Məni (bizi) düşündürən sual və suallar... - Elçin Hüseynbəyli
Elçin Hüseynbəyli Məni (bizi) düşündürən sual və suallar...
4 Oktyabr 2018 11:28 SosialElçin Hüseynbəyli
Məni (bizi) düşündürən sual və suallar...
Şəhərdə təzə kampaniya başlayıb. Bakı Şəhər İcra Hakimiyyətinin göztərişi ilə prospektlərə baxan balkonlarda paltar asmaq qadağan edilib. Gülməli işdir. Necə yəni paltar asma! Bəs, paltar harada qurumalıdır? Şəxsi mənzil sahiblərinə bunu necə qadağan etmək olar? Onunla razılaşmaq olar ki, mərkəzi prospektlərdə bunu eləmək arzu olunan deyil. Çünki oradan ali məqamlı qonaqlar keçir. Amma gözdən-könüldən uzaq Bakıxanov qəsəbəsində, yaxud prospektlərdən uzaq mənzillərin balkonlarında Mənzil İstismar idarələrinin, polislərin nə işi var? Onlar da məcbur olurlar ki, sakinlərlə üz-göz olsunlar. Polislər cinayətkarı tutmaq, xuliqanlıqla mübarizə aparmaq əvəzinə, bu işə cəlb edilirlər. Özləri də qapıları döyəndə xəcalət çəkirlər. Çünki onlar da yaxşı bilrilər ki, paltar açıq havada qurumalıdır. Binanın eksteryerinə kimsə ip çəkib, paltar asıbsa, buna söz yox, bəs adamların evlərinin içinə niyə girirlər. Belə çıxır ki, sabah adamlar evin içindən paltar asıb, pəncərələri açıq qoysalar, onları da gəlib kəsməlidirlər.
Hər kampaniyanın bir başlanğıcı olduğu kimi, bir sonu da olur, dostlar. Amma bütün bunlar kimə gərəkdi? İnsanların əsəblərilə oynamaq nəyə lazımdır? Bəlkə kimsə paltar qurudan maşınlarını xırıd eləmək istəyir.
Geridə qoyduğumuz ay BŞİH-dən daha bir tapşırıq gəlmişdi ki, kafe və çayxanaların açıq həyətində çay içmək, domino oynamaq olmaz. Niyə, qardaşım? Bura mənimdir, özəldir və heç kimə də mane olmur, yaşayış binasından uzqadır. Məzuniyyətdə, yay tətilində olanlar, pensonerlər niyə asudə vaxtlarında əylənməməlidirlər. Hamının pulu yoxdur axı, harın məmurlar kimi, öz bağlarına çəkilib, yaxud xarici ölkələrə gedib əylənsinlər.
İstanbul kimi şəhərdə hər balaca parkda, hər küçədə, hər kafenin qarşısında adamlar domino da oynayır, çay da içir. Nə oldu? İndi biz bu qos-qocaman dövlətdən ağıllı çıxdıq.
Bu, əsas məsləyə bir girişdir. Əsas məsələ isə odur ki, Bakı Şəhər İcra Hakimiyyəti bu xırda-məslələrlə məşğul olmaqdansa, insanların sosial-məişət qayğılarına diqqət götərsin. Nə qədər yol təmir eləmək olar. Adamlar yolsuzluqdan əsəb keçirilər, xəstəlik tapırlar. Şəhərə bir az artıq yağış yağan kimi adamlar yollarda qalırlar, gölməçələrdə üzürlər. Suçəkərlər, drinajlar olmadığına görə binların zirzəmilərini su basır, yayda üfunət əlindən dayanmaq olmur. Parklarda gəzən avaralar tum çırtlayıb, qabığını, az qala, adamın üzünə tüpürürlər, metroya, avtobusun oturacaqlarına saqqız yapışdırırlar.
Şəhərdə məhv edilən yaşıllıqlara sahib çıxmaq lazımdır, dostlar. Mənim yaşadığım "Neftçilər" metrosu ərazisində metronun üstündəki yaşıllıq zolaqladı məhv edilir, yerində kafelər, restoranlar tikilir. İndi maşınların yox, adamların tıxacı yaranıb. Hər addımda nəsə tikirlər. Adamların sakitliyi, dincliyi, istirahəti qulaqardına vurulur. Yayda işıqlar iki sutka sönəndə, sular kəsiləndə adamların aqibətinə baxmaq lazım idi. Küçə və həyətlərdəki ehtiyat su kranları da işləmirdi. Ağaclar, canlılar susuluqdan məhv olurdular. Bütün bunlar haqqında yazılandan, sakinlərin sərt narazılığını görəndən sonra həmin xətlərə su verilməyə başladı.
Post Patrul Xidməti, Yol Polisi sutka ərzində səsgücləndiricidən, əcaib-qəraib siqnallardan istifadə edib, camaatı yerindən oynadırlar.
"Koreyka" adlanan siqnallardan gün ərzində istifadə edib, adamların beyin-qulağını aparırlar.
Qulağımızın dibindəki "Vosmoy bazarı" it günündədir. Demək istəyirəm ki, problemlərimiz xirtdəyə qədərdi, dostlat. Qarabağ dərdini bu xalq hələ də çəkir.
Nəyi deyəsən, nəyi xatırladasan? Sanki heç kim heç kimin kitabını oxumur.
İndi də paltar iplərini kəsirlər. Necə deyərlər, bircə saqqal darağımız kəm imiş.
Əsas sual usə budur:
Adamları narazı salmaqla, görəsən, bu məmurlar kimə və nəyə xidmət edirlər?
Oktyabrın əvvəli, 2018