Flora Xəlilzadənin 65 illik yubileyi qeyd olundu
Azərbaycan Mətbuat Şurasının nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə mətbuatımızın görkəmli simalarından biri, Əməkdar jurnalist Flora Xəlilzadənin 65 illik yubileyinə həsr olunmuş mərasim keçirildi.
4 Oktyabr 2018 17:29 SosialAzərbaycan Mətbuat Şurasının nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə mətbuatımızın görkəmli simalarından biri, Əməkdar jurnalist Flora Xəlilzadənin 65 illik yubileyinə həsr olunmuş mərasim keçirildi.
Olaylar.az xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, millət vəkili Məlahət İbrahimqızı, professor Cahangir Məmmədli, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Milli Televiziya və Radio Şurasının sədr müavini, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, ATQB sədri Tənzilə Rüstəmxanlı, QHT rəhbərləri və media nümayəndələri iştirak edib.
Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbiri çıxış sözü ilə açan Əflatun Amaşov əməkdar jurnalistin Azərbaycan mediasında sahib olduğu önəmli rolu vurğulayaraq onun yaradıcılığına qısa nəzər salıb. O, Flora Xəlilzadənin böyük ziyalı, jurnalist və dəyərli şairə olduğunu, 22 kitabının işıq üzü gördüyünü xatırladıb.
Əflatun Amaşov Flora Xəlilzadəni diplomla təltif edib.
Sona Vəliyeva da Flora xanımı təbrik edərək, onun yaradıcılığından bəhs edib: "Flora xanımın bütün yaradıcılığı ilə tanışam. Flora Xəlilzadə "İctimai" televiziyaya gedəndə illərlə ürəyində yataratdığı arzusunu reallaşdırdı. Məhz dünyadan köçmüş şəxsiyyətləri yeni nəslə tanıtdır. Düşünürəm ki, bunu gənc nəsillər də davam etdirməlidir. Flora xanımın özünəməxsus dəsti-xətti var. Onun yazısında imzası olmasa belə, başlıqdan hiss etmək olur ki, müəllif Flora xanımdır".
KİVDF-nin icraçı direktoru V.Səfərli də Flora Xəlilzadəni təbrik edərək, onun xidmətlərinə görə dövlət tərəfindən mükafatlandırıldığını bildirib:
"Bu gün bizim üçün çox əziz gündür. Flora Xəlilzadə imzası hamıya tanışdır. Flora xanım uzun müddət qəzetlərdə, jurnallarda tanışıb. Onun əməyi dövlət tərəfindən, prezident tərəfindən qiymətləndirilib. "Tərəqqi" medalı ilə, Əməkdar jurnalist adı ilə təltif olunub. Eyni zamanda, xidmətləri nəzərə alınaraq, cənab Prezident İlham Əliyev tərəfindən mənzillə təmin edilib. Flora xanım düzü düz, əyrini əyri deyən adamdır. Arzulayıram ki, o, hər zaman belə gənc qalsın".
Cahangir Məmmədli Flora xanımın tələbəlik illərindən dərin ədəbi biliklərə malik olduğunu vurğulayıb: "Onun bütün kitablarına, yazılarına bələdəm. O, ziyalıların həyatını tam araşdırmadan efirə çıxmır. İşinə çox məsuliyyətli, peşəkar yanaşır. Onun ailəsini də çox gözəl tanıyıram, ziyalı ailədir".
Mədəniyyət Nazirliyinin nümayəndəsi nazir Əbülfəs Qarayevin əməkdar jurnalistin yubileyi ilə bağlı təbrik məktubunu səsləndirərək, Flora xanıma yaradıcılığında uğurlar arzulayıb.
Tədbirin sonunda Flora Xəlilzadə çıxış edib: "Məni dünyaya gətirən anamın ruhuna, orta məktəb müəllimlərimə, universitet müəllimlərimin ruhuna dualar oxuyuram. Mən Qərbi Azərbaycanda doğulmuşam, ermənilərin hansı dəhşətləri törətdiyini görmüşəm. Anamı ermənilər qətlə yetirdilər. O vaxtdan ad günü keçirməyi sevməmişəm. Bu gün buraya dəyərli insanlar gəlib. Bu, sevgidir. Bu sevgini qazanmaq gözəldir, hər biriniz var olun".
Nigar Orucova