avtobuslarla təmin olunacaqlar. Sərnişinlərin həyatına təhlükə yaradan sürücü və daşıyıcılar mərhələ ilə işdən kənarlaşdırılacaq. Biz dövlət qurumu olaraq onlara qarşı kifayət qədər liberal yanaşmışıq. Onlar buna qarşı adekvat olmalıdırlar. Əgər olmayacaqlarsa, o zaman müsabiqə yolu ilə daha yeni və komfortlu avtobuslar xəttə çıxarılacaq".

SIA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31